“Milli
arxiv fondu haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2015-ci il 6 oktyabr tarixli 1373-IVQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1373-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin beşinci hissəsində birinci halda “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
3.2. həmin qanunun 10-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 noyabr 2015-ci il
Azərbaycan.- 2015.- 28 noyabr.- S. 2.