ISESCO Baş Konfransının XII sessiyasının
iştirakçıları Heydər məscidi ilə
tanış olublar
Noyabrın 27-də ISESCO Baş Konfransının XII sessiyasının iştirakçıları Heydər məscidi ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, tikintisinə 2012-ci ilin sentyabr ayında başlanılan Heydər məscidi 2014-cü il dekabrın 26-da istifadəyə verilib. Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Diqqətə çatdırılıb ki, ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.
Heydər məscidi ilə tanış olan tədbir iştirakçıları Azərbaycanda
dini-mənəvi dəyərlərə göstərilən
diqqət və qayğını yüksək qiymətləndiriblər.
AZƏRTAC
Azərbaycan.- 2015.- 28 noyabr.- S.6.