Azərbaycanın müdafiə naziri Avropa İttifaqının
Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə
görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Zakir Həsənov Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 ildən artıqdır Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın doğma yurd-yuvasından didərgin düşdüyünü, qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə qoşunların təmas xəttinə yaxın kəndləri, dinc sakinləri atəşə tutması faktlarını qonaqların diqqətinə çatdırıb.
“Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Ermənistan hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud status-kvonu saxlamaqda maraqlıdır. Ali Baş Komandanın söylədiyi kimi, Silahlı Qüvvələrimiz ərazilərimizin işğal altında saxlanılması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi kimi müqəddəs vəzifəni yerinə yetirəcək”, - deyə nazir bildirib.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2015.- 2 oktyabr.- S. 5.