Tələbələr BMT modelində müxtəlif ölkələri təmsil ediblər

 

Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Birləşmiş Millətlər Təşkilatının (BMT) modelinin “ECOSOC” şurasının formatında konfrans keçirilib. Konfransın məqsədi Azərbaycanda diplomatiya və Beynəlxalq Əlaqələr sahəsində təhsil alan tələbələri BMT-nin prinsipləri ilə yaxından tanış etmək və gələcəyin diplomatlarının hazırlanmasına töfvə verməkdir. Tələbələr öncədən verilmiş mövzu üzrə araşdırma aparıb və təyin olunduqları ölkələrin iqtisadiyyatını, tarixinisiyasi münasibətlərini öyrəniblər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə dəstəyi və həmçinin “UNEC Model UN” klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın 7 ali təhsil ocağından 50-yə yaxın yerli və əcnəbi tələbə iştirak edib. BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” proqramının qəbul olunmasına həsr edilən konfransda “Təbii resursların dayanıqlı istifadəsi” mövzusunda müzakirə aparılıb.

Rəsmi açılışda təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, BMT-nin İnkişaf Proqramı Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov çıxış edib. Qonaqlar məruzələrində keçirilən tədbirin əhəmiyyətindən, gənclərə verdiyi töhfədən danışıblar.

Daha sonra öz işinə başlayan simulyasiya konfransında tələbələr ölkələr üzrə təbii resursların səmərəli istifadəsindəki təkliflərini səsləndirib, təbii resurslardan istifadənin qlobal proqramının hazırlanmasını təklif ediblər. Qlobal enerji təminatı və təhlükəsizlik siyasətinin formalaşdırılması üçünyol xəritəsi” müəyyənləşdirilib.

Konfransın formatına uyğun olaraq mövzu ətrafında iştirakçılar diskussiya xarakterli debatlar aparıblar. “Təbii resursların dayanıqlı istifadəsi” mövzusunun yekunu olaraq iştirakçılar tərəfindən qətnamə qəbul edilib.

İki gün davam edəcək konfransın bağlanış mərasimində iştirakçılar sertifikatlarla təltif olunacaq. Konfransda ən yaxşı dörd nümayəndə xüsusi “Ən yaxçı təmsilçilik” mükafatı ilə təltif ediləcək.

 

Azərbaycan.- 2015.- 29 noyabr.- S. 6.