Həmişə
müasir Üzeyir bəy Hacıbəyli
Azərbaycan professional musiqi sənətinin və milli operamızın banisi Üzeyir bəy Hacıbəyli keçən əsrin birinci yarısında dünya musiqisinin inkişafında müstəsna rol oynamışdır. O, Şərqin ilk musiqiçisi idi ki, milli peşəkar bəstəkarlıq məktəbini yeni formalarla zənqinləşdirmiş, Şərq və Qərb musiqi mədəniyyətlərinin qarşılıqlı əlaqəsi prosesinə təkan vermişdir. Üzeyir bəy Hacıbəyli ilk dəfə Şərqdə Avropa forması olan opera janrına müraciət etmişdir.
Dahi Üzeyir bəy Azərbaycan professional musiqisini dünya musiqisi səviyyəsinə qaldırmışdır. Onun əsərləri dünya mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Üzeyir Əbdulhüseyn oğlu Hacıbəyli 1885-ci ildə ziyalı ailəsində doğulmuşdur. Şuşada ikiillik rus-tatar (Azərbaycan) məktəbini bitirmişdir. O zaman Şuşa bütün Qafqazda musiqi mərkəzi (Xalq Konservatoriyası) kimi tanınırdı və burada bir çox istedadlı musiqiçilər yetişmişdir.
1899-cu ildə Ü.Hacıbəyli Qori Müəllimlər Seminariyasına daxil olur. Təhsil aldığı illərdə dünya musiqi mədəniyyətinin klassiklərinin əsərləri ilə yaxından tanış olur, skripka və bariton alətlərində çalmağı öyrənir, simli və nəfəsli orkestrlərdə ifalar edir, xorda oxuyur.
1904-cü ildə seminariyanı bitirəndən sonra Üzeyir bəy Hacıbəyli Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim kimi təyinat alır, 1905-ci ildə Bakıya gəlir və Bibiheybətdə “Səadət” ümümtəhsil məktəbində dərs deyir. Dövrü mətbuatda - “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal” qəzetlərində, eləcə də “Molla Nəsrəddin” jurnalında satirik məqalə və felyetonlarla çıxış edir. Pedaqoji fəaliyyəti ilə bərabər, musiqi ilə ciddi məşğul olur, Azərbaycan xalq musiqisini dərindən öyrənir, dahi Füzulinin poeması əsasında “Leyli və Məcnun” operasını yazır.
1908-ci il yanvarın 12-də H.Z.Tağiyev teatrının səhnəsində tamaşaya qoyulan bu opera isə Azərbaycanda, eləcə də Şərq ölkələrində opera sənətinin, professional bəstəkarlıq məktəbinin əsası qoyulur. Azərbaycan opera musiqisi “Leyli və Məcnun” əsərindən başlanır. O öz yurdunda bu sahədə heç kəsin təcrübəsindən təbii ki, bəhrələnə bilməzdi, çünki beləsi yox idi. Bəstəkar xalq arasında Füzulinin çox sevilən poeması və muğam janrı üzərində diqqətini cəmləşdirərək dünya operası sahəsində ilk dəfə muğam operasını yaradır - bu zaman o, hər cür janr ənənəsinin, müxtəlif tamaşaçı kütləsinin təsirindən azad idi. Opera musiqisinin folklor ənənəsinə əsaslanması və bu həmişəyaşar poemanın klassik süjeti əsərin uğurunu təmin edən başlıca amil olur. Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”u milli musiqimizin bənzərsizliyini parlaq biçimdə əks etdirməklə bütövlükdə Azərbaycan opera sənətinin uzaq gələcəyini işıqlandırır.
Birinci operasının uğurundan ruhlanaraq 1909-1915-ci illər arasında Ü.Hacıbəyli digər əsərlərini - “Şeyx Sənan”i (1909), “Rüstəm və Zöhrab”ı (1910), “Şah Abbas və Xurşid Banu”nu (1912), “Əsli və Kərəm”i (1912), “Harun və Leyla”nı (1915) yazır. Bu operalarda da bəstəkar “Leyli və Məcnun” modelindən istifadə edir.
Üzeyir bəy Hacıbəyli dramaturq kimi də Azərbaycan ədəbiyyatı tarixində böyük rol oynamışdır. O, Azərbaycanda ilk musiqili komediya janrının müəllifidir.
Ü.Hacıbəyli 1912-ci ildə Moskvaya gedir. Orada filarmoniyanın nəzdində özəl kurslara yazılır, solfecio dərsini N.N.Laduxindən alır, harmoniya müəllimi N.N.Sokolov olur. 1914-cü ildə Sankt-Peterburq Konservatoriyasına sənədlərini verir. Qəbul imtahanlarından müvəffəqiyyətlə çıxan Üzeyir bəy burada harmoniya dərsini N.A.Rimski-Korsakovun tələbəsi V.Y.Kalafatidən alır, fortepiano müəllimi V.V.Şerbaçov, arqan aləti üzrə müəllimi Y.Y.Qandjin olur. Sankt-Peterburqda oxuduğu illər bəstəkarın həyatında böyük rol oynayır, bu şəhərdə özünün şah əsəri olan “Arşin mal alan” musiqili komediyasını tamamlayır.
“Arşın mal alan”ın səhnə həyatı çox zəngin olmuşdur. Əsərin premyerası 1913-cü il oktyabrın 25-də Tağıyev teatrında keçirilir. 1938-cü ildə əsər Moskvada Azərbaycan incəsənəti dekadasında göstərilir. “Arşin mal alan” dəfələrlə ekranlaşdırılır, qramplastinkalara yazılır.
Bu dövrdə Üzeyir bəy publisistik fəaliyyəti ilə də ciddi məşğul olur. 1915-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dönəmində “Azərbaycan” qəzetində müxbir kimi çalışır. Sonra qəzetin redaktoru olur.
XX əsrin 20-ci illəri Azərbaycan musiqi mədəniyyətinin başında Üzeyir bəy Hacıbəyli dururdu. Xalq Komissarlığı nəzdində musiqi və incəsənət bölməsinin rəisi kimi fəaliyyət göstərərək Hacıbəyli “İncəsənət” dərgisində çap olunmuş məqaləsində Azərbaycan musiqi mədəniyyətinin əsas məsələlərini və gələcək proqramını müəyyənləşdirmişdi. Bu məqalədə o, əsərlərinə və estetikasına qarşı çıxış edən şəxsiyyətləri də tənqid edirdi. Məqsədi dövlət səviyyəsində proqressiv musiqi sənətini inkişaf etdirmək idi.
Ü.Hacıbəylinin Azərbaycanda musiqi təhsilinin yaranmasında da müstəsna rolu var. O, azərbaycanlı uşaqlar üçün musiqi məktəbləri təşkil etmiş, Azərbaycan dövlət türk məktəbinin (sonralar texnikumun) yaradıcısı olmuşdur. 1926-cı ildə bu texnikum (ilk müdiri Ü.Hacıbəyli idi) Azərbaycan Dövlət Konservatoriyası ilə birləşmişdir. 1926-cı ildən Üzeyir bəy konservatoriyada elementar nəzəriyyə, harmoniya və Azərbaycan xalq musiqisinin əsasları fənlərindən dərs deyir. Dünya konservatoriyalarının təcrübəsinə əsaslanaraq ilk dəfə olaraq bu konservatoriyada Şərq musiqisi kafedrasını açır və burada həm xalq alətlərində çalmaq, həm də xanəndəlik dərslərini öyrənmək məsələsini gündəmə qoyur, xalq alətlərində notla çalmaq sistemini yaradır.
1926-cı ildə konservatoriyada Ü.Hacıbəyli tələbələrdən ibarət xor kollektivi təşkil edir, lakin maneçilik törədənlər ucbatından xor ləğv olunur. Öz yaradıcılıq prinsiplərinə həmişə sadiq qalan bəstəkar 1936-cı ildə filarmoniyanın nəzdində, nəhayət, çoxsəsli xor kollektivi yaradır. 1927-ci ildə Üzeyir bəy Müslüm Maqomayevlə bərabər “Azərbaycan türk xalq mahnıları” məcmuəsini də açır.
1931-ci ildə Ü.Hacıbəylinin təşəbbüsü ilə ilk notlu xalq çalğı alətləri orkestri fəaliyyətə başlayır. Orkestrin repertuarına Azərbaycan bəstəkarlarının əsərləri ilə bərabər, dünya klassiklərindən M.Qlinka, V.Mosart, F.Şubert, J.Bizenin əsərləri də daxil edilir. Orkestrin bədii rəhbəri olur, sonralar tələbəsi Səid Rüstəmov, hazırda isə orkestrə Nəriman Əzimov rəhbərlik edir.
Həmin illərdə Ü.Hacıbəyli Azərbaycan Radio Mərkəzinin nəzdində də xor kollektivi yaradır və rəhbərlik edir. Sonralar xora bəstəkar C.Cahangirov rəhbərlik edir, 1995-ci ildən 2008-ci ilə qədər xorun bədii rəhbəri və baş dirijoru bəstəkar Ramiz Mustafayev olur, hazırda isə kollektivə xormeystr Şəhla Ələkbərova rəhbərlik edir.
30-cu illərdə Ü.Hacıbəyli dahi şair Firdovsinin anadan olmasının 1000 illiyi ilə əlaqədar “Firdovsi” kantatasını və digər əsərlərini yazır. Bu illərdə Azərbaycan səhnəsində bir neçə yeni opera oynanılır. Belə ki, R.Qliyerin “Şah Sənəm” və M.Maqomayevin “Nərgiz” operaları Azərbaycan opera sənətinin inkişafında böyük əhəmiyyət kəsb edir. Həmin illərdə Ü.Hacıbəylinin yazdığı “Koroğlu” operası, demək olar ki, Azərbaycan opera sənətinin parlaq bir mərhələsini təşkil edir.
1937-ci il aprelin 30-da tamaşaya qoyulan “Koroğlu” operası (libretto müəllifləri H.İsmayılov və M.S. Opdubadi) Ü.Hacıbəyli yaradıcılığının estetik zirvəsi sayılır. Bu əsər Azərbaycan musiqi mədəniyyətinin inkişafını, tərəqqisini və çiçəklənməsini göstərir. Zəngin milli musiqi ənənələrinə əsaslanaraq bəstəkar bu operada xalq prinsiplərini yeni klassik bəstəkarlıq formaları ilə üzvi sürətdə birləşdirə bilir.
“Koroğlu” monumental xalq qəhrəmanlıq operasıdır. Onun əsasını klassik musiqili səhnə janrları - xorlar, ariyalar, ariozo, vokal ansamblları, balet fraqmentləri təşkil edir. Başqa operaları ilə müqayisədə “Koroğlu”nun harmonik dili daha zəngindir. Burada bəstəkar polifonik prinsiplərdən məharətlə istifadə etmişdir. Üzeyir bəyin dediyinə görə, “Koroğlu - aşıqdır, o, aşıqlar tərəfindən tərənnüm olunub, ona görə də operanın əsasını aşıq üslubu təşkil edir”. Azərbaycan xalq alətlərinin operanın partiturasına daxil olması simfonik orkestrin özünəməxsus səslənməsinə səbəb olmuşdu. “Koroğlu” Moskvada 1938-ci və 1959-cu illərdə Azərbaycan incəsənəti dekadasında, 1965-ci və 1975-ci illərdə “Qafqaz ölkələrinin musiqi baharında” böyük uğurlar qazanmışdır.
1941-ci ildə Azərbaycan teatrı bu operanı İranda göstərir və tamaşaçıların rəğbətini qazanır. Operanın yarandığı ildən (78 il ərzində) Azərbaycan teatrı “Koroğlu”nun bir neçə yeni, orijinal səhnə tərtibatını verib.
Son illər “Koroğlu” operası bir neçə türkdilli xalqların səhnələrində də tamaşaya qoyulub. Belə ki, premyeraları Türkiyədə, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda olub və çox uğurla keçib.
Ü.Hacıbəylinin “Koroğlu”su klassik opera sənətinin qızıl fonduna dövrün estetik zirvəsi kimi daxil olmuşdur və müəyyən ideya cərəyanlarını səciyyələndirən, yeni musiqi obrazları sferasının kəşfi sayılan əsər kimi musiqi tarixinə düşmüşdür.
Dahi Üzeyir bəy Hacıbəyli Azərbaycan musiqi tarixində böyük dönüş yaratmışdır. O, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan musiqisini dünya musiqi mıədəniyyətinin nailiyyətləri ilə zənginləşdirmiş, özünün operalarında, musiqili komediyalarında və başqa janrlarda Qərb və Şərq musiqi mədənəyyətlərinin sintezinə nail olmuşdur. Bununla da Ü.Hacıbəyli özünəməxsus üslub yaratmışdır.
Ü.Hacıbəyli həm də görkəmli musiqişünas-alim idi. Bir çox elmi məqalələrin və elmi dərgilərin müəllifi kimi müasir Azərbaycan musiqişünaslığının əsasını qoymuşdur. 1945-ci ildə yazılmış “Azərbaycan xalq musiqisinin əsasları” kitabında ilk dəfə elmi surətdə lad sisteminin təhlilini vermişdir.
Ü.Hacıbəyli bir sıra istedadlı bəstəkar və musiqişünaslar yetişdirmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının yaranması da Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır. Ömrünün axırına qədər Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışmış, ittifaqın işinə böyük qüvvə sərf etmişdir. Azərbaycan musiqi mədəniyyətinin gələcək inkişafı üçün zəngin irs qoymuş dahi bəstəkarın yolu bu gün uğurla davam etdirilir.
Zemfira
QAFAROVA,
Azərbaycan
Bəstəkarlar İttifaqının katibi,
əməkdar incəsənət xadimi, professor
Azərbaycan.- 2015.- 1 oktyabr.- S. 12.