Bakıda ISESCO
Baş Konfransının XII sessiyasının
açılışı olub
Prezident İlham Əliyev
açılışda iştirak edib
Noyabrın
26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (ISESCO) Baş Konfransının XII
sessiyasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak ediblər.
Sessiyanın açılışında beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar iştirak ediblər.
Təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər üç ildən bir toplanır. ISESCO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş Konfrans zamanı təşkilatın fəaliyyət sahələrinə aid olan məsələlərlə bağlı əlaqələndirmə və qiymətləndirmə həyata keçirilir, qurumun növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir.
ISESCO-nun Baş Konfransının XII sessiyası “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.
Dövlətimizin başçısı sessiyada çıxış etdi.
Azərbaycan
Prezidenti İlham Əliyevin çıxışı
-Hörmətli cənab baş direktor.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir. Çox şadam ki, bu tədbir Bakıda, Azərbaycanda keçirilir. Əminəm ki, qonaqlar ölkəmizin keçmişi, reallıqları ilə tanış olmaq üçün gözəl imkanlar əldə edəcəklər.
Son illər ərzində ISESCO dünya miqyasında çox önəmli beynəlxalq təşkilata çevrilibdir. ISESCO-nun əsas vəzifəsi İslam aləmində elmin, təhsilin inkişafıdır, İslam aləminin zəngin mədəni irsinin qorunmasıdır. ISESCO bu sahədə çox böyük uğurlara nail olubdur. Eyni zamanda, bu gün dünya miqyasında beynəlxalq təşkilatlar arasında da ISESCO-nun öz yeri var. Qeyd etdiyim kimi, son illər ərzində baş direktor cənab əl-Tuveycrinin rəhbərliyi ilə ISESCO dünya miqyasında çox önəmli və böyük nüfuza malik olan təşkilata çevrilibdir.
Biz Azərbaycanda daim çalışırıq ki, ISESCO-nun nüfuzu daha da artsın. Azərbaycan ISESCO-nun fəal üzvlərindən biridir. Bizim Bakıda keçirilmiş bir çox tədbirlərdə ISESCO təmsil olunur, cənab əl-Tuveycri Azərbaycana tez-tez səfərlər edir. Bakı şəhəri 2009-cu ildə ISESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz Naxçıvan layiq görülüb. Bu, ISESCO tərəfindən Azərbaycana, Azərbaycan mədəniyyətinə və bu gün Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir.
Onu da qeyd etmək istəyirəm ki, yaxın zamanlarda Bakıda ISESCO-nun regional mərkəzi yaradılacaq. Azərbaycan dövləti bu mərkəzin yaradılması üçün bütün lazımi tədbirləri görür. Əminəm ki, bu mərkəz öz fəaliyyəti ilə həm regionda, həm ümumiyyətlə, İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün fəal yol oynayacaqdır.
ISESCO Azərbaycanı daim dəstəkləyir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində ISESCO daim Azərbaycanın mövqeyini, yəni, haqq-ədaləti açıq şəkildə dəstəkləyir. Cənab əl-Tuveycrinin çoxsaylı çıxışlarında bu məsələ ilə bağlı birmənalı mövqe nümayiş etdirilir. Buna görə biz ISESCO-ya minnətdarıq, bütün müsəlman aləminə minnətdarıq.
Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, öz həllini tapmır. Uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınmış ərazimizin 20 faizi erməni işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər Xocalı soyqırımı törətmişlər. Bu gün 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyır. Ermənistan bütün beynəlxalq hüquq normalarını kobudcasına pozur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır ki, orada erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. İyirmi ildən çoxdur ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası da oxşar qərar və qətnamələr qəbul etmişlər. Yəni, beynəlxalq hüquq tam şəkildə Azərbaycan mövqeyini dəstəkləyir. Eyni zamanda, tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Ona görə həm tarix, həm beynəlxalq hüquq ölkəmizin mövqeyini dəstəkləyir və bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini tapa bilər.
Onu da qeyd etməliyəm ki, ATƏT işğal edilmiş ərazilərə iki dəfə missiya göndərmişdir. Missiyaların məruzələri göstərir ki, işğal edilmiş torpaqlarda hər şey - bizim şəhərlərimiz, kəndlərimiz, tarixi, dini abidələrimiz dağıdılıb. Ermənilər işğal edilmiş torpaqlarda 10 məscidi dağıdıblar. Bu, vəhşilikdir. Bu, İslam mədəniyyətinə qarşı terrorizmdir. Bir daha qeyd etmək istəyirəm ki, ISESCO bu məsələdə Azərbaycanın haqlı işini daim dəstəkləyir.
Onu da qeyd etməliyəm ki, erməni terror təşkilatları 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-dan çox terror aktı törətmişlər. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olmuşdur. Biz dəfələrlə bəyan etmişik ki, terrorizmin nə milləti, nə də dini var. Əfsuslar olsun ki, son vaxtlar bəzi Qərb dairələri, media nümayəndələri İslamı terrorla bağlamaq istəyirlər. Biz bu çirkin əməlləri qətiyyətlə pisləyirik. İslam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir. Biz İslam dəyərlərini dünyaya təqdim etmək üçün Azərbaycanda fəal iş aparırıq. Azərbaycan o ölkələrdəndir ki, dünyanın ən məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal rol oynamış, öz maliyyə töhfəsini vermişdir.
Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilmişdir. Biz islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparırıq. Ən yüksək səviyyədə - Prezident səviyyəsində bəyanatlar verilib. İslamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir. Gələcəkdə sivilizasiyalararası münaqişələrə gətirib çıxara bilər. Ona görə, həm ölkə daxilində, həm xaricdə biz İslam mədəniyyətini təbliğ edirik. Dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın təşkilatçılığı ilə mütəmadi qaydada sərgilər, təqdimatlar, mədəni proqramlar təşkil edilir. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bizim təşəbbüsümüz ilə Bakıda artıq bir neçə dəfə Beynəlxalq Humanitar Forum keçirilmişdir. Üç dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Dünya dinlərinin liderlərinin Zirvə görüşü keçirilmişdir. Gələn il BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcəkdir. Qeyd etməliyəm ki, bütün bu tədbirlərdə ISESCO fəal iştirak edir. Budur bizim dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfəmiz.
Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycanda heç vaxt milli, dini zəmində qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır.
Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi
var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai
xadimlər öz çıxışlarında daha da diqqətli
olmalıdırlar. Çünki
multikulturalizmin alternativi yoxdur. Alternativ
ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır,
ksenofobiyadır. Bu, gələcəyə
aparan yol sayıla bilməz. Ona görə,
biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə
dinlərarası münasibətlərin gücləndirilməsi
üçün çalışırıq və
çalışacağıq.
Azərbaycan zəngin tarixə malik olan bir ölkədir. Əminəm ki, qonaqlar
Bakının qədim tarixi abidələri ilə tanış olacaqlar. Azərbaycan İslam həmrəyliyinin
gücləndirilməsi, İslam dəyərlərinin
müdafiəsi üçün beynəlxalq müstəvidə
fəal iş aparır.
Onu da qeyd etməliyəm ki, Azərbaycan gənc müstəqil
dövlətdir. Cəmi 24 ildir ki, biz müstəqil
dövlət kimi yaşayırıq. Sovet
dövründə Azərbaycanda cəmi 17 məscid var idisə,
bu gün məscidlərin sayı 2 mindən çoxdur.
Biz fəxr edirik ki, dünyanın ən qədim
məscidlərindən biri - 743-cü ildə tikilmiş
Şamaxı məscidi Azərbaycanda yerləşir. Bu yaxınlarda məscid əsaslı şəkildə
təmir edilibdir və bu gün həm dini abidədir, həm
də memarlıq abidəsidir. Ona görə,
bu məsələlərdə əlbəttə ki, beynəlxalq
təşkilatların, aparıcı siyasətçilərin
rolu kifayət qədər böyükdür - xüsusilə
indiki şəraitdə, çox həssas vaxtda. Əfsuslar olsun ki, dünyada münaqişələr
daha da alovlanır, qarşıdurmalar daha da çoxalır.
Azərbaycan öz tərəfindən
çalışır ki, humanitar əməkdaşlıq
risklərin azaldılmasına gətirib çıxarsın.
ISESCO-nun bilavasitə məşğul olduğu sahələr
də Azərbaycanda uğurla inkişaf edir. Qeyd etdiyim
kimi, bizim çox zəngin tarixi irsimiz, qədim mədəniyyətimiz
var. Bizim bütün mədəni abidələrimiz dövlət
tərəfindən qorunur. Təhsilə
böyük diqqət göstərilir. Azərbaycanda
savadlılıq təxminən 100 faizə
çatıbdır. Elmin inkişafına
böyük diqqət göstərilir. Elmin
inkişafı üçün əsaslı işlər
görülür, vəsait ayrılır. Elmin İnkişafı Fondu yaradılıbdır.
Azərbaycanda yeni texnologiyalar inkişaf edir.
O cümlədən bir neçə il
bundan əvvəl Azərbaycan dünyanın o qədər də
böyük olmayan kosmik klubuna üzv olub. Azərbaycanda
kosmik sənaye sürətlə inkişaf edir. Çünki hər bir ölkənin gələcəyi
elmin, təhsilin səviyyəsindən asılıdır, gələcəkdə
daha da böyük dərəcədə asılı
olacaqdır. Çünki ölkələrin
inkişafını şərtləndirən əsas yeni
texnologiyalardır, innovasiyalardır, elmin inkişafıdır,
təhsilin səviyyəsidir. Biz bu sahəyə
çox böyük diqqət göstəririk. Hesab edirəm
ki, Azərbaycanın əldə etdiyi təcrübə bəzi
ölkələr üçün maraqlı ola
bilər.
Bu il Bakıda tarixdə ilk dəfə olaraq Avropa
Oyunları keçirilmişdir. Onu da qeyd etməliyəm
ki, Avropa Oyunları Azərbaycanda Olimpiya Oyunları səviyyəsində
keçirilmişdir. Altı mindən
çox idmançı, minlərlə qonaq ölkəmizə
gəlmişdir. Qısa müddətdə - cəmi iki il yarım ərzində bütün
hazırlıq işləri görüldü və bu Oyunlar
tarixə ən gözəl, ən mötəbər, yaxşı
təşkil edilmiş Oyunlar kimi daxil oldu. Birinci
Avropa Oyunlarının müsəlman ölkəsində
keçirilməsi, hesab edirəm ki, sadəcə olaraq idman məsələsi
deyil. Bu, eyni zamanda, dediyim kimi, bizim
multikulturalizmə, dinlərarası, millətlərarası
münasibətlərə verdiyimiz dəyərli töhfə
olmuşdur. İki ildən sonra - 2017-ci ildə
isə Bakıda İslam Həmrəylik Oyunları
keçiriləcəkdir. Cəmi iki il
ərzində Azərbaycanda həm Avropa Oyunları
keçirilib, həm də İslam Həmrəylik Oyunları
keçiriləcəkdir. Bax, bu iki hadisə əslində
Azərbaycanın hansı mövqelərə malik olduğunu əyani
şəkildə göstərir.
Biz 2008-ci ildə “Bakı prosesi”nə təkan verdik. O vaxt Azərbaycanın təşəbbüsü
ilə Bakıda keçirilən Avropa Şurasına üzv
ölkələrin mədəniyyət nazirlərinin
toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin mədəniyyət nazirlərini dəvət
etdik. Çünki Azərbaycan həm Avropa
Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının
üzvüdür. Bu, birinci belə
toplantı idi. Ondan sonra 2009-cu ildə
İslam Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin mədəniyyət nazirlərinin
toplantısına biz Avropa Şurasına üzv ölkələrin
nazirlərini dəvət etdik. Yəni, bu
prosesə “Bakı prosesi” adı verilibdir. Dünyada
artıq “Bakı prosesi” özünəməxsus rol
oynayır. Yəni, biz
çalışırıq ki, bütün bu məsələlər
tənzimlənsin, dünyada daha da böyük anlaşma
olsun, qarşıdurmaya yol verilməsin, insanlar rahat, sülh, əmin-amanlıq
şəraitində yaşasınlar.
ISESCO-nun Baş Konfransının XII sessiyasının
Bakıda keçirilməsi qeyd etdiyim kimi, ölkəmiz
üçün çox böyük hadisədir. Əminəm
ki, qonaqlar burada səmərəli işləyəcəklər.
Burada müzakirə olunan məsələlər
gələcəkdə həm İslam həmrəyliyini
gücləndirəcək, humanitar sahədə görülən
işlərə daha böyük təkan verəcək, eyni
zamanda, dünya miqyasında qarşılıqlı
anlaşmanın dərinləşməsinə xidmət
göstərəcəkdir.
Mən çıxışımın sonunda bir daha Azərbaycan
xalqının böyük dostu cənab əl-Tuveycrinin fəaliyyətini
xüsusi qeyd etmək istəyirəm. Cənab əl-Tuveycri
həm ISESCO-nun rəhbəri, həm də ictimai xadim kimi
dünyada çox böyük rol oynayır, Azərbaycanı
dəstəkləyir. ISESCO-nun bu səviyyəyə
qalxmasında onun xüsusi xidmətləri var. Mən istəyirəm
ki, bugünkü toplantıda qonaqların iştirakı ilə
gözəl missiyanı icra edim. Cənab əl-Tuveycri
mənim Sərəncamımla Azərbaycanın dövlət
ordeni olan “Dostluq” ordeni ilə təltif edilibdir. İstəyirəm bu gün bu toplantıda bu ordeni
ona şəxsən özüm təqdim edim.
X X X
Prezident İlham Əliyev “Dostluq” ordenini ISESCO-nun baş
direktoru Əbdüləziz Osman əl-Tuveycriyə təqdim
etdi.
X X X
ISESCO-nun
baş direktoru Əbdüləziz Osman əl-TUVEYCRİ
çıxış edərək dedi:
- Qadir Allahın adı ilə.
Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev.
ISESCO-nun hörmətli xoşməramlı səfiri,
birinci xanım Mehriban Əliyeva.
Zati-aliləri ISESCO-nun XXI Baş Konfransının sədrinin
nümayəndəsi.
Zati-aliləri ISESCO-nun İcraiyyə Şurasının
sədri.
Zati-aliləri nümayəndə heyətlərinin rəhbərləri.
Zati-aliləri nümayəndə heyətlərinin
üzvləri.
Hörmətli baş direktorlar, beynəlxalq təşkilatların
üzvləri.
Hörmətli səfirlər, xanımlar və cənablar.
İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının
- ISESCO-nun Baş Konfransının XII sessiyasının
açılışında qarşınızda
çıxış etməkdən məmnunam. İlk
növbədə, bu konfransın hazırkı
sessiyasının gözəl ölkədə qəbul
edildiyinə və bu gözəl şəhərdə tədbirin
uğurla keçməsi üçün yaradılan şəraitə
görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri
İlham Əliyevə səmimi minnətdarlığımı
bildirmək istəyirəm. Zati-aliləri,
gözəl ölkənizi davamlı tərəqqi və
çiçəklənmə yolunda irəliyə doğru
aparmaqda Sizə böyük uğurlar arzulayıram. Mən, həmçinin böyük şərəf
hissi ilə Zati-alinizə minnətdarlığımı
bildirirəm ki, Siz öz Sərəncamınızla məni
belə bir yüksək orden ilə təltif etmisiniz. Mən bunu çox yüksək dəyərləndirirəm.
Bu, mənim İslam aləmində göstərdiyim
səylərə verilən ən yüksək qiymətdir.
Bu, şəxsən mənim üçün,
bizim təşkilatımız üçün böyük
qiymətdir. Sizə dərin təşəkkürümüzü
bildiririk ki, bizim bu konfransda açılış nitqi ilə
çıxış etdiniz. Arzulayıram ki, Sizin burada qaldırdığınız
bütün məsələlər həyata keçirilsin. Bu işlərdə biz də yaxından iştirak
etməliyik. Biz bilirik ki, Sizin
müdrik rəhbərliyinizlə ölkəniz necə
uğurlar qazanıb. Sizin
atdığınız addımlara gəldikdə, təbii ki,
bunlar bu məqsədlərə çatmaqda bizə
yardımçı olacaq.
Mən, həmçinin Azərbaycanın birinci
xanımı, ISESCO-nun və UNESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanı xüsusi salamlayıram. Mən təşkilatımıza
- ISESCO-ya verdiyi dəstəyə görə ona təşəkkürümü
bildirirəm. Mən bilirəm ki, o, elm, mədəniyyət
və təhsil sahələrində çox iş
görür və bu ölkənin inkişafında olduqca fəal
rol oynayır. Cənab Prezident, çox sağ olun. Birinci
xanım, çox sağ olun. Burada bizimlə
olduğunuza görə bizə böyük şərəf
verdiniz.
Sonra
ISESCO-nun baş direktoru təşkilatın yaranma tarixindən
və müasir dövrdəki fəaliyyətindən
danışaraq dedi:
- ISESCO
son üç onillik ərzində İslam dünyasında
baş verən dəyişikliklərə
uyğunlaşdı. Bu baxımdan, o, özünü birgə
İslam işinin ön cərgələrində qərarlaşdırdı,
İslam həmrəyliyinə böyük təkan verdi və nəhayət sayı 25-dən 52
dövlətə çatan üzv ölkələrdə təhsil,
elm və mədəni irəliləyişi gücləndirdi.
Biz bütün üzv dövlətlərin səylərini
birləşdirmək, siyasətimizi bütövləşdirmək
və müsəlman aləminin ümumi toplu kimi davamlı və
əhatəli inkişafına doğru böyük
addımların atılması üçün birgə
İslam fəaliyyətinin məqsədlərinə nail olmaq
kimi ülvi amalımızı təmin etmək
üçün İslam Əməkdaşlıq Təşkilatının
digər beş üzv dövlətini
üzvlüyə qəbul etməyi səmimiyyətlə
arzulayırıq.
ISESCO–nun baş direktoru rəhbərlik etdiyi təşkilatın
təhsil, elm, texnologiyalar, mədəniyyət və ünsiyyət
sahələrində qlobal elmi mərkəz kimi fəaliyyətindən
də danışdı. Əbdüləziz Osman əl-Tuveycri
ISESCO-nun 2016-2018-ci illər üçün tədbirlər
planında üç strateji məqsədin qarşıya
qoyulduğunu bildirdi. Qeyd etdi ki, bunlar gənclərin
İslam aləmində davamlı inkişafa səfərbər
olunması, üzv dövlətlərin təhsil, elm, mədəniyyət
və ünsiyyət sahəsində yürütdükləri
siyasətdə keyfiyyətin, idarəçiliyin və bərabərliyin
təşviqi, əsas diqqətin insan hüquqlarının, mədəniyyətin
təbliğinə, sosial ədalətə və birgə
yaşayışa hörmətlə yanaşılmasına
yönəltməkdən ibarətdir. ISESCO–nun baş direktoru
müasir dünyada və müsəlman aləmində baş
verən hadisələrə də münasibət bildirərək
dedi:
- Zati-aliləri
cənab Prezident, hörmətli birinci xanım, xanımlar və
cənablar. Bu gün dünyada baş verən
çətinlik və gərginliyə gəldikdə,
xüsusən də İslam dünyasında olan ciddi vəziyyətlərə
toxunduqda, biz bütün üzv dövlətlərin üzləşdiyi
çağırışların aradan
qaldırılması, səylərimizin birləşdirilməsi
üçün bütün imkanlardan istifadə etməliyik.
Burada heç bir istisna yoxdur.
Çünki qarşımızda duran
çağırışları məhz bizim
inkişafımızla bağlı davamlı işlərin
görülməsinə, yenidənqurma işlərinin
aparılmasına, bugünkü inkişafın daha da yüksək
səviyyəyə qaldırılmasına və beynəlxalq
ictimaiyyətin səylərinin məhz münaqişələrdən
və insan hüquqlarının pozulmasından azad olan
dünyaya doğru yönəldilməsinə, insanların
lazımi həyat tərzi sürmələri
üçün sosial ədalətin və sülhün bərqərar
olunmasına yönəltməliyik. Buna görə
əgər biz ISESCO ailəsi daxilində öz
istinadlarımızdan çıxış edərək daimi
olaraq bu vəziyyətə nəzarət edəcəyiksə,
bu, bizim hamımızı bütün çətinliklərdən,
silahlı münaqişələrdən qoruyacaq və
münaqişələrin, zorakılığın, vəhşi
terrorçuluğun yayılmasının
qarşısının alınmasına şərait yaradacaq.
Biz bu yolla addımlayaraq öz mübarizəmizi
aparacağıq, müsəlmanlar arasında
ayrılığa son qoyacaq, təcridolunmanı ləğv edəcəyik.
Biz bu gün baş verən münaqişələrin həllinə,
onların tam ləğv edilməsinə bu yolla nail ola bilərik.
Bu gün biz Azərbaycan Respublikasındayıq. Prezident İlham Əliyevin
rəhbərliyi ilə əldə edilmiş inkişaf
bütün İslam aləmində müasir dövlətin
nümunəsi ola bilər. Azərbaycan
Respublikası bu gün bir çoxları üçün
nümunə ola bilər. Çünki
bu, inkişaf etmiş bir dövlətdir. Bu
ölkə öz tarixi dəyərlərinə əsaslanaraq
sülh şəraitində birgəyaşayışı təşviq
edir, sosial sülhün və ədalətin təmin
olunmasında uğurlar qazanır. Mən,
hörmətli Azərbaycan Respublikasının Prezidenti, Sizə,
Azərbaycan xalqına müraciət edərək Sizi səmimi
qəlbdən təbrik etmək istəyirəm. Əldə etdiyiniz bütün nailiyyətlərə
görə Sizi təbrik edirəm. Biz fəxr
edirik ki, İslam dünyasında belə ölkə
mövcuddur. Azərbaycan Respublikası
Allah-Təalanın iradəsi və Prezidentin müdrik rəhbərliyi
ilə öz inkişafını, qazanılan uğurları
davam etdirəcək.
ISESCO ailəsi Azərbaycan Respublikasında və digər ölkələrdə öz məqsədlərinə xidmət edir. Biz də təşkilat olaraq əlimizdən gələni edirik ki, vacib bildiyimiz məqsədlərə nail olaq. Çünki biz intellektual dairələrin bacarığını bir araya gətiririk, çalışırıq bu sahədə mövcud olan bütün dəyərlərimizi onların vasitəsilə təşviq edək. Buna görə biz belə bir zəngin, xeyirxah və qonaqpərvər xalqı olan ölkədə toplaşmışıq. Bu ölkənin Zati-aliləri müdrik Prezidentinin və hörmətli birinci xanımının rəhbərliyi ilə qazanılan nailiyyətlər bizim tərəqqimizin rəmzidir. Biz çox fərəh hissi ilə bəyan edirik ki, dünyaya açığıq. Azərbaycan Respublikası işğal olunmuş Dağlıq Qarabağ ərazilərinin birmənalı olaraq azad edilməsinə nail olacaq və işğal altındakı torpaqlar heç vaxt düşmənə nəsib olmayacaq. Biz bu bəyanatı tərəddüd etmədən veririk. Biz bunu hər zaman etmişik və edəcəyik. Çünki biz, həmçinin istəyirik ki, Fələstin dövləti də İsrail işğalından azad olunsun. Biz bilirik ki, erməni işğalı nəticəsində böyük dağıntılar baş verib. Onlar işğal olunmuş torpaqlarda dini, tarixi, mədəni abidələri dağıdıblar. Buna görə də istərdik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşılsın. Çünki mütləq xarakterə malik olan dörd qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılması tələb edilir. Biz onun tərəfdarıyıq ki, bu torpaqlar tezliklə azad olunsun. Mən bütün regional dövlətlərə üzümü tutub deyirəm, biz bu işğala son qoymalıyıq, pozulmuş hüquqları bərpa etməliyik. Mən konfransdan xahiş edərdim, bir bəyannamə, qətnamə qəbul etsin və orada tələb olunsun ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlarından çıxarılsın. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bəşəriyyətə qarşı cinayətdir. İnsanlar öz yerlərindən didərgin salınıb, qətlə yetirilib, onların hüquqları pozulub. Vaxt artıq çoxdan yetişib. Bu cür cinayətlərin qarşısı alınmalıdır. Azərbaycanın vacib regionu işğaldan azad edilməlidir və ediləcək.
Hörmətli cənab Prezident, hörmətli birinci xanım, ISESCO-nun üzv dövlətlərinin hörmətli nümayəndələri. Siz öz evinizdəsiniz. Bu, bizim – İslam ümmətinin məhz dərk etdiyi bir xətdir, mövqedir. Biz öz məqsədlərimizə nail olacağıq. Bizim Xartiyamızda olan məqsədlərə nail olacağıq. Lakin bildirmək istəyirəm ki, sizi narahat edən hər hansı bir məsələyə gəldikdə təşkilatımız daxilində dərhal bir-birimizi dəstəkləməliyik. İnşallah, biz öz fəaliyyətimizlə elm, təhsil və mədəniyyəti bütün İslam xalqlarında təşviq edəcəyik. Bu, bütün bəşəriyyət üçün vacibdir.
Mən çox məmnunam ki, burada Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan xalqına bir daha təşəkkürümü bildirirəm. Bizi və bu konfransı qəbul etdiyinizə görə çox sağ olun. Yaratdığınız şəraitə görə minnətdaram və inşallah əlimizdən gələni edəcəyik ki, Sizin də apardığınız fəaliyyət bizim hamımızın – üzv dövlətlərin maraqlarına uyğun olaraq tam həyata keçsin.
X X X
Daha sonra mükafatlandırma mərasimi oldu. ISESCO-nun 2015-ci il üzrə “Savadlılıq”
mükafatına Nigeriyanın nümayəndəsi layiq
görüldü.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva Baş Konfransın nümayəndələri ilə
xatirə şəkli çəkdirdilər.
Daha sonra dövlətimizin başçısı və
xanımı konfrans iştirakçıları ilə
görüşərək onlarla söhbət etdilər.
Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin iyulunda
ISESCO-nun Baş Konfransının XII sessiyasının və
İcraiyyə Şurasının toplantısının
Bakıda keçirilməsi ilə bağlı Sərəncam
imzalamışdı. Budəfəki konfransda müzakirə
olunan məsələlərin müsəlman xalqlarının
həyatında inkişafa doğru yeni pəncərə
açacağı, qəbul ediləcək qərarların isə
İslam ölkələri arasında əməkdaşlığın
daha da dərinləşməsinə töhfə verəcəyi
bildirilir.
Azərbaycan 1991-ci ildən ISESCO-nun üzvüdür. Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın 2006-cı ildə
ISESCO-nun xoşməramlı səfiri adına
layiq görülməsi ilə ikitərəfli əlaqələr
uğurlu inkişaf mərhələsinə qədəm qoyub
və hazırda ən məhsuldar dövrünü
yaşayır.
AZƏRTAC
Azərbaycan.-
2015.- 27noyabr.- S. 1, 2.