UNESCO-Azərbaycan
əməkdaşlığının yeni
perspektivləri
Azərbaycan Prezidenti İlham Əliyev
UNESCO Baş Konfransının 38-ci
sessiyasının Liderlər Forumunda bir daha Ermənistanın təcavüzü
nəticəsində minlərlə maddi-mədəniyyət
abidəmizin işğal edildiyini
diqqətə çatdırmışdır
Xalqımızın keçdiyi tarixi yolda sivilizasiyaların dəyişməsi öz izini bir sıra maddi-mədəniyyət abidələrində qoruyub saxlamaqdadır. Hər bir ölkə də qədimliyini, bəşər sivilizasiyasının formalaşmasındakı rolunu sübuta yetirmək, onu dünyaya təqdim etmək üçün mədəni irs nümunələrindən faydalanır. Son dövrlər bəşəriyyətin daha çox diqqət yetirdiyi məsələlərdən biri də məhz maddi-mədəni irsin qorunması və saxlanmasıdır.
Azərbaycan Prezidenti İlham Əliyev Fransaya işgüzar səfəri çərçivəsində UNESCO-nun Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakı zamanı öz çıxışında bu məsələyə toxunaraq, milli-mənəvi dəyərlərdən sayılan maddi-mədəniyyət abidələrinin qorunub saxlanması və bu istiqamətdə beynəlxalq birliyin dəstəyinə ehtiyac duyulduğunu, Ermənistanın təcavüzü nəticəsində minlərlə belə sərvətlərin məhv edildiyini bir daha diqqətə çatdırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin konfransda xüsusi olaraq bu problemə toxunması heç də təsadüfi deyildir. Həqiqət budur ki, Ermənistan tərəfindən yürüdülən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 250 min azərbaycanlı Ermənistandan deportasiya olunmuş və etnik təmizləməyə məruz qalmış, 750 min nəfər isə ölkəmizdə məcburi köçkünə çevrilmişdir: “Ermənistan nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozur. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, o dövrdən iyirmi ildən artıq vaxt ötmüşdür və bu qətnamələr icra olunmur... Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir və bu hərəkətinə görə heç bir təzyiqlə qarşılaşmır”.
Bu məsələnin ciddi şəkildə nəzərdən keçirilməli olduğunu diqqətə çatdıran dövlət başçısının qənaətincə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri təkmilləşdirilməlidir ki, ikili standartlara yol verilməsin: “Çünki biz hamımız bilirik ki, bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə, hətta bir neçə saata icra olunur. Lakin bizim timsalımızda 20 ildən artıqdır ki, danışıqlar masasında heç bir irəliləyiş yoxdur, çünki Ermənistan sülh istəmir. Onlar bizimlə sülh şəraitində yaşamaq istəmirlər. Onlar imkanları olduğu qədər işğalçılıq siyasətini davam etdirmək istəyirlər və əfsuslar olsun ki, bugünə qədər buna nail ola biliblər”.
Dövlət başçısı xüsusi olaraq vurğulamışdır ki, zaman bizim, ədalətin, beynəlxalq hüququn tərəfindədir, ona görə də Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. Daxilində 40 min eksponat sərgilənən 22 muzey məhv edilmişdir. O cümlədən bizim tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır. Erməni işğalçıları tərəfindən 10 məscid yerlə yeksan olunmuşdur.
Dövlət müstəqilliyinin bərpasından sonra bir sıra sahələrdə olduğu kimi, maddi-mədəniyyət nümunələrimizin qorunub saxlanması və dünyaya öz adı və ünvanı ilə təqdim olunması istiqamətində aparılan siyasət öz nəticəsini göstərməkdədir. Məhz mədəniyyət siyasətinin uğurlu göstəricisidir ki, bir sıra maddi və mənəvi sərvətlərimiz artıq UNESCO-nun Maddi-Mədəni İrs siyahısına salınıb.
Mədəni Dəyərlərin Mənsub Olduqları Ölkələrə Qaytarılmasının Təşviqi və ya Qanunsuz Mənimsəmə halında Geri Qaytarılması üzrə UNESCO-nun Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında bir daha bu məsələ aktuallığı ilə diqqəti cəlb edib. Belə ki, sessiyada Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətin təkcə ərazi iddiaları ilə məhdudlaşmadığı, işğal olunmuş torpaqlarda yüz mindən artıq dəyərli eksponatın, zəngin mədəniyyət nümunələrinin oğurlanması və dağıntılara məruz qalması haqqında əsaslandırılmış məlumatlar verilib. Həmçinin qeyri-qanuni arxeoloji qazıntıların aparılması və aşkar edilmiş obyektlərin mənimsənilməsi halları bir daha diqqətə çatdırılıb. Azərbaycan tərəfi zəbt olunmuş ərazilərdə mədəni irsin qorunması, konkret tövsiyələrin hazırlanması üçün UNESCO-ya müraciət edib.
Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyaya uyğun olaraq, qədim dillər, xalq ənənələri, müxtəlif ritual və ayinlər, sənətkarlıq, eyni zamanda şifahi xalq yaradıcılığı nümunələri bu irsə aid edilib. Həmin konvensiya sənayeləşmə, urbanizasiya, miqrasiya və kütləvi turizmin təsiri ilə dünyada qeyri-maddi irs üçün yaranan təhlükələrə cavab tədbiri hesab olunur.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2003-cü ilin oktyabrında muğam, 2009-cu ilin martında aşıq sənəti, 2010-cu ildə isə Şərq toxuculuq sənətinin bir qolu olan Azərbaycan xalçaları UNESCO-nun mədəni-irs siyahısına daxil edilib.
Yeri gəlmişkən, paytaxt Bakının tarixini özündə daha mükəmməl şəkildə qoruyub saxlayan İçərişəhər kompleksi, Qobustan qoruğunun da adı artıq bu siyahıdadır. Xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi, intellektual irsin qorunması məqsədilə müxtəlif layihələr həyata keçirən Heydər Əliyev Fondu fəaliyyəti dövründə xüsusən muğam, aşıq, xalçaçılıq sənətlərinin qorunması, inkişafı və beynəlxalq miqyasda təbliğində üzərinə götürdüyü missiyanı şərəflə daşıyır. Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi də həmin humanist siyasətin nəticəsidir. Heydər Əliyev Fondunun xeyirxahlıq təşəbbüsləri, əlbəttə, təkcə yuxarıda qeyd etdiyimiz faktlar deyil. Mədəniyyət sahəsində həyata keçirilmiş layihələrdən biri də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni, müasir, gözoxşayan binasıdır.
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin Aşıqlar Birliyinin təşkilatçılığı ilə I Beynəlxalq Aşıq Festivalının keçirilməsi nəinki milli mədəniyyətimizə nümunəvi diqqət və qayğı, eyni zamanda Azərbaycan xalqının maddi-mədəni sərvətinin bu yolla dünyaya təqdim edilməsidir. Bu siyahıya Qəbələ Beynəlxalq Musiqi festivallarını da əlavə etmək yerinə düşərdi.
Bir sözlə, UNESCO ilə Azərbaycan Respublikasının əməkdaşlığı tarixində mədəniyyət və incəsənətimizin bəşəri dəyərlərə məxsus olması barədə beynəlxalq miqyasda təbliğində Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın ardıcıl fəaliyyəti yeni-yeni uğurlara bundan sonra da yol açacaq.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2015.- 29 noyabr.- S. 4.