Prezident İlham
Əliyev ABŞ dövlət katibinin
köməkçisinin müavininin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri
üzrə köməkçisinin müavini xanım Bridcet
Brinkin başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridcet Brink ABŞ və Azərbaycan prezidentlərinin ikitərəfli münasibətlərimizlə bağlı apardıqları müzakirələrdən sonra Prezident İlham Əliyevlə görüşmək imkanı əldə etmələrini yüksək dəyərləndirdi. Əvvəllər də Azərbaycana səfər etdiyini bildirən xanım Bridcet Brink paytaxtımızda gedən müsbət dəyişikliklərin onlarda dərin təəssürat yaratdığını dedi.
Dövlətimizin başçısı G20-nin Antalya toplantısında ABŞ Prezidenti Barak Obama ilə ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı fikir mübadiləsi apardıqları zaman ABŞ Prezidentinin 10 il bundan əvvəl senator kimi Azərbaycana səfərini xatırladığını məmnunluqla qeyd etdi. Ölkələrimizin müxtəlif sahələrdə uzun illərdir ki, uğurla əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev enerji və regional təhlükəsizlik, iqtisadi inkişaf və digər sahələrdə əlaqələrimizin əhəmiyyətini xüsusi vurğuladı.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması, Azərbaycanla
ABŞ arasında əlaqələrin enerji,
iqtisadi şaxələndirmə, ticarət,
təhsil, kənd təsərrüfatı, birgə layihələr,
terrorizmə qarşı mübarizə, insan
haqları və demokratiya və digər
sahələrdə inkişaf etdirilməsi
ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi
aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2015.- 24 noyabr.- S. 1.