Bakıda
“Fərdi şikayətlər vasitəsilə Konstitusiya Məhkəməsi
tərəfindən insan hüquqlarının və
azadlıqlarının müdafiəsi” mövzusunda beynəlxalq
konfrans keçirilib [YENİLƏNİB] VİDEO
Oktyabrın 2-də Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr olunmuş “Fərdi şikayətlər vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən insan hüquqlarının və azadlıqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Avropa Şurasının Venesiya Komissiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə təşkil olunub.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransı açıq elan etdikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyinə dair AZƏRTAC-ın hazırladığı film nümayiş etdirilib.
Tədbirdə Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu.
Təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Fərhad Abdullayev geniş məruzə ilə çıxış etdi. Bu il Azərbaycanın çox mühüm və əlamətdar hadisənin - Konstitusiyanın qəbulunun 20 illik yubileyini geniş qeyd etdiyini vurğulayan Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının xalqımızın müstəqillik tarixində qazandığı ən mühüm nailiyyətlərdən biri olduğunu diqqətə çatdırdı. Müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayan sədr bildirdi ki, ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası özündə əks olunan mütərəqqi müddəalar, bəşəri dəyərlər baxımından əvəzolunmaz hüquqi sənəddir.
Qeyd olundu ki, 20 il bundan əvvəl - 1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə yaradılan Konstitusiya Komissiyasının tərkibinə respublikamızın tanınmış ictimai-siyasi xadimləri, alimlər, peşəkar hüquqşünaslar, elm və mədəniyyət xadimləri daxil edilib. Geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilən müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində - referendumda qəbul edilib, həmin il noyabrın 27-də qüvvəyə minib.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu işinə zəmin yaratdığını söyləyən Fərhad Abdullayev Əsas Qanunun qəbulu ilə cəmiyyətin və dövlətin həyatında demokratik dəyişikliklər üçün geniş yol açıldığını, insan hüquq və azadlıqlarının həyata keçirilməsi baxımından əlverişli şərait yaradıldığını bildirdi.
Demokratik dövlətlərdə Konstitusiyanın hüquq sisteminin özəyini, bütün qanunvericilik sisteminin inkişafı üçün hüquqi baza təşkil etdiyini bildirən sədr dedi ki, 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının siyasi iradəsinin təzahürü və ictimai əlaqələrin sabitliyinin əsası olaraq vacib əhəmiyyətə malik hüquqi sənəddir. Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hüquqi, siyasi və mənəvi vahidliyini təmin edən əsas vasitəyə çevrilib.
Fərhad Abdullayev bildirib ki, Azərbaycan Respublikasında ali və birbaşa hüquqi qüvvəyə malik olmaqla Konstitusiya müasir cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edən bir sıra qabaqcıl, mütərəqqi ideya və dəyərləri özündə ehtiva edir. Bunlara dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan hüquqlarının səmərəli müdafiə mexanizmlərinin mövcudluğu, sosial ədalətə nail olunması dəyərlərini göstərmək olar.
Konstitusiyanın 20 il ərzində canlı dinamik sənəd kimi inkişaf edərək həyatımızın bütün sahələrində demokratik proseslər üçün xüsusi əsas kimi çıxış etməsini diqqətə çatdıran Konstitusiya Məhkəməsinin sədri Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatına, onların müdafiə mexanizmlərinə xüsusi yer verildiyini söylədi. Əsas Qanunun ən geniş fəsli də özündə məhz fundamental insan hüquq və azadlıqlarını əks etdirir. Burada göstərilən hüquq və azadlıqlar universal beynəlxalq dəyərlərə uyğun şəkildə ifadə edilib, insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi isə dövlətin ali məqsədi olaraq xüsusilə vurğulanıb.
Konstitusiyanın qəbulunun dövlət quruculuğunun bir çox sahələrində olduğu kimi, məhkəmə-hüquq islahatlarının da aparılmasını labüd etdiyini söyləyən Fərhad Abdullayev dedi ki, Əsas Qanunun gətirdiyi mütərəqqi yeniliklərdən biri də konstitusiya nəzarəti orqanının - Konstitusiya Məhkəməsinin yaradılması olub.
Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən danışan sədr vətəndaşlar tərəfindən verilən şikayətlər vasitəsilə Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etmək kimi səlahiyyətini xüsusilə vurğuladı. Bildirdi ki, 2002-ci ildə keçirilmiş referendumda Konstitusiyaya edilən dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinə müraciət edə biləcək subyektlərin dairəsi genişlənib və fərdi şikayət institutunun tətbiqinə başlanıb. Bu gün vətəndaşlarımızın Konstitusiya Məhkəməsinə bilavasitə müraciət etmək imkanlarının onların pozulmuş hüquqlarının bərpası üçün əlavə faydalı və səmərəli mexanizm olduğunu deyə bilərik.
Fərhad Abdullayev məruzəsinin sonunda dedi: “Hər bir yubiley hər hansı nəticənin çıxarılması üçün yaxşı fürsətdir. Keçən 20 il göstərdi ki, ölkəmizin Əsas Qanunu cəmiyyətin bütün üzvləri - həm dövlət orqanları, həm də adi vətəndaşlar üçün sabit qaydalar toplusu olmaqla, hamımız üçün əvəzolunmaz dayaq kimi çıxış edir. Bu dayağın sarsılmazlığı həm bizim cəmiyyətin firavanlığı, həm də gələcək nəsillərin xoşbəxt həyatı üçün böyük əhəmiyyət kəsb edir.
Əmin olduğumu bildirmək istərdim ki, biz hamımız Konstitusiyanın qoruyucusu və aliliyinin təminatçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu şərəfli missiyanı həyata keçirməsində daim dəstək olacağıq”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanın ilk milli Konstitusiyasının qəbulunu mühüm hadisə adlandıraraq bildirib ki, ötən 20 il Əsas Qanunun böyük potensiala malik olduğunu göstərib. Bu 20 ildə Konstitusiyaya iki dəfə dəyişiklik edildiyini söyləyən parlamentin sədr müavini Azərbaycan Konstitusiyasının ölkəmizdə konstitusiya quruluşunun əsaslarını ilk dəfə təsbit edən əsas qanun olduğunu vurğulayıb. Ən başlıcası odur ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilən normaları hər bir vətəndaşımız öz həyatında hiss edir.
Ötən iyirmi ildə ölkəmizdə yüksək hüquq mədəniyyətinin formaşlaşdığını qeyd edən Ziyafət Əsgərov Azərbaycan vətəndaşlarının Konstitusiyanın onların hüquqlarının müdafiəçisi qismində necə çıxış etməsini bilmələri baxımından fərdi şikayətlərə baxılmasının əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycanda hüquq və azadlıqların təminatı dövlətin ali vəzifəsidir. Məhz bu baxımdan deyə bilərik ki, Azərbaycan Respublikasının Əsas Qanunu dünyanın ən demokratik konstitusiyalarından biridir.
Ölkəmizdə diqqətəlayiq inkişafın şahidi olduğunu vurğulayan Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyi münasibətilə təbriklərini çatdırdı. Venesiya Komissiyası ilə ölkəmizin fəal əməkdaşlıq etdiyini bildirən C.Bukikkio Azərbaycanda Konstitusiya Məhkəməsinin təsis olunması ilə bağlı qanunvericiliyin hazırlanmasında fəal iştirak etdiyini söyləyib. Çox şadıq ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Beynəlxalq Konstitusiya Məhkəmələri Forumunun təsisçilərindən biridir və bu qurumun rəhbər heyətində təmsil olunur.
İnsan hüquqlarının müdafiəsinin Konstitusiya Məhkəməsinin əsas öhdəliyi olduğunu vurğulayan qonaq bildirib ki, insan haqları həqiqi demokratiyanın təməlini təşkil edir. İnsan hüquqları qanunun aliliyi ilə səciyyələnir. Azərbaycan Konstitusiyası insan hüquqlarının böyük bir siyahısını əks etdirir və onların təmin olunması üçün mükəmməl bazaya malikdir.
C.Bukikkio bildirib ki, Avropada fərdi şikayətlərin Konstitusiya Məhkəməsində baxılması geniş yayılıb. Azərbaycanın müəyyən etdiyi konstitusiya şikayəti normativi də çox orijinal modeldir.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin layihə rəhbəri Tomas Herman Konstitusiyanın qəbulunun Azərbaycan xalqının həyatında mühüm tarixi hadisə kimi qiymətləndirib. Diqqətə çatdırıb ki, Azərbaycan xalqı bu tarixi addımla hüquq tərəfindən idarə olunan dövlətin əsasını formalaşdıraraq, demokratiyanın inkişafı, qanunun aliliyi, insan hüquqlarının qorunması ilə bağlı mühüm öhdəliklər götürüb. Buna görə də Azərbaycan xalqına səmimi minnətdarlığımı və təbriklərimi çatdırıram.
Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarının geniş təsbit edildiyini bildirən T.Herman vurğulayıb ki, ölkə öz qüdrətini artırdıqca konstitusiya müddəaları gündəlik həyatda daha geniş tətbiq edilir. Konstitusiyaya 2012-ci ildə edilən dəyişikliklər insan hüquqlarının qorunması mexanizmini daha da gücləndirdi. Sonrakı uğurlar göstərdi ki, bu islahatlar müvəffəqiyyətlə həyata keçirilib. Bu baxımdan biz Azərbaycanın hakimlərinin peşəkarlığını təqdir etməliyik.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyinin ölkəmizin həyatında mühüm tarixi hadisə olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bu tarixi sənədin yaradılmasında Bakı Dövlət Universitetinin hüquq üzrə alimlərinin də yaxından iştirak etdiklərini bildirən rektor deyib ki, Azərbaycan bu Konstitusiyaya söykənərək ötən 20 ildə çox böyük inkişaf yolu qət edib. Abel Məhərrəmov Azərbaycanın bu Konstitusiya əsasında dövlətçiliyin möhkəmləndirilməsinə nail olmasını, qanunun aliliyi, demokratiyanın inkişafı, insan hüquqlarının qorunması sahəsində beynəlxalq müstəvidə özünü layiqincə tanıda bildiyini məmnunluqla vurğulayıb, Ulu Öndərin siyasi kursunun bu gün ölkəmizdə uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Açılış nitqlərindən sonra məruzələr dinlənilib.
Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin hakimi Cəlal Mümtaz Akınçı “Türkiyədə fərdi şikayətlər: üçüncü il” mövzusunda məruzə ilə çıxış edərək ölkəsində fərdi şikayətlərə baxılması barədə qərarın 2010-cu ildə qəbul edildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, şikayətlərə baxılmasına başlanıldığı 2012-ci ilin sentyabrından 2015-ci ilin sentyabrınadək ümumilikdə 47,5 mindən çox müraciət edilib ki, onlardan da 27 mininə artıq baxılıb.
Son dövrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Türkiyəyə qarşı şikayətlərin azalmaqda olduğunu vurğulayan qonaq Azərbaycanın Əsas Qanunun 20 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.
Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədr müavini Sergey Mavrin “Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi tərəfindən vətəndaşların və onların birliklərinin şikayətlərinə baxılması” mövzusunda çıxışında Azərbaycan Konstitusiyasının 20 illik yubileyi münasibətilə ölkəsinin Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinin təbriklərini çatdırdı. Rusiya Federasiyasının Konstitusiya Məhkəməsində baxılan işlərin 99 faizinin konstitusiya şikayətlərinin təşkil etdiyini bildirən S.Mavrin dedi ki, Konstitusiya Məhkəməsinin subyekti qismində əsasən vətəndaşlar çıxış edirlər.
Monteneqro Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Desanka Lopiçiç “Monteneqroda insan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyi – normativ çərçivə və məhkəmə təcrübəsi” mövzusunda məruzə ilə çıxış etdi. O bildirdi ki, Monteneqro Konstitusiyası ölkədə konstitusion və demokratik mədəniyyətin formalaşması baxımından güclü təsisat kimi mühüm rol oynayır.
Belarus Respublikası Konstitusiya Məhkəməsinin hakimi Tadeuş Voronoviç “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının Belarus Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən müdafiəsi” mövzusunda çıxışında Azərbaycan Konstitusiyasının 20 illik yubileyi münasibətilə təbriklərini çatdırdı. Ölkəsində fərdi şikayətlərə baxılması prosedurandan danışan T.Voronoviç bildirdi ki, vətəndaşların fərdi şikayətlərinə çıxışı birbaşa onların Konstitusiya Məhkəməsinə şikayət hüququ ilə tənzimlənir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi xanım Angelika Nussberger “İnsan hüquqları naviqasiya sistemi kimi” mövzusunda məruzə ilə çıxış etdi. Sülhün qorunmasının insan haqlarının müdafiəsi baxımından ən ali məqsəd olduğunu bildirən qonaq dedi ki, Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmasına, həmçinin beynəlxalq öhdəliklərə baxmayaraq, müharibələr nəticəsində insan haqlarının pozulması hallarının sayı artmaqdadır. Münaqişələrin azalmasında və insan hüquqlarının qorunmasında naviqasiya sisteminin rolundan danışan hakim bu baxımdan sosial həmrəyliyin əhəmiyyətini xüsusi vurğuladı. O, insan hüquqlarının son altmış ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının qəbulu zamanı nəzərə alınan ən əsas dəyər olduğunu bildirdi.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev “Fərdi şikayətlər kontekstində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisprudensiyasının evolyusiyası” adlı məruzəsində bildirdi ki, məhkəmə yurisprudensiyasının inkişafı məhz fərdi şikayətlərə baxılması ilə bağlıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tarixi ərzində həyata keçirilən bütün islahatlar fərdi şikayətlərə baxılmasının saxlanmasına yönəlib.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülki və siyasi hüquqlarla bağlı çox əhəmiyyətli məhkəmə təcrübəsi formalaşdırdığını vurğulayan X.Hacıyev qeyd etdi ki, bu mühüm təcrübə dövlətlər daxilində müdafiə vasitələrinin yaranmasına gətirib çıxarır, regional insan hüquqları məhkəmələrini və milli məhkəmələri yeniliklərə ruhlandırır. Avropa Məhkəməsinin uğuru və hörməti əsasən fərdi şikayətlərdə qaldırılan problemlərə vaxtında və səmərəli reaksiya verməsi, işlərə aktual sosial və iqtisadi şəraitdə baxılmasını təmin etməsi prinsipinə sədaqət nəticəsində yaranıb.
Gürcüstan Konstitusiya Məhkəməsinin sədri, Avropa Konstitusiya Məhkəmələri Konfransına sədrlik edən Georgi Papuaşvili “Gürcüstanda konstitusiya hüquqlarının və azadlıqlarının müdafiəsində fərdi şikayətlərin rolu” mövzusunda məruzə ilə çıxış etdi. O, Azərbaycanın və Gürcüstanın ilk müstəqilliklərinin sovet işğalı nəticəsində süquta uğramasına baxmayaraq, ölkələrimizin 1991-ci ildə müstəqilliklərini bərpa etdiklərini bildirdi. Qeyd etdi ki, Gürcüstan qanunvericiliyinə əsasən hər bir vətəndaş Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
Latviya Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Uldis Kinis “Konstitusiya şikayəti insan hüquqlarının müdafiəsi mexanizmi kimi – Latviya təcrübəsi” mövzusunda məruzə ilə çıxışında bildirdi ki, Azərbaycan öz vətəndaşlarının konstitusion hüquqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirib. O, çıxışında əsasən ölkəsində vergi məsələləri ilə bağlı fərdi şikayətlərə baxılması prosedurundan danışdı.
Fasilədən sonra konfransda Almaniya Federal Konstitusiya Məhkəməsinin sabiq hakimi, Bielefeld Universitetinin ictimai hüquq üzrə professoru xanım Gertrute Lübbe-Volfun “Fərdi konstitusiya şikayətləri və ölkənin konstitusiya mədəniyyəti - Almaniyanın təcrübəsi” mövzusunda məruzəsi dinlənildi.
Serbiya Respublikası Konstitusiya Məhkəməsinin hakimi Dragişa Sliyepçeviç “Serbiya Respublikasında konstitusiya şikayəti üzrə konstitusiya-məhkəmə müdafiəsi” mövzusunda məruzəsində bildirdi ki, Konstitusiya Məhkəməsi fərdi şikayətlərə baxmaqla vətəndaşların pozulmuş hüquqlarının bərpası funksiyasını yerinə yetirmiş olur. Fərdi şikayətlərə baxılmasının Serbiyanın hüquq mühafizə sistemində artıq 7 ildir mövcud olduğunu diqqətə çatdıran D.Sliyepçeviç qeyd etdi ki, Serbiya Konstitusiya Məhkəməsi əmək hüquqları ilə yanaşı, bir sıra konstitusiya şikayətlərinə də baxaraq müvafiq qərarlar qəbul edib.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Azərbaycan Respublikasında konstitusiya şikayəti institutunun insan hüquq və azadlıqlarının təmin edilməsinin mühüm vasitəsi kimi” məruzəsində bildirdi ki, hər bir dövlətdə və cəmiyyətdə gedən inkişaf müəyyən mexanizmlərin təkmilləşdirilməsini tələb edir. Konstitusiya şikayəti institutu insan hüquq və azadlıqlarının təmin edilməsində mühüm rol oynayan təsisatdır. Azərbaycanın bu sahədə qazandığı uğurlardan danışan Əmir Əliyev müstəqilliyin bərpasından sonra ölkəmizin beynəlxalq təcrübənin öyrənilməsi və uğurla tətbiqi baxımından sürətli yol qət etdiyini vurğuladı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev “Fərdi şikayət insan hüquqlarının effektli müdafiə vasitəsidir” mövzusunda məruzəsində bildirdi ki, 2002-ci ildə Konstitusiyaya edilən dəyişikliklərdən sonra “Konstitusiya Məhkəməsi haqqında” yeni qanun qəbul edildi. Bu qanun 2004-cü ildə qüvvəyə mindikdən sonra fərdi şikayətlərin baxılmasına başlanıldı. Bu dəyişikliklərdən sonra Konstitusiya Məhkəməsinə müraciət edən subyektlərin sırasına fərdi şəxslər, ombudsman və ümumi məhkəmələr də əlavə olundu.
Qeyd edildi ki, fərdi şikayətlərlə bağlı Konstitusiya Məhkəməsinin qərarları ilk növbədə vətəndaşların hüquqlarının bərpa edilməsinə xidmət göstərir və tərəflər üçün məcburidir. Fərdi şikayət institutu insan hüquqlarının müdafiəsi baxımından mühüm rol oynayır.
Sonra məruzələr ətrafında fəal müzakirələr aparıldı.
Müzakirələrə yekun vuran Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev hüquqi dövlət quruculuğu istiqamətində davamlı səylərin göstərildiyini vurğulayaraq bildirdi ki, bizim ən böyük məqsədimiz insan hüquq və azadlıqlarının müdafiəsidir. Sədr Konstitusiya Məhkəməsinin qərarlarının icrası və fərdlərin Konstitusiya Məhkəməsinə şikayətinin ən aktual mövzulardan biri olduğunu diqqətə çatdırdı.
Müzakirələrdən sonra Fərhad Abdullayev, Canni Bukikkio və Tomas Herman yekun nitqləri ilə çıxış etdilər.
Ölkəmizin müxtəlif sahələrdə sürətlə inkişaf etdiyini vurğulayan Canni Bukikkio bildirdi ki, Azərbaycan cəmiyyəti bu sürətli inkişafa layiqdir. O, Azərbaycanın gələcəkdə daha sürətlə inkişaf edəcəyinə, daha böyük uğurlar qazanacağına əminliyini bildirdi.
Tomas Herman konfransda fərdi şikayətlərin müstəsna rolu və əhəmiyyəti baxımından səmərəli müzakirələrin aparıldığını bildirdi. Fərdi şikayətlərin insan hüquq və azadlıqlarının müdafiəsi baxımından əvəzedilməz vasitə olduğunu vurğulayan T.Herman səmərəli fikirlərinə görə konfrans iştirakçılarına minnətdarlığını çatdırdı.
Konfransa yekun vuran Fərhad Abdullayev tədbirdə maraqlı çıxışlarına, faydalı fikirlərinə və səmərəli müzakirələrə görə iştirakçılara, eləcə də təşkilatçılara minnətdarlığını bildirdi.
Bununla da Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr olunmuş “Fərdi şikayətlər vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən insan hüquqlarının və azadlıqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans işini başa çatdırdı.
AZƏRTAC
Azərbaycan.- 2015.- 3 oktyabr.- S. 3.