Göyçay şəhərində
çoxmənzilli binaların
əsaslı təmiri
ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illərdə Göyçay şəhərinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, Bayraq Meydanı Kompleksi, Uşaq Musiqi Məktəbi tikilərək istifadəyə verilmiş, rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunmuş, əlil və şəhid ailələri üçün 45 mənzilli 2 yaşayış binası inşa edilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Göyçayda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Göyçay şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Göyçay Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 2015-ci il
Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 3.