Azərbaycan Prezidenti İlham Əliyev
Fransa hökumətinin üzvü
Andre Vallinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da
Fransa Respublikasının Desentralizasiya və Dövlət
Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri
üzrə dövlət katibi, hökumət üzvü Andre
Vallinin başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
Ölkələrimiz arasında güclü dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Andre Valli bildirdi ki, bu dostluq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev ilə Fransa Prezidenti Fransua Ollandı birləşdirən şəxsi münasibətlər nəticəsində daha da güclənib.
Prezident İlham Əliyev bu yaxınlarda Parisdə törədilmiş terror aktı ilə bağlı bir daha Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verdi. Fransa Prezidenti Fransua Ollandın Azərbaycana iki dəfə səfər etməsini və özünün isə Fransaya çoxsaylı səfərlərini xatırlayan dövlətimizin başçısı bütün bunları ikitərəfli əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Parisdə törədilən terrorla bağlı Prezident İlham Əliyevin başsağlığından təsirləndiyini bildirən Andre Valli Azərbaycana səfərinin ilk günündən terror qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Fransanın Bakıdakı səfirliyinin qarşısına əklil və gül dəstələrinin düzülməsinin şahidi olduğunu və Azərbaycan xalqının Fransanın dərdinə şərik çıxmasını ifadə edən mesajları oxuduğunu dedi. O, bütün bunları Prezident İlham Əliyevin və Azərbaycan xalqının Fransa xalqının dərdinə şərik çıxmasının göstəricisi kimi qiymətləndirdi.
Görüşdə Azərbaycan
ilə Fransa arasında ikitərəfli əlaqələrin
müxtəlif istiqamətlərdə, o
cümlədən siyasi, iqtisadi,
enerji, kosmik sənaye,
müdafiə, təhsil, mədəniyyət və digər
sahələrdə daha da
inkişaf etdirilməsi ilə
bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2015.- 27 noyabr.- S. 3.