Yaşatmaqda yarış olsun

 

Kainatda Yer kürəsi

Tüstü çıxan bir bacadır.

Həm körpədi, həm qocadı.

Dünya ürək kimi kövrək,

Özüçox balacadı.

 

Qənimdi insan-insana,

Raket əkiblər hər yana

Hərə bir düyməni bassa,

Dünya qalar yana-yana

Külü uçar asimana.

 

Səhər baxın dan üzünə,

Gülən bir körpə gözünə,

Səni sevən bir gözəlin

Üzünü söykə üzünə

Ürəyində kin ərisin.

 

Yadına sal dağı-daşı,

Əlvan yazı, dümağ qışı.

Bir bulaqdan sərinlik -

Oxqaay!!! desin könlün bağı,

Görərsən cənnətdi dünya.

 

Nifrətdən tünd zəhər yoxdu,

Bu davada zəfər yoxdu.

Bircə düymə basıldısa,

Bir zülmət var, səhər yoxdu,

Sonrasını Allah bilir...

 

Onsuz da dərdimiz çoxdu,

Yarı acdı, yarı toxdu.

Kinlə döyüşə getməyə,

Bu dünyanı məhv etməyə

Cənablar, haqqımız yoxdu!

 

Dünya barıt anbarıdı,

İnsan sevginin barıdı.

Ölüm-olum arasında

Sülh ən kövrək bir barıdı

Qoruyalım onu barı.

 

yumruğun dönsün ələ

Biz əl verək gülə-gülə

Gedə-gedə, gələ-gələ

Yer üzündə barış olsun,

Yaşatmaqda yarış olsun.

 

Fikrət QOCA,

xalq şairi

 

Azərbaycan.- 2015.- 28 noyabr.- S. 8.