Rosen Plevneliyev: Azərbaycan Bolqarıstanın mühüm tərəfdaşlarından biridir

 

Oktyabrın 7-də Bolqarıstan Prezidenti Rosen Plevneliyev Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident Rosen Plevneliyev rəsmi Sofiyanın ölkəmizlə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Bolqarıstanın mühüm tərəfdaşlarından biridir. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, Mərkəzin təşəbbüsü ilə həyata keçirilən layihələri təqdir etdiyini diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib.

Görüşdə gələn ilin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumunun IV toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb. Nazim İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin bu Foruma xüsusi əhəmiyyət verdiyini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə hər zaman diqqət qayğı göstərdiyini vurğulayıb. O qeyd edib ki, məhz Prezident İlham Əliyevin dəstəyi sayəsində bu Forum qlobal problemlərin müzakirə olunduğu mühüm bir platformaya çevrilib.

Bolqarıstan dövlətinin başçısı Qlobal Bakı Forumunun IV toplantısının müasir dünyanın qlobal problemlərinin həllinə töhfə verəcəyinə ümid etdiyini, böyük məmnuniyyətlə Forumda iştirak etmək arzusunda olduğunu deyib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 6.