Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 27-də Türkiyə
Respublikasının xarici
işlər naziri Mövlud Çavuşoğlunun
başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib.
Prezident
İlham ƏLİYEV dedi:
-Xarici işlər naziri vəzifəsinə təyin olunmağınız
münasibətilə sizi
təbrik edirəm, fəaliyyətinizdə uğurlar
arzulayıram. Çox şadam
ki, siz ilk səfəri Azərbaycana
edirsiniz. Bu ənənə artıq neçə ildir ki, yaşayır. Həm dövlət, hökumət
başçıları, həm
nazirlər seçkilərdən
sonra ilk səfəri qardaş ölkəyə
edirlər. Fürsətdən istifadə edərək, Sizi bu yaxınlarda
Antalyada uğurla keçirilmiş G20 Zirvə
görüşü münasibətilə
təbrik etmək istəyirəm. Bu, Türkiyənin çox böyük uğurudur.
Türkiyə bir daha nümayiş etdirdi ki, böyük dövlətdir, böyük
gücə malik olan bir dövlətdir.
Şadam
ki, qardaş ölkə Azərbaycanı
bu toplantıya dəvət etdi. Bu, bir daha Türkiyə-Azərbaycan əlaqələrinin
nə qədər yüksək səviyyədə
olduğunu nümayiş
etdirir və həm bizim xalqlara, həm dünyaya göstərir ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir.
Dövlətimizin başçısı bildirdi
ki, G20-nin Antalyada keçirilən Zirvə toplantısı bir çox məsələlərdə
Türkiyənin mövqeyinin
mühüm rola malik olduğunu göstərdi. Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu
vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün
istiqamətlərdə uğurla
əməkdaşlıq etdiyini
bildirdi.
Xarici işlər naziri Mövlud ÇAVUŞOĞLU dedi:
-Cənab Prezidentim, çox təşəkkür
edirəm. Əvvəla, bizi qəbul
etdiyinizə görə
Sizə minnətdarlığımı
bildirmək istəyirəm.
Xarici işlər
naziri olaraq vəzifəyə təyin
edildikdən sonra ilk səfərimi qardaş Azərbaycana etməkdən,
ənənələrimizi davam
etdirməkdən böyük
qürur duyduğumu vurğulamaq istəyirəm.
Sizi də 1
noyabr parlament seçkiləri münasibətilə
təbrik etmək istəyirəm. Eyni gündə həm
Türkiyədə, həm
də qardaş Azərbaycanda seçkilər
keçirildi. Çox uğurlu
seçki keçirdiniz.
Beynəlxalq təşkilatların hesabatlarına da baxdım. Dünən Avropa Şurasının
təsdiq hesabatlarına
da baxdım. Bu münasibətlə Sizi təbrik edirik.
Mövlud
Çavuşoğlu Azərbaycanın
G20-nin Antalyada keçirilən Zirvə toplantısında iştirakına
görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Prezident İlham Əliyevin
G20-nin Zirvə toplantısında
iştirakından qürur
hissi keçirdiyini deyən Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu
dövlətimizin başçısının
bu cür mötəbər tədbirdə
beynəlxalq məsələlərlə
bağlı söylədiyi
dəyərli fikirləri
yüksək qiymətləndirdi.
O qeyd etdi ki, Azərbaycan belə bir toplantıda
iştirak etməklə
Türkiyənin mövqeyini
daha da gücləndirdi.
Mövlud Çavuşoğlu Türkiyə-Azərbaycan əlaqələrinin
bütün sahələrdə
gələcəkdə daha
da inkişaf etdiriləcəyinə, iki
qardaş ölkənin
prezidentlərinin liderliyi
ilə bu əlaqələrin bundan sonra da yüksək
səviyyəyə qaldırılacağına
əminliyini ifadə etdi.
Söhbət zamanı dövlətimizin
başçısı Türkiyə
ilə Rusiya arasında münasibətlərdə
yaranmış gərginliyə
toxunaraq qeyd etdi ki, Azərbaycan
hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir
və bu gərginlikdən təəssüf
və narahatlıq hissi keçirir. Prezident İlham
Əliyev bildirdi ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya
münasibətlərindəki gərginliyin azaldılması
və aradan qaldırılması istiqamətində
səylərini göstərməyə
hazırdır.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı məsələlər müzakirə
olundu, Azərbaycan ilə Türkiyənin həyata keçirdikləri
TANAP, TAP, Bakı-Tbilisi-Qars
və digər layihələrin icrası
ilə bağlı fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2015.- 28 noyabr.-S. 1.