AZƏRTAC
“The Oil & Gas Year, Azerbaijan” jurnalının
rəsmi media tərəfdaşıdır
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Wildcat International FZ-LLC (WI) şirkəti oktyabrın 1-də media tərəfdaşlığına dair saziş imzalayıblar. Sazişə əsasən AZƏRTAC yenidən “The Oil & Gas Year, Azerbaijan” jurnalının rəsmi media tərəfdaşı elan olunub. Jurnal 2016-cı ilin əvvəlində işıq üzü görəcək.
Sənədi AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və şirkətin nəşri olan “The Oil & Gas Year” jurnalının Azərbaycan üzrə direktoru xanım Karen Kumbasar imzalayıblar.
İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə AZƏRTAC-ın baş direktoru Aslan Aslanov agentliyin fəaliyyətindən, dünya mediası ilə sıx əməkdaşlığından, elektron medianın imkanlarından danışıb. Baş direktor qeyd edib ki, “The Oil & Gas Year” jurnalı Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətlərin dünyaya çatdırılmasında böyük rol oynayır.
“The Oil & Gas Year” jurnalının Azərbaycan üzrə direktoru xanım Karen Kumbasar AZƏRTAC-ın media tərəfdaşı kimi jurnalın ötənilki buraxılışına dəstəyini çox yüksək dəyərləndirib, bu əməkdaşlığı daha da genişləndirmək və möhkəmləndirmək arzusunda olduqlarını bildirib. Ölkəmizin inkişafına heyran qaldığını diqqətə çatdıran K.Kumbasar Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (SOCAR) dünya miqyasında tanınmış digər transmilli şirkətlərlə müqayisə edib, onun çox dinamik şirkət olduğunu vurğulayıb.
Azərbaycan.- 2015.- 2 oktyabr.- S. 7.