Belarus Dövlət Böyük
Vətən Müharibəsi Tarixi Muzeyi ilə tanışlıq
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyi ilə tanış olub.
Azərbaycan Prezidentinə muzey haqqında ətraflı məlumat verildi. Bildirildi ki, muzey Böyük Vətən müharibəsində faşizm üzərində Qələbə uğrunda canlarından keçmiş insanların xatirəsini əbədiləşdirmək üçün yaradılıb. Bu muzey 1944-cü il oktyabrın 22-dən Minskdəki Azadlıq meydanında müharibə illərində ziyan görməmiş “Həmkarlar Evi”ndə fəaliyyətə başlayıb. Ötən il isə hazırda muzeyin yerləşdiyi yeni Memorial Kompleksin açılışı olub. Burada Böyük Vətən müharibəsi illərində istifadə olunan silah-sursat, texnika və digər maraqlı eksponatlar sərgilənir.
Muzeydə Böyük Vətən müharibəsi illərinin hərb tarixinə aid çox dəyərli eksponatlar saxlanılır. Ümumilikdə ümumi sahəsi 4200 kvadratmetr olan muzeydə 10 ekspozisiya zalı və 8 mindən çox ekspozisiya materialı var. Fondu 28 kolleksiya və 144 mindən çox müxtəlif əşyalardan, o cümlədən foto, sənəd, məktub və Böyük Vətən müharibəsi iştirakçılarının şəxsi əşyalarından ibarət olan muzey daim yeni eksponatlarla zənginləşdirilir. “Partizanların əlyazma jurnalları” və “Əldəqayırma partizan silahı” kolleksiyaları birinci dərəcəli tarixi-mədəni dəyərə malikdir.
Bölmələrin birində müharibənin başlanması, Belarus ərazisində ilk müdafiə, o cümlədən Smolensk və Moskva döyüşləri barədə məlumat verilir. Brest qalası müdafiəçilərinin qəhrəmanlığı ziyarətçilərə xüsusi instalyasiya vasitəsilə təqdim olunur. Muzeydə faşizm üzərində ümumi Qələbənin qazanılmasında və Belarusun faşist işğalçılarından azad olunmasında Azərbaycan xalqının qəhrəman oğullarının böyük şücaətini əks etdirən eksponatlar nümayiş etdirilir. Brest qalasının müdafiəsi zamanı da azərbaycanlılar qəhrəmanlıqları ilə seçiliblər.
Muzeydə nasist Almaniyasının Belarus ərazisində yaratdığı ölüm düşərgələri, həmçinin digər həbsxanalarla bağlı maraqlı eksponatlar sərgilənir. Məlumata görə, Belarusda hitlerçilər 260-dan çox ölüm düşərgəsi və insanları kütləvi məhvetmə məntəqəsi yaradıblar. Bu faşist düşərgələrində sovet xalqlarının digər nümayəndələri ilə yanaşı, 30 azərbaycanlı hərbçi də qətlə yetirilib.
“Belarusda partizan hərəkatı və antifaşist gizli mübarizəsi” adlanan zal maraqlı dizaynı ilə seçilir. Faşistlərin Belarusu işğal etdiyi dövrdə burada partizan hərəkatının Mərkəzi və Belarus qərargahları yaradılıb. Muzeydə Belarusdakı partizan hərəkatında iştirak edən azərbaycanlıların göstərdikləri şücaətlər barədə də ətraflı məlumat verilir. Həmyerlilərimiz Ələkbər Əliyev və Məmməd Məmmədov partizan hərəkatında xüsusi qəhrəmanlıqlar göstəriblər. Muzeydə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin rəşadəti haqqında da məlumat verilir. Hazırda Minskdə onun adını daşıyan küçə var.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin bu muzeylə tanışlığından bəhs edən fotoşəkillərə baxdı. Ümummilli Lider 1978-ci ilin dekabrında Belarus SSR-in və Kommunist Partiyasının yaradılmasının 60 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində rəsmi nümayəndə heyətinin rəhbəri kimi bu muzeydə olub və xatirə kitabına ürək sözlərini yazıb.
Ulu Öndərin muzeylə tanışlığını əks etdirən fotoşəkillər dövlətimizin başçısına hədiyyə olundu.
Muzeydəki “Qələbə” zalında Azərbaycanın səkkiz qəhrəman oğlunun - Sovet İttifaqı qəhrəmanlarının adları qızıl hərflərlə həkk olunub. Onlar Belarusun işğaldan azad olunmasında mərdlik və qəhrəmanlıq göstəriblər. Onların arasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun da adı var. O, Smorqon şəhərinin fəxri vətəndaşı adına layiq görülüb, Vileyka şəhərində şərəfinə abidə ucaldılıb. Hər iki şəhərdə Həzi Aslanovun adını daşıyan küçələr var. Muzeydə Həzi Aslanovla bağlı kitablar da sərgilənir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
Sonda xatirə şəkli
çəkdirildi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 29 noyabr.- S. 1,
2.