Əlilliyi olan şəxslər üçün bərpa-müalicə sistemi müasir tələblər səviyyəsində yenidən qurulur

 

Respublika Əlillərin Bərpa Mərkəzi Cənubi Qafqazda analoqu olmayan nümunəvi müəssisədir

 

Ölkəmizin daim güclənən sosial dövlət statusunun xarakterik cəhətlərindən biri də əlilliyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, onların ictimai həyatın bütün sahələrində bərabər hüquqlu iştirakına şərait yaradılması və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün fəal və məqsədyönlü siyasətə malik olmasıdır. Aparılan siyasət eyni zamanda əlilliyin qarşısının alınmasına, əlilliyi olan şəxslərin kompleks tibbi-sosial və peşə reabilitasiyasının aparılmasına, onların reabilitasiya potensiallarının reallaşdırılması üçün müasir və səmərəli bərpa-müalicə sistemi ilə təmin olunmasına yönəlib. Prezident cənab İlham Əliyevin iştirakı ilə cari ilin sentyabrında əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi, burada yaradılan yüksək səviyyəli reabilitasiya şəraiti bunun əyani nümunəsi olmaqla, ölkəmizdə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması yönündə mühüm addımlardan biridir.

 

Prezident qayğısının mükəmməl nümunəsi

 

Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin paytaxtında və bölgələrində əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün Respublika Əlillərin Bərpa Mərkəzi də daxil olmaqla, 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə hər il orta hesabla 8 min nəfərə yaxın əlil şəxs və sağlamlıq imkanları məhdud olan uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə təmin edilir. Həmçinin müvafiq şəxslərə protez-ortopedik bərpa xidməti həyata keçirilir. Cari ilin 9 ayında 7158 nəfərə bərpa xidməti göstərilməklə, 28662 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi həmin insanların istifadəsinə verilib. Ümumilikdə nazirliyin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, onların protez-ortopedik xidmətlə təmini sahəsində həyata keçirdiyi tədbirlər yalnız cari ilin 9 ayında 15 minədək insanı əhatə edib.

Əlilliyi olan şəxslərin kompleks tibbi, sosial və peşə reabilitasiyası tədbirlərinin aparılmasında, onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, tibbi, sosial, peşə diaqnostikasının və reabilitasiyasının həyata keçirilməsində Respublika Əlillərin Bərpa Mərkəzi mühüm rol oynayır. 1986-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan bu müəssisə öz profilinə görə Cənubi Qafqazda ilk tibb ocağı olub. İlk vaxtlarRespublika Əlillərin Həkim-Əmək Ekspertizası və Sosial Reabilitasiya Dispanseri” adı altında fəaliyyət göstərsə də, bir neçə il sonraDispansersözü “Mərkəz” sözü ilə əvəz edilib. Ulu öndərin respublika rəhbərliyinə qayıdışından sonra əlilliyi olan şəxslərin sosial müdafiəsi, habelə onların tibbi-sosial reabilitasiyası sahəsində görülən mühüm işlərdən biri kimi 1994-cü ildə bu mərkəz üçün dördmərtəbəli korpus inşa edilib. 1998-ci ildə isə burada əlavə funksional diaqnostika şöbəsi yaradılıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas qruplara, o cümlədən əlilliyi olan insanlara daim artan diqqət və qayğısı həmin insanlar üçün nəzərdə tutulan tibbi-sosial reabilitasiya sisteminininkişaf etdirilməsinə, bərpa-müalicə infrastrukturunun təkmilləşdirilməsinə şərait yaradıb. Bunun daha bir təzahürü kimi, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində, həmçinin Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb və qısa müddətdə bu işlər yüksək səviyyədə başa çatdırılıb. Yeni istifadəyə verilən Respublika Əlillərin Bərpa Mərkəzi 18 yaşdan yuxarı əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində Cənubi Qafqaz regionunda analoqu olmayan nümunəvi bir müəssisədir. Əlilliyi olan şəxslərə Prezident qayğısının əməli təsdiqi kimi ən yüksək səviyyədə şəraitin yaradıldığı müəssisə il ərzində bu təbəqədən olan 1000 nəfərdən çox şəxsə müasir tibbi-fizioterapevtik aparatlarla və səmərəli reabilitasiya üsulları ilə bərpa-müalicə xidməti göstərməyə imkan verir.

 

Hər bir əlilin ən böyük himayədarı dövlətdir

 

Bu gün mərkəzdə qeyd olunan şəxslərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş Qarabağ müharibəsi əlillərinin, 20 Yanvar, Çernobıl, Əfqanıstan hadisələri zamanı əlil olmuş vətəndaşların diaqnostik müayinə və müalicəsi işlərinin peşəkar səviyyədə aparılması üçün müasir tələblərə uyğun şərait mövcuddur. Burada fizioterapiyapsixoloji korreksiya, tibbi-sosial reabilitasiyafunksional diaqnostika şöbələri fəaliyyət göstərir.

Fizioterapiyapsixoloji korreksiya şöbəsində parafin vannaları, su ilə müalicə kabinetləri, hovuz, müalicəvi vannalar, müxtəlif duşlar, şarko sirkulyator, müalicə otaqları və fitobar, eləcə də müasir fizioterapiya aparatları, skelet dartması üçün traksion masa, müasir kineterapiya aparatları əlilliyi olan şəxslərin fizioterapevtik müalicəsini yüksək səviyyədə həyata keçirməyə imkan verir. Həmçinin müasir avadanlıq və qurğularla təmin edilmiş böyük idman zalı, əlavə məşğələ otaqları və s. müalicə işinin səmərəli təşkilində mühüm rol oynayır. Burada quraşdırılmış yeni texniki avadanlıqlardan biri olan robot aparatlar isə hərəkət funksiyası məhdud xəstələrin hərəkət etmələri üçün xüsusi önəm kəsb edir.

Şöbədəki 1, 2 və 3 nəfərlik palatalarda stasionar müalicə işinin aparılması, xəstələrin rahatlığı, müvafiq xidmətlərlə təmin olunmaları üçün lazımi şərait yaradılıb. Mərkəzin funksional diaqnostika şöbəsində xəstələrin düzgün diaqnostik müayinələri üçün ən müasir avadanlıqlar quraşdırılıb. Binanın foyesində isə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğısını, onlarla keçirdikləri görüşləri əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Mərkəzdəki palatalarda yaradılmış şəraitlə tanışlıq zamanı burada müalicə alan əlilliyi olan şəxslərlə həmsöhbət olduq. İkinci qrup Qarabağ müharibəsi əlili Hafiz Həmidov bir müharibə əlili kimi dövlət tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayaraq dedi:Bu gün hər bir əlilliyi olan şəxsin ən böyük himayədarı dövlətdir. Bizim yaşayış şəraitimizin yaxşılaşdırılması, sosial təminatımızın gücləndirilməsi üçün mühüm işlər görülür. Eyni zamanda, ölkəmizdə müasir səviyyədə belə bir bərpa mərkəzinin olması, burada müalicə işinin keyfiyyətlə aparılması üçün hər bir şəraitin yaradılması, lazımi tibbi-reabilitasiya avadanlıqlarının quraşdırılması möhtərəm Prezident İlham Əliyevin biz əlillərə böyük diqqət və qayğısının daha bir nümunəsidir. Burada əlilliyi olan insanlar üçün yaradılan müalicə şəraitindən, göstərilən xidmətlərdən çox razıyıq və bütün bunlara görə dövlətimizin rəhbərinə öz minnətdarlığımızı bildiririk”.

İkinci qrup Qarabağ müharibəsi əlili Ələsgər Mahmudov əlilliyi olan insanların bərpa-müalicəsi işinin müasir tələblər səviyyəsində qurulması üçün aparılan işləri yüksək dəyərləndirdi: “Möhtərəm Prezident İlham Əliyev ölkəmizdə aparılan siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşının dayandığını bəyan edib. Həqiqətən də bu gün respublikamızda görülən bütün işlər məhz ölkə vətəndaşlarının rifahına, yaxşı yaşamalarına xidmət edir. Respublika Əlillərin Bərpa Mərkəzində yaradılan şərait də sübut edir ki, Azərbaycan hər bir vətəndaşına, eyni zamanda hər bir əlil vətəndaşına diqqət və qayğı göstərən dövlətdir. Dövlətimizin başçısından çox razıyıq ki, biz əlillər üçün burada ən müasir tələblərə cavab verən belə bir şərait, bərpa-müalicə mərkəzi yaradılıb”.

Əlilliyi olan şəxslərdən Qarabağ müharibəsi əlilləri Kərim Orucov, İntiqam Mirzəyev və Yaralı Pənahov, I qrup əlillər Fərqanə Mustafayeva, Qabil Mehralıyev, Orxan Adışov, Vəli Qurbanov və digərləri də ürək sözlərini ifadə edərək, daim Prezident qayğısı ilə əhatə olunduqlarını, burada yüksək səviyyədə bərpa-müalicə xidməti ilə təmin edildiklərini, aparılan müalicələrin onların səhhətində müsbət dəyişikliklər yaratdığını vurğuladılar.

 

Peşəkar xidmət, keyfiyyətli reabilitasiya

 

Əlilliyi olan şəxslərin mərkəzə qəbulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, habelə nazirliyin tibbi-sosial ekspert komissiyalarının, müalicə-profilaktika müəssisələrinin göndərişləri əsasında həyata keçirilir. Birinci qrup əlillər 21 gün, ikinciüçüncü qrup əlillər isə 18 gün tam bərpa kursu keçirlər. Həmin müddətlərdə onlar mərkəzdə gündə üç dəfə sağlam və təbii qida ilə təmin olunurlar. Bu zaman bərpa müalicəsi alanların dietikrasional qidalanmasına ciddi diqqət yetirilir.

Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı yenidənqurma işlərindən sonra burada xəstələr üçün zəngin kitabxanadan ibarət mütaliə otağı da yaradılıb. Əlilliyi olan şəxslər kitablardan istifadə etməklə yanaşı, elektron kitabxana sistemindən də faydalana bilirlər. Bərpa müalicəsi alanların yaşı və sağlamlıqları nəzərə alınmaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, aralarında sağlam həyat tərzinin təbliği istiqamətlərində də işlər aparılır. Mərkəzin həyətində geniş yaşıllaşdırma, abadlıq işləri də aparılıb və burada bərpa müalicəsi alan əlilliyi olan insanların təmiz havada gəzintisi, xoş istirahəti üçün gözəl şərait yaradılıb.

Burada çalışan tibbi personalın peşəkarlıq səviyyələrinin artırılması da diqqətdə saxlanılır və onlar ölkə daxilində və xarici ölkələrdə təşkil edilən təkmilləşmə kurslarına cəlb olunur, bilik və bacarıqlarını artırırlar. Həmçinin tibbi-sosial reabilitasiya sahəsində dünyada mövcud olan qabaqcıl təcrübələr öyrənilməklə, onların əsasında səmərəli reabilitasiya metodları, habelə fərdi reabilitasiya planları hazırlanaraq tətbiq edilir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər bərpa-müalicə müəssisələrində, o cümlədən Uşaq Bərpa Mərkəzində də müasir tələblərə uyğun şəraitin yaradılması işləri aparılır. Bu işlər zamanı diqqətdə saxlanan məsələlərdən biri də bərpa-müalicə müəssisələrində mütərəqqi beynəlxalq təcrübəyə uyğun şəkildə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün müvafiq potensialın yaradılmasıdır.

Ümumiyyətlə, ölkəmizdə davamlı xarakter alan sosial-iqtisadi inkişaf prosesləri əlilliyi olan şəxslərə digər sahələrdə də dövlət qayğısının artması ilə müşahidə olunur. Onlara yönələn sosial müavinət və təqaüdlərin, əmək pensiyalarının mütəmadi artırılması ilə yanaşı, peşə reabilitasiyası, yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə təqdim olunması, dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri və s. ilə təminatı istiqamətində məqsədyönlü işlər görülür.

Son illərdə əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi işləri aparılmaqla, bu sahədə yeni hüquqi-normativ aktlar qəbul edilib. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulan ölkəmiz həmin sənədlə üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirir. Bununla əlaqədar ölkəmizdə görülən işlərə dair respublika hökumətinin hesabatı ötən ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında yüksək dəyərləndirilib. Milli qanunvericiliyin həmin Konvensiyaya uyğunlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi, həmçinin Konvensiyada əksini tapan müddəaların həyata keçirilməsi məqsədilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihəsi hazırlanıb. Hər iki layihə geniş ictimai müzakirə şəraitində xeyli təkmilləşdirilib.

Bu sahədə aparılan işlərdə əsas məqsədlərdən biri əlilliyi olan insanların müasir yanaşmalar əsasında tibbi-sosial reabilitasiyasının həyata keçirilməsidir. Hazırda icra olunan “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi də milli qanunvericiliyin qabaqcıl Avropa ölkələrinin təcrübəsi əsasında təkmilləşdirilməsinə yönəlib. 2014-2016-cı illəri əhatə edən layihənin mühüm komponentlərindən birimilli tibbi-sosial reabilitasiya sistemində mütərəqqi yanaşmaların, o cümlədən bərpa mərkəzlərində yeni reabilitasiya xidməti növlərinin tətbiqi, əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramlarının, onların tətbiqi üçün mexanizmlərin hazırlanmasıdır.

Bütün bunlar Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmin edildiyini, o cümlədən onların tibbi-sosial reabilitasiyası, bərpa müalicəsi sahəsində mühüm tədbirlərin həyata keçirildiyini, həmin insanların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını təsdiqləyir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 29 noyabr.- S. 6.