Azərbaycan və İran fövqəladə halların qarşısının alınması sahəsində uğurlu əməkdaşlıq edir

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də nazirliyin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilmiş “Xəzər-2015” komanda-qərargah təlimini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası daxili işlər nazirinin müavini, Böhranların İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov qonağı səmimiyyətlə salamlayıb, komanda-qərargah təlimini müşahidə etmək üçün ölkəmizə səfərə gəldiyinə görə təşəkkürünü bildirib. Nazir dostqonşu ölkələrimizin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uğurlu əməkdaşlığından məmnun olduğunu diqqətə çatdırıb.

İsmayıl Nəccar görüşə və müvəffəqiyyətlə keçən “Xəzər-2015” komanda-qərargah təlimini müşahidə etmək üçün dəvətə görə təşəkkürünü bildirib. Qonaq rəhbərlik etdiyi təşkilatın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığının daha da genişlənəcəyinə əmin olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2015.- 26 noyabr.- S. 5.