Sumqayıtda yeni kitabxana açılmışdır

 

Koreyanın “Samsung Engineering Co. Ltd.” şirkətinin dəstəyi ilə Sumqayıt şəhərindəki 28 saylı orta məktəbdə yeni kitabxananın açılışı olmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Koreya Respublikasının Azərbaycandakı səfirliyinin, “Samsung Engineering Co. Ltd.” şirkətinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, “Azərikimya” İstehsalat Birliyinin, Karbamid zavodunun, şəhər ictimaiyyətinin və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə iməcilik keçirilmişxüsusi ayrılmış sahədə müxtəlif növ tinglər və bəzək kolları əkilmişdir.

Açılış mərasimində qeyd edilmişdir ki, “Ümid kitabxanası” kampaniyasına “Samsung Engineering Co. Ltd.” şirkəti tərəfindən 2012-ci ildə start verilmişdir. Regionlarda təhsil mühitini daha da inkişaf etdirmək məqsədi daşıyan bu layihə artıq dünyanın 4 ölkəsində tətbiq olunmağa başlanmışdır. Bu il isə “Samsung Engineering Co. Ltd.” şirkəti SOCAR-la birlikdə layihəni Azərbaycanda həyata keçirməyə qərar vermişdir. Bu layihə Sumqayıt şəhərinin 3 məktəbində reallaşdırılır ki, onlardan biri də 28 saylı tam orta məktəbdir. Digər təhsil ocaqları isə şəhərin 4 və 33 saylı tam orta məktəbləridir. Bu kitabxanalar yeni mebel və avadanlıqlarla təchiz ediləcək və 2400 kitab şagirdlərin istifadəsinə veriləcəkdir. Bununla yanaşı, “Samsung Engineering Co. Ltd.” şirkətinin nümayəndələri tərəfindən kitabxana rəhbərlərinə müəyyən təlimlər keçiriləcək.

Tədbirdə məktəbin şagirdlərinin ifasında elmə, biliyə və kitablara həsr olunmuş Azərbaycan və ingilis dillərində səhnəciklər, vətənpərvərlik ruhunda şeirlər və musiqi nömrələri təqdim olundu. Sonra qırmızı lent kəsildi, iştirakçılar yeni kitabxana ilə tanış oldular.

Tədbirin gedişatında V və VI sinif şagirdləri (ümumilikdə 50 nəfər) ekoloji maarifləndirmə məqsədi daşıyan “Eko-nəsil Məktəbi” (“Eco-generation School”) proqramı ilə təmin edilmişdir ki, bu da günəş enerjisi ilə işləyən kiçik evciklərin hissələrini birləşdirmək qabiliyyətini nümayiş etdirməkdən ibarət olmuşdur. Qeyd edək ki, dünyada uşaqlar və şagirdlər arasında güclü şəbəkə qurmaq və gənclər üçün təhsil proqramlarını maliyyələşdirməklə ekoloji məlumatlandırmanı təmin etmək məqsədi daşıyan “Eko-nəsil Məktəbi”nin Koreyada fəaliyyətə başladığı 1996-cı ildən bəri layihə artıq Çin, HindistanTaylandda icra olunmuş və şəbəkəsini genişləndirməkdədir.

Tədbirdə şagirdlərə enerji və ətraf mühitin qorunmasına dair mühazirə oxunmuş və şagirdlər arasında bilik yarışması - viktorina keçirilmişdir.

Sonda 28 saylı orta məktəbin rəhbərliyi göstərilən diqqət və qayğıya görə SOCAR və “Samsung Engineering Co. Ltd.” şirkətlərinin nümayəndələrinə minnətdarlığını bildirmişdir.

 

Akif ƏLİYEV,

 

Azərbaycan. - 2015.- 29 noyabr.- S. 7.