Seminarda Rəqəmli Proqramla İdarəolunan dəzgahların modernləşdirilməsindən danışılıb

 

Noyabrın 26-da Azərbaycan Texniki Universitetində (AzTU) “Rəqəmli Proqramla İdarəolunan dəzgahların modernləşdirilməsinin müasir texnologiyaları” mövzusunda beynəlxalq seminar işə başlayıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbir akademik Arif Paşayevin rəhbərlik etdiyi Respublika Texniki Problemlər Şurasının təşəbbüsü ilə keçirilir.

Rusiya Federasiyasının Texniki Universitetinin və müxtəlif şirkətlərin nümayəndələrinin iştirak etdikləri seminarda AzTU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, tədbirin təşkilinin məqsədi ölkəmizin dəzgah parkında mənəvi cəhətdən köhnəlmiş Rəqəmli Proqramla İdarəolunan dəzgahların modernləşdirilməsi, bununla bağlı texnologiyaların tətbiqi, texniki xidmət və əsaslı təmir çərçivəsində görülən işlərin müzakirəsi və perspektiv əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir.

Vurğulanıb ki, ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etmək, sənaye müəssisələrində yüksək texnologiyaların tətbiqinə nail olmaq, bu günün tələblərinə cavab verən avtomatlaşdırılmış elektron idarəetmə vasitələrindən istifadə xüsusi əhəmiyyət daşıyır. Dünya təcrübəsində tətbiq olunan müasir avadanlıqlardan geniş istifadə etməklə iqtisadiyyatın hər sahəsində sürətli yüksəlişə nail olmaq mümkündür.

Seminarda azərbaycanlı və rusiyalı mütəxəssislərin “Respublikada maşınqayırma, cihazqayırma və metallurgiya üzrə aktual texniki-texnoloji problemlər”, “Müəssisələrlə qarşılıqlı əlaqə təcrübəsi”, “Rəqəmli Proqramla İdarəolunan dəzgahların modernləşdirilmə texnologiyaları”, “Texniki tapşırıq əsasında yeni texnoloji avadanlığın seçimi”, “Sənaye avadanlıqlarının texniki xidməti və təmiri üzrə tədris-təmir mərkəzinin yaradılması” mövzularında məruzələri dinlənilib.

Seminar iştirakçıları Rusiyanın qabaqcıl texnoloji elmi-tədqiqat strukturlarının təcrübəsi və gələcək inkişaf perspektivləri ilə tanış olublar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 27 noyabr.- S. 12.