Dayanıqlı inkişafı təmin edən siyasət

 

“Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan - neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir”.

İlham ƏLİYEV

 

Dünya iqtisadiyyatının hazırkı vəziyyəti böhranların dövriliyinin artması və əhatəsinin genişlənməsi, geosiyasi risklərin yüksəlməsi əmtəə və fond bazarlarındakı qeyri-sabitlik ilə müşayiət olunur. Region ölkələrində müşahidə edilən iqtisadi problemlər, Yaxın Şərqdə gərginliyin artması, dünya iqtisadiyyatında böyük xüsusi çəkisi olan Çin iqtisadiyyatının artım tempinin enməsi, Avropada borc problemi əksər ölkələrin iqtisadiyyatına bu və ya digər dərəcədə mənfi təsir göstərir. Məhz bu amilləri əsas götürərək Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər nüfuzlu maliyyə təşkilatları qlobal iqtisadi proqnozlarına yenidən baxır və azaldırlar.

Digər tərəfdən bu amillərlə yanaşı, dünya enerji bazarındakı qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarının milli valyutalarının devalvasiyası Azərbaycan iqtisadiyyatı üçün əlavə risklər yaradır.

Qlobal və regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı davam edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və yuxarıda qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir.

Hələ 2008-ci il qlobal böhrandan xeyli əvvəl iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinə başlanılması bu siyasətin nə qədər doğru olduğunu hazırkı dövrdə bir daha təsdiq edir. Xam neftin qiymətinin 2 dəfədən çox enməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı məhz qeyri-neft sektoru hesabına inkişaf edir. Belə ki, əgər 2009-cu ildə ÜDM-də qeyri-neft sektorunun payı 47 faiz idisə, 2014-cü ildə 61 faiz təşkil etmişdir. Strateji valyuta ehtiyatları, xarici borclanmaya konservativ yanaşma da Azərbaycan iqtisadiyyatının dayanıqlılığına öz töhfəsini verir.

Dövlət başçısının qeyd etdiyi kimi: “Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Ona görə Azərbaycan inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik”.

Dünyadakı mənfi iqtisadi tendensiyalar fonunda investisiyalar uğrunda rəqabət kəskinləşir. Belə şəraitdə Azərbaycan iqtisadiyyatına xarici investorlar tərəfindən sərmayə qoyulması davam edir və bu ilin ötən dövründə ölkə iqtisadiyyatına yatırılmış investisiyaların əhəmiyyətli hissəsinin xarici sərmayələr təşkil etməsi investorların Azərbaycana inamının ifadəsidir.

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən əsas sahələrdən biri qeyri-neft sənayesidir. Dövlət başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir və hazırda Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər icra olunur.

Sənayeləşmə siyasətinə uyğun olaraq, həyata keçirilən tədbirlər nəticəsində son illər yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkə sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı, kosmik, müdafiə, alternativ enerji, gəmi istehsalı və digər yeni sənaye sahələri yaradılmış, yüzlərlə müasir istehsal və emal müəssisələri fəaliyyətə başlamışdır. Təkcə 2015-ci ilin 9 ayı ərzində 200-dən çox sənaye müəssisəsi və obyekti istifadəyə verilmiş, 10 elektrik yarımstansiyası fəaliyyətə başlamışdır. Hazırda dövlətin maliyyə dəstəyi ilə özəl sektor tərəfindən 20-yə yaxın sənaye müəssisəsi inşa olunur.

Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyi artmışdır. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur və bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. Rəqabətədavamlı məhsul istehsalı, beynəlxalq standartlara cavab verən markalanma və qablaşdırmanın aparılması ixracın genişlənməsinə yeni imkanlar yaradır, Azərbaycanın bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır.

Sumqayıt Kimya, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarının, regionlarda sənaye məhəllələrinin yaradılması qeyri-neft sənayesinin davamlı inkişafı üçün möhkəm zəmin yaradır. Təkcə Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 mlrd. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC tərəfindən dəyəri 45 mln. ABŞ dolları olan 60 min ton boru məhsulunun Türkmənistana ixracı üzrə müqavilə bağlanmışdır.

Qaradağ Sənaye Parkının rezidenti olan “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən müqavilə dəyəri 40 mln. ABŞ dolları olan sifariş əsasında yarımdalma qazma qurğusunun pantonlarının tikintisi başa çatdırılaraq təhvil verilmiş və hazırda ümumi dəyəri 404 mln. ABŞ dollarından çox olan 2 sifariş əsasında sualtı tikinti gəmisinin və üç ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi aparılır.

Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə “yaşıl biznes”in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən ilkin mərhələdə 10 mln. manatdan artıq investisiya yatırımı nəzərdə tutulur.

Gələn ilin birinci yarısında Neftçala rayonunda ilk sənaye məhəlləsi fəaliyyətə başlayacaqdır. Hazırda sənaye məhəlləsində geniş infrastruktur şəbəkəsinin (elektrik, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, inzibati, istehsal və digər infrastruktur obyektlərinin) yaradılması işləri aparılır. Sahibkarlar tərəfindən sənaye məhəlləsində balıq məhsulları və yeminin, müxtəlif avadanlıqların, qapı-pəncərə və tikinti materiallarının, qayıq və balıqçılıq ləvazimatlarının istehsalı ilə bağlı Azərbaycan İnvestisiya Şirkətinə 18 layihə təqdim olunmuşdur. Sənaye məhəlləsində sahibkarların fəaliyyətinin səmərəli təşkili üçün hüquqi, bank, sığorta, ümumi mühasibatlıq xidmətləri göstəriləcək, onlara müxtəlif təlimlər keçiriləcəkdir. İlkin mərhələdə şirkətlər tərəfindən sənaye məhəlləsinə 7 layihə üzrə 15,6 mln. manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir. Burada sənaye istehsalı və ya sənaye ilə bağlı xidmət üzrə layihələr həyata keçirmək istəyən sahibkarlar Azərbaycan İnvestisiya Şirkətinə müraciət edə bilərlər.

Sənaye sahəsində həyata keçirilən tədbirlər rəqabətqabiliyyətli məhsul istehsalının genişlənməsi ilə bərabər, idxalın əvəz edilməsinə də öz töhfəsini verir. Məsələn, son illər yeni sement zavodlarının fəaliyyətə başlaması bu sahədə ölkəmizin illik istehsal gücünün 5 milyon tonu ötməsinə və tələbatın əsasən yerli istehsal hesabına ödənilməsinə imkan yaratmışdır.

Qarşıdakı illərdə sənayenin modernləşdirilməsi və innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud zəngin təbii resurslardan səmərəli istifadə, son məhsuladək texnoloji zəncirin qurulması, rəqabətqabiliyyətli sənaye istehsalının artırılması və ixracın genişləndirilməsi Azərbaycan sənayesinin başlıca istiqamətləridir. Növbəti illərdə bu prioritetlərə uyğun olaraq sənayenin inkişafına dövlət dəstəyi tədbirləri davam etdiriləcək, yeni istehsal sahələrinin yaradılması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaqdır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmişdir. İstehsalçılar vergilərdən azad edilməklə (torpaq vergisi istisna olmaqla) bərabər, onlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanı yaradılır, əkin sahələrində istifadə olunan yanacaq üçün subsidiyalar verilir. Görülmüş işlər və aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri nəticəsində bir sıra ərzaq məhsullarının istehsalı artmış, ölkəmizin özünütəminetmə səviyyəsi yüksəlmişdir.

Son illər təkcə dövlətin maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 43 quşçuluq təsərrüfatı, 23 cins heyvandarlıq kompleksi, 8 süd və 6 ət emalı müəssisəsi, 39 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 43 müasir istixana kompleksi, 16 meyvə-tərəvəz emalı müəssisəsi, 51 logistik mərkəz və 22 taxıl anbarı kompleksi yaradılmışdır ki, bu da istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir. Bununla yanaşı, aqroparkların və intensiv metodlara əsaslanan yüksək məhsuldarlığa malik müasir iri fermer təsərrüfatlarının yaradılması tədbirləri də davam etdirilir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın hazırda 19 rayonunda (Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı, Yevlax, Ağdaş, Şəmkir, Siyəzən, İsmayıllı, Samux və Şəmkir) 40 min hektardan artıq sahədə 22 sahibkarlıq subyekti tərəfindən 30 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 162,4 milyon manat olan bu təsərrüfatların yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 61,6 milyon manat güzəştli kredit verilmişdir. Hazırda fəaliyyətdə olan təsərrüfatlarda müasir suvarma sistemləri qurulmuş, hər hektardan 58-60 sentner arpa və buğda, 120 sentnerədək dənlik qarğıdalı götürülür. Bununla yanaşı, Şəmkir, Xaçmaz və Xızı rayonlarında aqropraklar yaradılır. Aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 23 milyon manat güzəştli kredit verilmişdir. Şəmkir və Yalama aqroparklarında birinci mərhələ üzrə işlər ilin sonunadək yekunlaşacaqdır. Xızı aqroparkında isə hazırda müvafiq layihələndirmə işləri aparılır.

Heyvandarlığın maddi-texniki bazasının, cins tərkibinin yaxşılaşdırılması və bu sahədə dövlət dəstəyinin gücləndirilməsi barədə dövlət başçısının imzaladığı sərəncamlar aqrar sektorun inkişafına əlavə təkan verir.

Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi, bu yaxınlarda isə Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsinə başlanılması meliorativ tədbirlərin yaxşılaşdırılmasına, on minlərlə hektar yeni torpaqların əkin dövriyyəsinə cəlb olunmasına, iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına imkan verir.

Böyük potensiala malik olan nəqliyyat sektorunda regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin həyata keçirilməsi, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər ölkəmizin tranzit imkanlarının reallaşdırılmasını təmin edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin istifadəyə verilməsi, bu sahədə yeni infrastruktur layihələrinin icrası, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, tranzit imkanlarına görə Azərbaycanın regionun aparıcı dövləti statusunu daha da möhkəmləndirir. Yeri gəlmişkən, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlər intensivləşdirilmişdir və bu günlərdə dəhlizlə bağlı görülən işlərin gedişi, yaradılacaq infrastruktur barədə müzakirələrin aparılması məqsədilə Azərbaycan və İran sərhədində görüşlərin təşkili, dəhlizin Astara (Azərbaycan) - Astara (İran) hissəsinə baxışın keçirilməsi nəzərdə tutulur.

Son illərdə sürətlə inkişaf edən İKT sahəsində görülən işlərin davamı olaraq, peyklərin orbitə çıxarılması, yüksək texnologiyalar parklarının fəaliyyətinin təşkili, elektron xidmətlərin genişləndirilməsi bu sahədə əlavə imkanlar yaradır.

Ölkəmizin turizm potensialının inkişaf etdirilməsi və dünyada tanıdılması, bu sahədə müasir infrastrukturun yaradılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Nəticədə ölkəmizə gələn turistlərin sayı, bu sahədən əldə olunan gəlirlərin həcmi xeyli artmışdır. Turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, ölkəmizin beynəlxalq səviyyəli idman və mədəni tədbirlərə evsahibliyi etməsi turizm sahəsinin inkişafına əlavə stimul yaradır.

Azərbaycan Respublikası Prezidentinin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, son illərdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin genişləndirilməsi nəticəsində sahibkarlıq qeyri-neft sektorunun inkişafının aparıcı qüvvəsinə çevrilmişdir. Son illər bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, dövlət dəstəyinin genişləndirilməsi, o cümlədən vergi güzəştləri və subsidiyalar ilə bağlı əhəmiyyətli işlər görülmüş, Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu, “Aqrolizinq” ASC və digər vasitələrlə real sektora maliyyə dəstəyi göstərilmişdir.

Sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilmiş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” yaradılmışdır. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə əlaqədar sahibkarların hüquqlarının müdafiəsinə, sui-istifadə hallarının qarşısının alınmasına və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Bununla yanaşı, icazələrin elektron informasiya portalı icazə xarakterli sənədlərə və onların alınması prosedurlarına, təqdim edilməli sənədlərə, icazələrin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etməyə imkan verir.

Sahibkarlıq sahəsində görülmüş tədbirlər nəticəsində ölkənin ticarət və xidmət obyektləri müasir tələblərə uyğun geniş çeşiddə yerli ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin edilmiş, ölkədən ixrac olunan mal çeşidi ötən ildə 2003-cü illə müqayisədə 76,6 faiz artmışdır.

Qarşıdakı illərdə dövlət başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq, sahibkarlara dövlət xidmətlərinin göstərilməsi zamanı subyektivliyin minimuma endirilməsi, bu zaman İKT vasitələrindən və “ASAN xidmət”in imkanlarından istifadə edilməsi, tikinti, idxal-ixrac, kommunal xidmətlərə qoşulma, daşınmaz əmlak və torpaq üzrə əməliyyatların səmərəli, şəffaf və operativ şəkildə aparılması, ixracın təşviqi və tranzit potensialının reallaşdırılması, biznes mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlər davam etdiriləcəkdir.

Qeyri-neft sektorunun inkişafında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb edir. Dövlət proqramı çərçivəsində bu ilin 9 ayı ərzində 170-dən artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 430-dan artıq müəssisənin isə tikintisi davam etdirilir. Bu dövrdə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər və idman, 24 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 2015-ci ilin ötən 9 ayı ərzində 11 gənclər və idman obyekti, 11 məktəb, 7 uşaq bağçası, Respublika Əlillərin Bərpa Mərkəzi istifadəyə verilmiş, 60-a yaxın sosial obyektdə isə işlər davam etdirilir.

Azərbaycanda iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılması və şaxələndirilməsi ölkənin xarici ticarət əlaqələrinə də müsbət təsir göstərir, qeyri-neft ixracının inkişaf dinamikası davam edir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz tikilib. Dövlətin maliyyə dəstəyi, İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərsun Holdinq” MMC tərəfindən həyata keçirilən layihənin dəyəri 20 milyon ABŞ dollarıdır. Bu ilin noyabr ayından etibarən logistik mərkəz vasitəsilə Azərbaycanda istehsal olunan meyvə, tərəvəz və digər qida məhsulları Qazaxıstanın qərb regionlarına ixrac olunacaqdır. Digər regionlarda da belə logistik mərkəzlərin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, neftin qiymətinin düşməsi ilə əlaqədar Azərbaycanın gəlirlərinin azalmasına baxmayaraq, heç bir sosial proqram ixtisar olunmayacaq. Sosial sahədə görülən bu tədbirlər isə insanların daha firavan və rahat yaşamasına, ümumilikdə ölkə iqtisadiyyatının davamlı inkişafına xidmət edəcəkdir.

Əsasında insan amili, Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi dayanan bu siyasətin nəticəsidir ki, son 12 ildə 1 milyonu daimi olmaqla, 1 milyon 400 mindən çox iş yeri açılmış, ötən ilin yekunlarına əsasən Azərbaycanda işsizlik 4,9 faiz, yoxsulluq 5 faiz səviyyəsində olmuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr Azərbaycanda sosial sahənin inkişafına, qeyd olunan məsələlərin həllinə mühüm töhfələr verir.

Azərbaycanda işsizliyin və yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən tədbirləri, bu sahədə əldə olunan müsbət dəyişiklikləri nüfuzlu beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər. Təsadüfi deyildir ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaqda Azərbaycanın əldə etdiyi nailiyyətlərə görə Prezident İlham Əliyev BMT-nin “Cənub-Cənub” mükafatı ilə təltif olunmuşdur.

2015-ci ilin altı ayının yekunlarına həsr olunmuş iclasda dərman vasitələri bazarında baş verən pozuntulara son qoyulması və sentyabr ayından gec olmayaraq məsələnin yeni müstəvidə həlli barədə dövlət başçısının verdiyi tapşırığın icrası olaraq, bir sıra Avropa ölkələrinin və Türkiyənin təcrübəsi əsasında təkmilləşdirilmiş metodologiya hazırlanaraq, dərmanların qiymətlərinin tənzimlənməsi prosesinə başlanmış və 2200-dək dərmanın qiyməti təsdiq edilmişdir. Vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanan qiymət tənzimlənməsi nəticəsində bu dərmanların satışda mövcud olan qiymətlərlə müqayisədə 53 faizinin qiyməti 2 dəfədən çox, 28 faizinin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilikdə isə 98 faizinin qiymətləri endirilmişdir.

Dərmanların qiymətlərin üzərində göstərilməsi, internet resurslarında və KİV-lərdə yerləşdirilməsi qiymət intizamına ictimai nəzarəti təmin etməklə yanaşı, vətəndaşa dərman vasitəsini bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan yaradır və süni qiymət artımı məsələsi aradan qalxır. Bu islahat vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq, dövlət büdcəsinin xərcləri azalacaq, bu sahədə sığorta sisteminin inkişafına töhfə verəcəkdir. Proses bütün dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdirilir.

Hazırda Mənzil Məcəlləsinin müddəalarına əsasən ölkənin mənzil-kommunal təsərrüfatı sahəsinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun inkişaf etdirilməsi və ölkə vətəndaşlarının mənzil-kommunal xidmətlərindən istifadəsinin təmin olunması məqsədilə bu sahədə formalaşmaqda olan yeni münasibətlərin təbliği, islahatların həyata keçirilməsi, eləcə də beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi idarəetmə üsullarının tətbiq edilməsi və əhalinin mənzil idarəçiliyində yaxından iştirakına şərait yaradılması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir. Bu işlər çərçivəsində Bakı şəhərinin ayrı-ayrı ünvanlarında mənzil mülkiyyətçilərinin cəmiyyətləri təsis olunaraq, artıq onlardan 13-ü dövlət qeydiyyatına alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın “ASAN xidmət” mərkəzləri vasitəsilə təqdim olunması, mənzil-kommunal təsərrüfatı sahəsində həyata keçirilən islahatlara öz müsbət töhfəsini verəcəkdir. Eyni zamanda, mənzil-kommunal sahəsində idarəetmənin təkmilləşdirilməsi və islahatların sürətləndirilməsi ilə bağlı təkliflər hazırlanmışdır.

Ölkə iqtisadiyyatının qlobal böhran fonunda belə inkişaf nümayiş etdirməsi beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır. Təsadüfi deyildir ki, bir qədər öncə dərc edilmiş “Qlobal Rəqabət Qabiliyyəti 2015-2016” hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, öz lider mövqeyini qorumuş, “G-20”-yə üzv olan 8 ölkəni - İtaliya, Rusiya Federasiyası, Cənubi Afrika Respublikası, Türkiyə, Hindistan, Meksika, Braziliya və Argentinanı qabaqlamışdır. Azərbaycan “Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 10-cu yer tutmuş, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəricisiləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olmuşdur. Qlobal böhran fonunda bir çox ölkələrin reytinqini aşağı salan “Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın suveren reytinqini bir daha investisiya səviyyəli “BBB-” səviyyəsində saxlamış, reytinq üzrə proqnozu isə “sabit” kimi təsdiqləmişdir. Beynəlxalq Valyuta Fondunun bu günlərdə açıqladığı “Dünya İqtisadi Proqnozları” hesabatında Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu yüksəldərək 4 faiz səviyyəsinə qaldırmışdır.

Beləliklə, ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çevik və praqmatik siyasəti, uzaqgörənliklə qəbul etdiyi qərarlar, həyata keçirilən qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mürəkkəb proseslərin, xarici risklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini neytrallaşdırır, ölkəmizin dayanıqlı və davamlı inkişafını təmin edir. Prezident İlham Əliyevin dediyi kimi: “Bu gün elə bir ölkə tapmaq çətindir ki, böhran ona təsir etməsin - hansısa ölkələrə daha çox, hansısa ölkələrə daha az. Amma Azərbaycan böhranlı illərdə inkişaf edir... İnfrastruktur layihələri icra edilir, neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək”.

 

Şahin MUSTAFAYEV,

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

 

Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 4.