Mövlud Çavuşoğlu: Azərbaycanla birgə layihələrimiz uğurla icra edilir

 

Türkiyə ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədədir. Ölkələrimizin birgə layihələri müvəffəqiyyətlə icra edilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən bəhs edən M.Çavuşoğlu bildirib ki, Türkiyədə layihəni icra edən şirkətin üzləşdiyi hüquqi problemlə əlaqədar bir qədər yubanma oldu. Qısa vaxtda bu məsələ həllini tapacaq. Nazir bildirib ki, ölkələrimizin regionda böyük önəmi var.

Mövlud Çavuşoğlu qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq mexanizmləri də uğurla davam etdiriləcək. Gələn il Türkiyə, Azərbaycan, Türkmənistan xarici işlər nazirlərinin görüşübaş tutacaq.

Nazir bütün məsələlərdə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Türkiyənin Azərbaycanın yanında olduğunu deyib. O bildirib ki, Türkiyə problemin həlli məsələsinə hər zaman konstruktiv şəkildə dəstək verir.

Elmar Məmmədyarov Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafı ilə bağlı türkiyəli həmkarının fikirlərini bölüşdüyünü bildirib. O qeyd edib ki, ilin sonunadək Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü və onların Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin gedişi ilə yerində tanış olmaları barədə razılıq əldə edilib. Nazir bu layihənin ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafında mühüm rol oynayacağını diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların son vəziyyəti barədə Mövlud Çavuşoğlunu məlumatlandırdığını söyləyən Elmar Məmmədyarov bildirib ki, ən böyük problem torpaqların işğal altında qalmasıdır. Bu, təhlükəsizlik baxımından bütün regiona problem yaradır.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 28 noyabr.- S. 3.