Azərbaycan
Müəllimlər İnstitutunun Azərbaycan
Dövlət Pedaqoji Universitetinə
qoşulması barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını təmin etmək, ali təhsil müəssisələrinin sayını optimallaşdırmaq, mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulsun.
2. Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları hesab olunsun.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu sərəncamın icrası nəticəsində qənaət olunan maliyyə vəsaitinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi-pedaqoji potensialının gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazadan təhsil sisteminin məqsədləri üçün istifadə olunmasını təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
26 noyabr
2015-ci il
Azərbaycan.- 2015.- 27 noyabr.- S. 3.