Azərbaycanın
Baş naziri Türkiyənin
xarici işlər naziri
ilə görüşüb
Noyabrın
27-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə Türkiyə Respublikasının xarici işlər
naziri Mövlud Çavuşoğlu ilə
görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Artur Rasizadə Mövlud Çavuşoğlunu yüksək dövlət vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, yeni hökumət təsdiq edildikdən sonra ilk xarici rəsmi səfərə Azərbaycana gəlməsindən məmnunluğunu bildirib.
Əlaqələrimizin möhkəmlənməsində dövlət başçılarının səmimi dostluq münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Baş nazir qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da bütün sahələr üzrə, o cümlədən iqtisadiyyat, mədəniyyət, turizm, ticarət və digər istiqamətlərdə davam edəcəyini vurğulayıb. Həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri, hərbi-siyasi əməkdaşlıq və s. barədə qonaqlara ətraflı məlumat verən Artur Rasizadə qardaş ölkənin nüfuzlu nümayəndə heyətinin bu səfərinin də əməkdaşlığımızın perspektivi baxımından faydalı olacağına əminlik ifadə edib.
Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə davam etdiyini böyük razılıq hissi ilə vurğulayan qonaq tarixi dostluq və qardaşlıq ənənələrinin sarsılmazlığını xatırladaraq, strateji əməkdaşlıq imkanlarının artdığı müasir şəraitdə ölkələrimiz arasında beynəlxalq və regional müstəvidə işbirliyinin milli maraqlar çərçivəsində daha da genişləndirilməsinin və dərinləşdirilməsinin zəruriliyi fikrinə şərik olduğunu bildirib.
Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın
ərazi bütövlüyü və sərhədlərinin
toxunulmazlığı prinsipləri əsasında həllinin
vacibliyi, bölgədə sabitliyin
qorunub saxlanması, regional
və beynəlxalq əlaqələrin daha
da möhkəmləndirilməsi və
digər məsələlər ətrafında geniş fikir mübadiləsi
aparılıb.
AZƏRTAC
Azərbaycan.- 2015.- 28 noyabr.- S. 3.