“İsmayıllı günləri” sakinlərdə xoş ovqat yaratdı

 

İsmayıllı rayonunda “İsmayıllı günləri” keçirilmişdir. Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonuna dəstək kampaniyası ilə başladı. İsmayıllı-Muğanlı magistral yolu boyunca Diyallı kəndi ərazisində 1500 ağac əkildi. İməcilikdə rayonun 8 idarə və təşkilatını təmsil edən 200 nəfərə yaxın insan iştirak etdi.

Sonra Mədəniyyət sarayında yerli sakinlərin əl işlərindən ibarət sərgiyə baxış oldu. Sərgidə Lahıc qəsəbəsinin, Basqal və Qalacıq kəndlərindən olan sənətkarlarının hazırladıqları misgərlik məmulatları, toxuduqları xalçalar, kəlağayılar nümayiş etdirilirdi.

Mərasimdə çıxış edən Talıstan kənd tam orta məktəbinin müəllimi Xalid Mürşüdov bildirdi ki, 1931-ci ilədək müxtəlif nahiyələrə bölünmüş ərazilər  həmin il noyabr ayının 23-də inzibati-coğrafi vahid olaraq İsmayıllı adı altında birləşib. Mərkəzi əvvəlcə Basqal olub. 1934-cü ildə rayon mərkəzi İsmayıllıya köçürülüb. Məruzəçi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllıya böyük dəyər vermələri, bu qiymətin həmişə rayon sakinlərini yeni-yeni uğurlara səsləməsi xüsusi vurğulandı.

Müəllim Hacıməmməd Məmmədov rayonda aparılan quruculuqdan, son illər  qazanılan uğurlardan geniş söz açdı. Bildirildi ki, “Kənd təsərrüfatı iliolan 2015-ci ildə aqrar sahədə daha yüksək nailiyyətlər əldə edilib. Bu vacib sahənin elmi əsaslar üzərində sürətli inkişafını təmin etmək məqsədilə il ərzində rayonda bir sıra elmi-praktik seminar, forumkonfranslar keçirilmiş, müzakirələr aparılmış, əkinə yararlı, istifadə olunmayan torpaqların müəyyənləşdirilməsi, onlardan istifadə imkanlarının dəqiqləşdirilməsi qarşıda əsas vəzifə kimi qoyulmuşdur. Ümumilikdə bu ilin əvvəlindən indiyədək rayonda kənd təsərrüfatında ümumi. məhsul istehsalı 76 milyon manata yaxın təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 milyon manatdan çoxdur. Taxılçılıq sahəsində də vəziyyət ürəkaçan olub. İlk dəfə rayon tarixində rekord miqdarda -103 min 282 ton taxıl istehsal olunub. Dəmyə şəraitdə hər hektardan orta hesabla 36,3 sentner məhsul götürülüb.

Tədbir Mədəniyyət mərkəzinin “Nial” ansamblının üzvlərinin konsert proqramı ilə davam etdirilmişdir.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2015.- 28 noyabr.- S. 6.