Azərbaycan Prokurorluğunun fəaliyyətinin səmərəliliyi artmışdır

 

“Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasında ardıcıl olaraq həyata keçirilmiş köklü və sistemli islahatlar nəticəsində inkişaf etmiş dünya ölkələrinə məxsus müsbət cəhətləri və milli xüsusiyyətləri özündə birləşdirən, beynəlxalq prinsip və müddəalara tam uyğun olan hüquq sistemi yaradılmış, dövlət təsisatları ən yüksək standartlara müvafiq şəkildə formalaşdırılmış, o cümlədən prokurorluq orqanları tam yenidən qurulmaqla müasir dövrün tələblərinə cavab verən, fəaliyyətində qanunçuluq, dövlətçilik, siyasi bitərəflilik, obyektivlik və qərəzsizlik prinsiplərinə əsaslanan demokratik məzmunlu bir orqana çevrilmişdir.

Ölkə Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar görülmüş çoxsaylı işlər, həyata keçirilmiş tədbirlər hüquq sisteminin inkişafı prosesinə, vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırılmasına, onun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasına, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasına, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə səbəb oldu. Bu, həm də prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasına, prokurorluq orqanlarının müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğun fəaliyyətinin yeni keyfiyyət müstəvisinə yüksəldilməsinə şərait yaratmışdır.

Bununla yanaşı, daim inkişaf edən ölkəmizdə ictimai münasibətlər intensiv şəkildə dəyişdiyindən prokurorluq orqanlarının qarşısında dayanan vəzifələrin həcmi və məzmununa dair tələblər də adekvat dəyişikliyə məruz qalaraq artmaqda davam etmişdir. Bu isə prokurorluğun fəaliyyətinin ictimai tələbata uyğun olaraq təkmilləşdirilməsi və müasirləşdirilməsi prosesinin mütəmadi olaraq həyata keçirilməsi zərurətini yaradır. Təsadüfi deyildir ki, Azərbaycan Prokurorluğunun fəaliyyətinin təkmilləşdirilməsi dövlətin və cəmiyyətin inkişafı ilə bərabər həyata keçirilən davamlı bir prosesə çevrilmişdir.

Cəmiyyətin və dövlətin inkişafına uyğun olaraq müasirləşən və daim təkmilləşməkdə olan Azərbaycan Prokurorluğunun fəaliyyətində qanunvericiliklə müəyyən edilən yeni vəzifə və funksiyaların müəyyən olunması ilə yanaşı, hər il mütəmadi olaraq həyata keçirilən və artıq müsbət ənənəyə, mütərəqqi təcrübəyə çevrilmiş bir sıra hallar da var. Onların içərisində prokurorluğun rəhbərliyi tərəfindən mütəmadi olaraq bölgələrdə əhalinin qəbulunun keçirilməsi və vətəndaşların müraciətləri üzrə yerində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, ölkənin qaçqın və məcburi köçkün vətəndaşlarına prokurorluq işçiləri tərəfindən bayramlarda ərzaq məhsullarının verilməsi və sair qeyd oluna bilər.

Cari ilin oktyabr ayının 1-də prokurorluq işçiləri, veteranlarımız, bütün hüquq ictimaiyyəti növbəti - 18-ci dəfə prokurorluq işçilərinin peşə bayramını böyük sevinc və ruh yüksəkliyi ilə təntənəli şəkildə qeyd edəcəklər. Hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi bizlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə bəxş edilmişdir. Məlum olduğu kimi, milli prokurorluq orqanlarının tarixi 1 oktyabr 1918-ci ildən, Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının həmin tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluğun təsis edilməsindən hesablanır.

Lakin milli prokurorluq orqanlarının tarixi 1918-ci ildən hesablanmasına və idarəetmənin digər sahələrində mövcud olmasına baxmayaraq, prokurorluq işçilərinin peşə bayramı günü uzun illər ərzində təsis edilməmişdir. Belə bir sərəncam məhz ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmışdır. Prokurorluq işçilərinin peşə bayramının təsis edilməsi prokurorluğa və prokurorluq işçilərinə göstərilən böyük qayğının ifadəsi olmaqla onların fəaliyyətinin yüksək dəyərləndirilməsinin təzahürü olmuşdur.

Ulu öndər nəinki prokurorluq işçilərinin peşə bayramının təsis edilməsi barədə təşəbbüs göstərərək bununla bağlı müvafiq sərəncam imzalamış, eyni zamanda 1998-ci il noyabr ayının 28-də prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli müşavirədə tarixi nitq söyləyərək prokurorluq orqanlarının fəaliyyəti və inkişafı üçün proqram əhəmiyyətli tövsiyələr və tapşırıqlar vermişdir. Ümummili liderin həmin müşavirədəki “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma, eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız.” sözləri hər bir prokurorluq əməkdaşının güc və biliyini, bacarıq və peşəkarlığını tam səfərbər edərək gündəlik işində nail olmağa çalışdığı əsas fəaliyyət prinsipinə çevrilmişdir.

Milli prokurorluq orqanlarının 90 illik yubileyi də respublikamızda böyük ruh yüksəkliyi və xüsusi təntənə ilə qeyd edilmişdir. Ölkədə hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, müasir tələblərə cavab verən hüquq sisteminin formalaşdırılması, dövlət orqan və təsisatlarının, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması istiqamətində ardıcıl və ciddi islahatlar həyata keçirən möhtərəm Prezident İlham Əliyev prokurorluğa hədsiz qayğı göstərərək işçiləri 90 illik yubileyi münasibətilə təbrik etməklə bu dövlət qurumunda həyata keçirilən işləri yüksək qiymətləndirmiş, prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlərin görüldüyünü, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinin ön plana çəkildiyini, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığını və onun nüfuzunun yüksəldiyini, prokurorların cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirmələrini, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadıqlarını qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yubiley münasibətilə prokurorluğa ünvanladığı müraciətində ölkəmizdə zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq prokurorluq orqanlarının statusunda, səlahiyyətində və fəaliyyətində köklü dəyişikliklərin baş verdiyi, kadr siyasətində ciddi dönüşün yaradıldığı və şəffaflığın təmin edildiyi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin görüldüyü qeyd olunmaqla yanaşı, prokurorluq orqanları qarşısında dayanan mühüm vəzifələr vurğulanaraq, əsas məqsədin prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünya görüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması olduğu xüsusi göstərilmişdir.

Azərbaycan Respublikasında müasir dövrün tələblərinə uyğun olaraq yeni keyfiyyət müstəvisində reallaşdırılan dövlət gənclər siyasəti çərçivəsində prokurorluq orqanlarına işə qəbulun müsabiqə yolu ilə aparılması prokurorluğun kadr tərkibinin hərtərəfli savadlı və yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvərliyi və dövlətçilik ideyalarına sədaqəti ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, dövlət başçısı cənab İlham Əliyevin ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunmasına dair verdiyi tapşırıqların icrası istiqamətində mühüm vasitə olmuşdur.

Prokurorluqda obyektivlik və ədalətlilik meyarlarına əsaslanaraq həyata keçirilən, yüksək peşəkarlığa və nəzəri biliklərə malik, sağlam mənəviyyatlı, dövlətçiliyə, xalqına və vətəninə sadiq, qanunun aliliyinə, hüquqi dövlətin prinsiplərinə və milli dəyərlərə hörmətlə yanaşan, müasir dünyagörüşlü işçilərlə komplektləşdirilmə prosesi uğurla aparılır. Bu amillər həm prokurorluq orqanlarına qulluğa yeni qəbul edilən şəxslərin seçimi zamanı, həm də kadrların yerdəyişməsi (rotasiyası), xidməti vəzifələrinin icrasına vicdanla yanaşaraq fəaliyyətində nailiyyətlər qazanmış və peşə hazırlığı səviyyəsi ilə fərqlənən şəxslərin vəzifədə irəli çəkilməsi, müvafiq iş təcrübəsi, analitik düşünmə və təşkilatçılıq qabiliyyəti olan prokurorluq işçilərinin müstəqil işə təyin edilməsi prosesində əhəmiyyətli olmuşdur. Prokurorluq orqanlarında aparılmış kadr islahatları nəticəsində Baş Prokurorluğun kadr tərkibi əksər hissədə, o cümlədən bütün struktur qurumlarda rəhbərlik yenilənmiş, rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifələrinə ilk dəfə olaraq təyin edilən şəxslərin sayı artmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbulun 2002-ci ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, çoxsaylı hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aparılmaqla indiyədək keçirilmiş 14 müsabiqə nəticəsində 631 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir ki, bu da prokurorluq işçilərinin 56 faizini təşkil etmişdir. Müsabiqə yolu ilə işə qəbul olunan şəxslər prokurorluqda səmərəli fəaliyyət göstərmiş, onların müəyyən hissəsi irəli çəkilmiş, o cümlədən 31 nəfəri rəhbər vəzifələrə təyin edilmişlər.

Prokurorluğa qulluğa qəbulla bağlı 2014-cü ildə elan edilmiş 15-ci müsabiqənin ixtisas imtahanları (test imtahanı və yazılı imtahan) və müsahibə mərhələlərinin keçirilməsi nəticəsində müvafiq keçid ballarını toplayaraq işə qəbul olunmuş 25 gənc hüquqşünas qaydalara əsasən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilmişlər. İcbari təlimi müvəffəqiyyətlə bitirən gənc hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin edilmişlər.

Prokurorluq orqanlarında həyata keçirilən ədalətli və şəffaf kadr siyasətinin təmin edilməsi, prokurorluq işçilərinə onların fəaliyyətinə uyğun obyektiv həvəsləndirmə tədbirlərinin tətbiqi prosesinin, işçilərin attestasiyalarının keçirilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə Baş Prokurorluq üzrə cari ilin iyul ayında imzalanmış müvafiq əmrlərlə “Məhkəmə və hüquq-mühafizə orqanlarından, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa işə keçirilmə Qaydaları”, “Prokurorluqda həvəsləndirmə tədbirlərinin tətbiqi Qaydaları”, “Prokurorluq orqanlarında əvəzçilik qaydasında əlavə əmək fəaliyyəti ilə məşğul olma Qaydaları” təsdiq edilmiş, “Prokurorluq işçilərinin attestasiyasının keçirilməsi Qaydaları”nda dəyişikliklər edilmişdir.

Prokurorluq orqanlarında kadrlarla iş sahəsində ardıcıl olaraq həyata keçirilən sistemli tədbirlər nəticəsində tələbkarlıq daha da artmış, əmək və icra intizamına nəzarət gücləndirilmiş, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə və fəaliyyətlərində qanunsuzluq hallarına yol vermiş prokurorluq işçilərinə prinsipiallıq mövqeyindən yanaşılmışdır. 2014-cü il 1 oktyabr tarixdən indiyədək olan dövr ərzində prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə 66 əməkdaş intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilmiş, 7 nəfər vəzifədən azad edilmiş, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunmuşdur. İntizam məsuliyyətinə cəlb edilənlərin 8 nəfəri Baş Prokurorluğun, 6 nəfəri hərbi, 16 nəfəri Bakı şəhər prokurorluq orqanlarının, 12 nəfəri rayon prokuroru, 24 nəfəri isə respublika tabeliyində olan rayon prokurorluqlarının digər əməkdaşları olmuşlar.

Prokurorluq işçilərinin xidməti fəallığının artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilərək bu müddət ərzində prokurorluq orqanları üzrə 152 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunmuşdur ki, onlardan 2 nəfər “Prokurorluğun fəxri işçisi” döş nişanı, 37 nəfər fəxri fərmanla təltif edilmiş, 23 nəfərə qiymətli hədiyyə, 6 nəfərə isə vaxtından əvvəl növbəti xüsusi rütbə verilmişdir.

Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilməklə, ötən bir il ərzində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Cinayət prosesində ekstradisiya, insan hüquq və azadlıqlarının müdafiəsi”, “İnzibati xətalar haqqında iş üzrə prokuror nəzarətinin metodikası”, “Prokurorluq orqanlarında uçot və statistik hesabatların hazırlanması metodikası”, “Tibb işçilərinin peşə vəzifələrinin icrası ilə bağlı cinayətlərə dair məlumatların araşdırılması metodikası”, “Korrupsiya cinayətlərinin tövsifinin hüquqi (maddi, prosessual) əsasları və qaydaları” və “Prokurorluq orqanlarında kriminoloji təhlil aparılması metodikası” mövzularında ixtisasartırma kursları təşkil edilmişdir. Bununla yanaşı, Dövlət Miqrasiya Xidmətinin işçiləri üçün “İnzibati xətalar haqqında işlər üzrə icraatın metodikası” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

Cinayət təqibi prosesində ədalət mühakiməsinin əsas prinsiplərindən biri olan, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda prioritet məsələ kimi müəyyən olunan təqsirsizlik prezumpsiyasının bütün tələb və şərtlərinə istintaq təcrübəsində tam və dəqiq olaraq əməl edilməsinin təmin olunması məqsədi ilə 05 iyun 2015-ci il tarixdə Baş Prokurorluq üzrə müvafiq əmr imzalanaraq icraya yönəldilmişdir. Baş Prokurorluq tərəfindən bölgələr üzrə müvafiq rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə bu prinsipin tətbiqi və onunla bağlı Avropa Məhkəməsinin presedent hüququna dair məsələlərə həsr olunmuş seminar- məşğələlər keçirilmişdir.

Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və digər hüquq-mühafizə orqanları ilə birgə qarşılıqlı əməkdaşlıq şəraitində cinayətkarlığa, xüsusilə onun mütəşəkkil formalarına, terrorçuluğa, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri diqqət mərkəzində saxlanılmışdır. Cinayət işlərinin istintaqı zamanı cinayətlərin törədilməsində təqsirli olan şəxslərin ifşa edilərək məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin olunmuşdur.

Prokurorluq orqanlarında istintaqın aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində fəaliyyətin səmərəliliyi xeyli dərəcədə yüksəlmiş, cəmiyyətdə ictimai qınaq doğuran bir sıra cinayətləri törətmiş şəxslərin vaxtında müəyyən edilərək barələrində qanuni tədbirlərin görülməsi, yüksək peşəkarlıqla həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində bir çox qeyri - aşkar xüsusilə ağır və ağır cinayətlərin açılması təmin olunmuşdur. Təsadüfi deyildir ki, 2014-cü ilin birinci yarımilində ölkə üzrə cəmi qeydiyyata alınmış cinayətlərin 80,1 faizinin açılması təmin olunmuşdursa, cari ilin müvafiq dövründə bu rəqəm 84,8 olmuşdur. Cinayətlərin növləri üzrə götürdükdə xüsusilə ağır cinayətlər üzrə açılma faizi bu ilin birinci yarımilində ötən ilin eyni dövrünə nisbətdə 93,1-dən 96,8-ə, ağır cinayətlər üzrə 79,8-dən 80,9-a, az ağır cinayətlər üzrə 80,9-dan 85-ə, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə isə 78,6-dan 85,5-ə yüksəlmişdir. Prokurorluqda istintaqı aparılan cinayət işləri üzrə bu göstəricilər daha yüksək olmuşdur. Belə ki, prokurorluq orqanlarında istintaqı aparılan işlər üzrə açılma faizi ötən ilin birinci yarımillində 86,9 faiz olduğu halda bu ilin müvafiq dövründə 93,1 faiz təşkil etmişdir. Xüsusilə ağır cinayətlər üzrə bu rəqəm 94,9-dan 97,5-ə, ağır cinayətlər üzrə 83,3-dən 85,8-ə, az ağır cinayətlər üzrə 90,5-dən 92,8-ə, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə isə 79,9-dan 96,8-ə yüksəlmişdir. Qəsdən adam öldürmə cinayətlərinin açılma faizi ötən ilin birinci yarımilində 86 olduğu halda bu il 92,8 olmuş, rüşvət cinayətləri üzrə isə bu rəqəm 83,3-dən 100-ə yüksəlmişdir.

Korrupsiyaya qarşı mübarizə üzrə görülən sistemli və kompleks tədbirlər içərisində təşkilati və institusional islahatlar xüsusilə əhəmiyyətli olmuşdur. Dövlət başçısı cənab İlham Əliyevin 31 avqust 2015-ci il tarixli “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” fərmanı ilə korrupsiyaya şərait yarada bilən halları qeyri-mümkün etməklə bu sosial bəlanın kökündən məhv edilməsində əvəzsiz rolu olan, dünyada Azərbaycan “brendi” kimi tanınan “Asan Xidmət”in səlahiyyətləri genişləndirilmişdir. Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə arayışların verilməsi, şəxsin ölkə vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması, taksi minik avtomobilləri ilə sərnişin daşınmasına lisenziyanın verilməsi və taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “Fərqlənmə nişanı”nın verilməsi bu mühüm dövlət təsisatının funksiyalarına aid edilməklə yaşayış yeri üzrə arayışların elektron qaydada tərtib edilərək müraciət olunan gün, vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən verilməsi müəyyən edilmişdir. Bununla yanaşı, fərmanla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya, sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsinin təmin edilməsi məqsədilə “Elektron lisenziya” portalının yaradılması nəzərdə tutulmuşdur.

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2014-cü il tarixli müvafiq fərmanları ilə “Daşınan əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”yə müvafiq dəyişiklik edilməklə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həmin reyestrlərin elektron məlumatlarından real vaxt rejimində istifadə etmək səlahiyyəti verilmişdir ki, bu da korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyətin səmərəliliyinin artırılmasına şərait yaratmışdır.

Görülən ardıcıl və sistemli tədbirlər nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin effektivliyi yüksəlməkdə davam etmişdir. 2014-cü ildə Baş İdarədə 9145 ərizə və şikayətə baxılmışdır ki, onlardan 5951 müraciət qurumun “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuşdur. Həmin müraciətlərin 21-i üzrə müvafiq əsaslar müəyyən olunduğundan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılmışdır. Ümumilikdə, il ərzində Baş İdarə tərəfindən 326 cinayət xarakterli müraciət və məlumat araşdırılmışdır ki, onlardan da 98-i mənimsəmə, 85-i dələduzluq, 57-si vəzifədən sui-istifadə etmə, 27-si saxta sənəddən istifadə etmə, 25-i rüşvət, 4-ü qanunsuz kredit alma, 3-ü vergi ödəməkdən yayınma, 3-ü qanunsuz sahibkarlıq, 1-i qaçaqmalçılıq, 1-i kompüter sisteminə qanunsuz daxil olma, 22-si isə digər cinayətlərlə əlaqədar olmuşdur. İl ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 12 şəxs cinayət başında yaxalanmışdır. 12 nəfər barəsində 11 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanmışdır.

2014-cü il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmiş, həmin işlərdən 171 iş maddi ziyanla əlaqədar olmuşdur ki, vurulmuş 76 milyon manatdan yuxarı ziyanın 72 faizinin istintaq zamanı ödənilməsi təmin edilmişdir.

2015-cü ilin birinci yarımili ərzində Baş İdarədə 5150 ərizə və şikayətə baxılmışdır ki, onlardan 3414 müraciət qurumun “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuşdur. Həmin müraciətlərin 12-si üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılmışdır. Cari ilin birinci yarımili ərzində Baş İdarə tərəfindən 95 cinayət xarakterli müraciət və məlumata baxılmışdır ki, onlardan da 14-ü rüşvət, 20-si vəzifədən sui-istifadə etmə, 30-u dələduzluq, 15-i mənimsəmə, 2-si saxta sənəddən istifadə etmə, 1-i saxta müflisləşmə, 3-ü qanunsuz sahibkarlıq, 1-i əmtəə nişanlarından qanunsuz istifadə, 5-i isə digər cinayətlərlə əlaqədar olmuşdur. Həmin müddət ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanmış, 5 nəfər barəsində 5 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanmışdır.

2015-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 270 cinayət işinin ibtidai araşdırması həyata keçirilmişdir ki, həmin cinayət işləri əsasən mənimsəmə və israfetmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, saxta sənədlərdən istifadə etmə və digər faktlarla əlaqədar olmuşdur. Bu müddət ərzində 158 şəxs barəsində 99 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərin iştirakçısı olan Azərbaycan Respublikasının bu sahədə dünyada qazandığı yüksək imicinin nəticəsidir ki, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının 3-cü sessiyası 19-21 noyabr 2014-cü il tarixlərdə Bakıda keçirilmişdir. 43 ölkədən 130-dan çox nümayəndənin, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların - Avropa Şurasının, Avropa İttifaqının, Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (QRECO), Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa bürosunun (OLAF), müstəqil antikorrupsiya qurumlarının rəhbərlərinin, ədliyyə və daxili işlər nazirlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Beynəlxalq Antikorrupsiya Akademiyası Assambleyasının növbəti il üçün sədri seçilmişdir. Sonda IACA Assambleyasının 3-cü sessiyasının Bakı Bəyannaməsi qəbul edilmişdir.

Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı cənab İlham Əliyevin tarixi giriş və yekun nitqlərində qeyd olunduğu kimi, birinci yarımillikdə ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir - şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiyaya qarşı mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Cənab Prezidentin qeyd olunan proqram xarakterli nitqlərində, eyni zamanda, bir sıra həllini gözləyən ən vacib məsələlərə də toxunularaq hüquq mühafizə orqanları, o cümlədən prokurorluq qarşısında dayanan mühüm məqsəd və məramlar, bu qurumların fəaliyyətinin əsasını təşkil etməli olan mühüm vəzifələr vurğulanmışdır.

Möhtərəm Prezident iclasda dövlət qurumlarına çox ciddi göstəriş vermişdir ki, sahibkarlardan yalnız onların dövlətə olan qanuni ödəmələri tələb olunmalı, onlara qarşı heç bir əsassız tələb irəli sürülməməli, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri tərəfindən yol verilən haqq qoyulması, himayədarlıq edilməsi hallarına birmənalı şəkildə son qoyulmalıdır. Qəti olaraq bildirilmişdir ki, belə hallara yol verən vəzifəli şəxslər dövlətə xəyanət edirlər və dərhal cəzalarını almalıdırlar. İqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə cənab Prezident, eyni zamanda, qarşımızda belə bir mühüm vəzifənin olduğunu xüsusi olaraq vurğulamışdır ki, idarəetmə sahəsində islahatlar dərinləşməli, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır.

Dövlət başçısı cənab İlham Əliyevin bu tələb və göstərişləri prokurorluq orqanlarının müasir mərhələdə fəaliyyətinin əsas məğzini, işimizin ən vacib istiqamətini və məqsədini müəyyən etmişdir. Prokurorluq orqanları üzərlərinə düşən, cənab Prezidentin göstəriş və tövsiyələrindən irəli gələn vəzifələrin tam və dəqiq yerinə yetirilməsi üçün bütün gücünü səfərbər edərək qanunla müəyyən edilmiş səlahiyyətlərdən istifadə etməklə yorulmaq bilmədən fəaliyyət göstərirlər.

Prokurorluq orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən, informasiya-kommunikasiya vasitələrinin tətbiqinin yaratdığı geniş imkanlardan istifadə edilməsi, İKT tətbiqi dairəsinin daha da genişləndirliməsi sahəsində fəaliyyətin səmərəliliyi artmışdır. Baş Prokurorluqda idarədaxili elektron proqramların yazılması istiqamətində əvvəlki ildə aparılmış işlər davam etdirilərək “Vətəndaşların Qəbulu Proqramı” hazırlanmışdır. Proqram vasitəsilə prokurorluq orqanlarında vətəndaşların qəbullarının qeydiyyatını və axtarışını çox qısa zamanda həyata keçirərək hərtərəfli təhlillərin aparılmasına və müvafiq nəticələrin çıxarılmasına əsas verən hesabat və ümumiləşdirmələr hazırlamaq, proqramın axtarış sistemi vasitəsilə qeydiyyata alınmış qəbullar üzrə müxtəlif parametrlərə görə axtarış aparmaq, istənilən vətəndaşın müraciətini, yaxud vəzifəli şəxsin keçirdiyi qəbulları, onların sayını, barəsində şikayət verilən idarə, müəssisə və təşkilatla bağlı qeydiyyata alınmış qəbulları, onların ümumi sayını, görülmüş tədbirlərə və verilmiş izahlara görə qəbulları izləmək və onların bütün məlumatlarını nəzərdən keçirmək mümkündür.

Yeni hazırlanmış “Elektron Arxiv Proqramı” kağız formasında arxivləşdirilmiş sənədlərin qeydiyyat bazasını təşkil edən, həmçinin prokurorluq orqanlarında istifadə edilən “Elektron Sənəd Dövriyyəsi” (ESD) və “Elektron Cinayət” (EC) proqramlarındakı qeydiyyatdan keçirilmiş sənədlərin elektron formada arxivləşdirilməsini həyata keçirəcəkdir.

Proqramda ESD və EC proqramlarında sənədlərin arxivləşdirilməsi də nəzərdə tutulub ki, bu da idarələrdə arxivə verilən sənədlərin və qovluqların siyahısının elektron formada tərtib olunmasını təmin edir.

Ölkə Prezidentinin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əhalinin müraciətlərinə qayğı ilə yanaşılaraq, vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərilir. Prokurorluq orqanlarının müraciətlərə baxılması və vətəndaşların qəbulu fəaliyyətinin həyata keçirilməsində innovasiyalardan və müasir texnologiyalardan geniş istifadə olunmasının nəticəsi olaraq 19 dekabr 2014-cü il tarixdə Baş Prokurorluqda ilk dəfə olaraq vətəndaşların Baş prokuror tərəfindən videokonfrans rejimində qəbulu həyata keçirilmiş, qəbulda Lənkəran, Astara və Lerik rayonlarından 14 vətəndaş iştirak etmişdir. 15 may 2015-ci il tarixdə keçirilmiş digər videokonfrans rejimində qəbulda Xaçmaz, Qusar və Quba rayonlarından 19 vətəndaş iştirak etmişdir.

Baş prokuror tərəfindən ölkənin müxtəlif bölgələrində vətəndaşların səyyar qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər mütəmadi xarakter daşımaqla, 2015-ci ilin 9 ayı ərzində rayonlarda 7 səyyar qəbul keçirilmiş, Baş prokuror tərəfindən 299 nəfər qəbul edilərək müraciətlərinə baxılması təmin olunmuşdur. Eyni zamanda, bu dövr ərzində Baş Prokurorluqda 1632 nəfər vətəndaş qəbul olunmuşdur ki, onlardan da 61-i Baş prokuror tərəfindən qəbul olunmuşdur.

Baş Prokurorluğun veb-saytında vətəndaşların prokurorluq orqanlarına müraciət etmək imkanlarının elektron vasitələrdən istifadə etməklə daha da asanlaşdırılması, daxil olmuş müraciətlərə verilən cavabların onlara operativ qaydada çatdırılması, müraciətə baxılması vəziyyəti barədə daha çevik məlumatlandırılması məqsədilə 1 oktyabr 2014-cü il tarixdən vətəndaşların xidmətinə təqdim edilmiş “Müraciətlərə onlayn baxılması” bölməsi vasitəsilə prokurorluğa müraciət etmiş vətəndaşların Baş Prokurorluğun veb-saytına (www.prokurorluq.qov.az) daxil olaraq onlara proqram tərəfindən avtomatik göndərilmiş bildirişdəki koddan və xüsusi paroldan istifadə etməklə müraciətlərinə dair cavabı elektron variantda əldə etmək imkanı təmin olunur.

Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasında həyatın bütün sahələrində ciddi uğurlar əldə edilərək ölkənin davamlı sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq ictimai münasibətlərin müvafiq dəyişikliyə məruz qaldığı bir dövrdə prokurorluq orqanlarının üzərinə yeni, daha ciddi vəzifə və öhdəliklər düşür ki, onların həyata keçirilməsi daha böyük məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərilməsini tələb edir. Bununla əlaqədar olaraq prokurorluq işçiləri bundan sonra da bütün güc və bacarığımızı tam səfərbər edərək öz vəzifə borclarımızı vicdanla yerinə yetirməyə, vətənimizə və xalqımıza sədaqətlə xidmət etməyə, fəaliyyətimizi qanunla və cənab Prezident tərəfindən müəyyən edilmiş müasir dövrün tələbləri səviyyəsində qurmağa, cinayətkarlığa qarşı daha səmərəli mübarizə aparmağa, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunmasında yeni uğurlar əldə etməyə çalışacağıq.

 

Zakir QARALOV,

Azərbaycan Respublikasının baş prokuroru,

I dərəcəli dövlət ədliyyə müşaviri

 

Azərbaycan.- 2015.- 1 oktyabr.- S. 5.