Tarix İnstitutunda aparılan tədqiqatlar ölkə başçısının çağırışları və tapşırıqları əsasında həyata keçirilir

 

Tarix elmləri ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir. Biz bu məsələyə çox böyük diqqət göstəririk. Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar. Başlıcası, İrəvan xanlığının tarixi ilə bağlı yaradılmış əsərlər xüsusi məna daşıyır. Çünki əfsuslar olsun ki, dünya birliyi demək olar bilmirdi ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır.

İlham ƏLİYEV

 

Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkəsidir. Müstəqillik qazanmasından cəmi 24 il keçməsinə baxmayaraq, Azərbaycan Respublikası Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Dövlət başçısı tərəfindən həyata keçirilən müdrik, uzaqgörən, cəsarətli və Azərbaycan xalqının milli mənafelərinə uyğun siyasət ölkəmizdə elmin də inkişafını sürətləndirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. Elmi tədqiqatların aparılması, tarixi abidələrimizin qorunması və bərpası istiqamətində böyük dövlət qayğısı Azərbaycan tarixçisinə tariximizi obyektiv, hərtərəfli araşdırmaq imkanı vermişdir. Hər zaman dövlətin və Prezidentin qayğısını hiss edən tarixçilərimizin ən ümdə vəzifəsi də ulu öndər Heydər Əliyevin tariximizin dirçəliş konsepsiyasını və Prezident İlham Əliyevin bu konsepsiyanı yeni şəraitdə yaradıcılıqla daha dolğun və daha mükəmməl şəkildə həyata keçirmək üçün verdiyi tapşırıqları əsas tutaraq Azərbaycanın gerçək tarixini tədqiq və təbliğ etməkdir!

Cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institutumuza çox yüksək qiymət vermişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncamı ölkənin bütün elmi ictimaiyyəti və ilk növbədə, institutumuzun əməkdaşları tərəfindən çox böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır. 26 aprel 2011-ci il tarixdə imzalanmış bu mühüm dövlət sənədi Azərbaycan milli tarix elminin gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

Tarixi keçmişimizə dair elmi axtarışların daha da genişlənməsinə və təbliğinə böyük imkanlar açan bu sənəddə Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi olduğu qeyd edilir, bu elm ocağının milli tariximizin ən aktual problemlərinin müasir dövrün tələblərinə uyğun və azərbaycançılıq məfkurəsi işığında öyrənilməsi baxımından xüsusi rolu vardır.

AMEA Tarix İnstitutunun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. İnstitutda aparılan bütün mühüm elmi tədqiqat işləri birbaşa ölkə başçısının çağırışları və tapşırıqları əsasında həyata keçirilir. İnstitut tərəfindən nəşr edilən fundamental elmi əsərlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2011-ci il 26 aprel tarixdə AMEA-nın illik yığıncağında onun çağırışına cavab kimi çox yüksək dəyərləndirilmişdir.

Tarix İnstitutu alimlərinin fədakar əməyini xüsusi qeyd edən Prezident İlham Əliyev həm də Azərbaycan tarixinə dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində onların gördükləri işlərə çox böyük qiymət vermişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 may tarixli 2238 nömrəli sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı fəxri adı verilmişdir.

Ötən 10 il ərzində institutun elmi tədqiqat planında çox mühüm siyasi və elmi əhəmiyyət kəsb edən bir məsələyə - Azərbaycanın tarixi torpaqlarının tarixinin tədqiqi məsələsinə xüsusi diqqət yetirilməyə başlandı. Çox qısa bir müddət ərzində Azərbaycanın Naxçıvan, İrəvan, Göyçə, Zəngəzur, Borçalı mahallarının, Tiflis əmirliyi, Car-Balakən camaatlığı, İlisu sultanlığı, bir sözlə, Şimal-Qərbi Azərbaycan torpaqlarının, Dərbənd, Samur vadisinin və ən nəhayət Qarabağın tarixi ilə bağlı hərtərəfli və dərindən elmi tədqiqatlara başlanılmışdır. Müasir Azərbaycan tarixşünaslığında “itirilmiş torpaqlar” problemi elmi dövriyyəyə daxil edilmiş, bu istiqamətdə ciddi elmi tədqiqatlar aparılmaqla obyektiv tarixi gerçəkliyi özündə əks etdirən bir sıra sanballı əsərlər nəşr olunmuş, bir sözlə, itirilmiş tarixi torpaqlarımızın tarixini tədqiq edən elmi məktəb formalaşdırılmışdır. 30 ildən çox bir müddət ərzində nəşr olunmayan “Tarix İnstitutunun Elmi Əsərləri” yenidən işıq üzü görmüşdür.

Azərbaycanın əzəli torpaqlarının tarixinin araşdırılmasına dövlət qayğısı Tarix İnstitutunda bu sahədə fundamental tədqiqatların aparılmasına şərait yaratdı. Azərbaycan Prezidentinin çağırışları, tövsiyə və tapşırıqları ilə Tarix İnstitutu son illərdə “Qarabağ: real tarix, faktlar və sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Azərbaycan tarixi atlası”, “Kürəkçay-200”, “Tarixi adlara qarşı soyqırımı”, “Ermənilərin Azərbaycan torpağında törətdiyi cinayətlərə dair”, dörd kitabdan ibarət üç cildlik “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” sənədlər toplusu, “Şimal-Qərbi Azərbaycan tarixi”, “Azərbaycan xalçaları: İrəvan qrupu”, “Azərbaycan xalçaları: Qarabağ qrupu”, “Azərbaycan xalçaları: Naxçıvan qrupu”, “Qədim Azərbaycan tarixi mixiyazılı mənbələrdə”, “Şuşa-Pənahabad”, “İlham Əliyev və Azərbaycan tarix elmi” və digər fundamental tədqiqatlardan ibarət 300-dən çox əsər hazırlayıb nəşr etdirmişdir. İnstitutda elmi-tədqiqat “Əliyevşünaslıq” şöbəsi fəaliyyətə başlamış, ulu öndərin həyat və fəaliyyətinin tədqiqinə həsr edilmiş iki cildlik “Heydər Əliyev”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “İlham Əliyev və Azərbaycan tarix elmi”, “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri”, “Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası” adlı fundamental monoqrafiyalar, iki cildlik “Heydər Əliyev Azərbaycan elminin keşiyində” sənədlər toplusu nəşr olunmuşdur.

“İtirilmiş torpaqların tarixi” problemi çərçivəsində Tarix İnstitutunda qısa müddət ərzində İrəvanın, Qarabağın, Naxçıvanın, Göyçə və Zəngəzurun, Şimal-Qərbi Azərbaycanın, Borçalının, Dərbəndin tarixi ciddi araşdırılmağa başlamış, fundamental tədqiqat əsərləri yazılmışdır. Onların arasında “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental əsərlər mühüm yer tutur. Bu əsərlərdə əzəli Azərbaycan torpaqlarının tarixi obyektiv, mötəbər mənbələr əsasında araşdırılmışdır. Azərbaycan tarixi və Azərbaycan tarix elmi üçün böyük elmi və siyasi əhəmiyyəti nəzərə alınaraq hər üç kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2012-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət mükafatı”na layiq görülmüşdür.

Şimal-Qərbi Azərbaycan ərazisinin tarixi Azərbaycan tarix elminin həm elmi, həm də siyasi baxımdan aktuallıq kəsb edən sahəsidir. Qısa müddət ərzində Tarix İnstitutunda Şimal-Qərbi Azər-baycan torpaqlarının tarixi ilə bağlı hərtərəfli və dərin elmi tədqiqatlar aparılmış, fundamental əsərlər yazılmışdır (“İlisu sultanlığı”, “Şimal-Qərbi Azərbaycan: İngiloylar”, “Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik araşdırma)”, “Car-Balakən camaatlığı”, “Haylada unudulan tariximiz və tanbur”, “Şimal-Qərbi Azərbaycan tarixi” və s.).

Tarix İnstitutunda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin tarixini vərəq-vərəq izləmək və ən başlıcası - dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Tarix İnstitutu “26 Bakı komissarları” adlı cinayətkar qrupun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımının gerçək tərəflərini üzə çıxarmışdır. Ölkə başçısının göstərişi ilə 2009-cu il yanvarın 24-26-da Azərbaycan xalqının qatili və soyqırımı cəlladı olan Stepan Şaumyanın və onun əlaltılarının məzarları paytaxtımızın mərkəzindən ümumşəhər qəbiristanına köçürülən zaman həmin məzarlıqda 26 deyil, 23 cəsədin qalıqları olduğu aşkara çıxdı və bununla daşnak-bolşevik saxtakarlığının üstü açıldı. Məlum oldu ki, Stepan Şaumyan və Tatevos Amiryan kimi soyqırımı qatillərinin cəsədləri həmin məzarlıqda yoxdur. Bu hadisədən dərhal sonra Tarix İnstitutunda müvafiq elmi araşdırmalara başlanıldı. Bu araşdırmaların ilkin nəticəsi öz əksini “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı” adlı kitabda tapdı (Bakı, 2010). Əslində bu kitab Tarix İnstitutunun uzunmüddətli böyük bir layihəsinin tərkib hissəsi olmuşdur. Son illər institutda ermənilərin azərbaycanlılara qarşı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Urmiya gölü ətrafında, Şərqi Anadoluda həyata keçirdikləri soyqırımlarını sübut edən dəyərli tədqiqatlar aparılmış, çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görmüşdür (Qenoüid Azerbaydjanüev v İrevanskoy qubernii (1918-1920). Baku, 2014; 1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı. Bakı, 2014; 1917-1918-ci illərdə Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı (ATASE-nin sənədləri əsasında). Bakı, 2015; Azərbaycan türk-müsəlman əhalisinin soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində. Bakı, 2014; İrəvan quberniyasında Azərbay-canlıların soyqırımı (1918-1920). Bakı, 2014; Bakıda 1918-ci il mart soyqırımı. Bakı, 2014; Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı. Bakı, 2014; Quba qəzasında türk-müsəlman soyqırımı. Bakı, 2014; Qenoüid Azerbaydjanüev v Karabaxskom reqione Azerbaydjana (1918-1920). Baku, 2014; Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı. (1918-1920) Bakı, 2014).

Dövlət başçısının diqqət və qayğısı olmasa idi yaxın keçmişdə adının belə çəkilməsi yasaq olunan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş ikicildlik Ensiklopediyamız, Milli Tarix Atlasımız, Dövlət Mükafatına layiq görülən “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığının tarixi” fundamental tədqiqatları yazılıb, xarici dillərə tərcümə olunaraq dünya ölkələrində yayılmazdı. İndi Tarix İnstitutunun əsərləri Bakı ilə yanaşı Moskvada, İstanbulda, Ankarada, İslamabadda, Budapeştdə, Kiyevdə, Londonda, Nyu Yorkda, Romada, hətta Los-Ancelesdə də nəşr olunur.

Tarix İnstitutunun 2004-cü ildən bəri başlamış olduğu ciddi araşdırmaların daha bir istiqaməti də mənbələrin, arxiv materiallarının, xüsusilə Azərbaycanda əlçatmaz olan, xarici ölkələrdə toplanmış sənədlərin ölkəmizə gətirilməsi və nəşr olunmasıdır. Bu məqsədlə institut rəhbərliyi Tarix İstitutunda yeni bir layihə - “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsini ortaya qoydu. Rəhbərlik tarixçilərin bir qrupunu Rusiya, Gürcüstan, Türkiyə, İngiltərə, Almaniya, Fransa və Hindistana ezam edərək həmin materialların Azərbaycana gətirilməsini təmin etdi. Bununla da Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və Azərbaycanın müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması institut əməkdaşlarının əsas tədqiqat obyektinə çevrildi. Layihə çərçivəsində vaxtilə üzümüzə qapalı olan bu arxivlərdə nəinki işləmək, hətta bu sənədləri olduğu kimi institutumuza gətirib çap etmək imkanı (böyük çətinliklər bahasına) yarandı. Azərbaycan tarixi ilə bağlı dünyanın müxtəlif arxivlərində saxlanılan bu qiymətli sənədlər artıq Tarix İnstitutuna gətirilmişdir. Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis, Həştərxan, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli kimi şəhərlərin arxivlərindən əldə olunan bu sənədlər çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilməkdədir. Bu qiymətli əsərlərin bəzilərinin adlarını oxucuların nəzərinə çatdırmağı lazım bilirik: “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində”. (Bakı, 2008); “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”. I cild (Bakı, 2009); “İrəvan əyalətinin müfəssəl dəftəri”. (Bakı, 2009); “İrəvan əyalətinin icmal dəftəri”. (Bakı, 2009); “Gəncə-Qarabağ əyalətinin icmal dəftəri”. (Bakı, 2010); “Azərbaycan tarixi arxiv sənədlərində (1917-1920-ci illər). I cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri”. (Bakı, 2010); “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr”. Sənədlər toplusu (Bakı, 2010); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri”. (Bakı, 2010); “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”. II cild, 1-ci kitab. Gəncə quberniyası. (Bakı, 2010); “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”. II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı. (Bakı, 2010); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”. (Bakı, 2010); “Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədlərində”. (rus dilində), (Bakı, 2011); “Azərbaycan tarixi arxiv sənədlərində. XVIII əsr. Rusiya Federasiyası Dağıstan Respublikası Mərkəzi Dövlət Arxivinin sənədləri”. (Bakı, 2011); “Azərbaycan tarixi arxiv sənədlərində (aprel-dekabr 1920-ci il). II cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri”. (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrlər). I cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”.(Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XIX əsrin sonu-XX əsrin əvvəlləri),

I cild. Britaniya kitabxanasının arxiv sənədləri”. (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrlər). II cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”. (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). II cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri”. (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrlər). III cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”. (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər). Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Azərbaycan Dövlət Tarix Arxivinin sənədləri” (Bakı, 2013); “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər).

I cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Gürcüstanın Mərkəzi Ən Yeni Tarix Arxivinin sənədləri” (Bakı, 2013); “Azərbaycan tarixi arxiv sənədlərində (may-oktyabr 1918-ci il). I cild. Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi Siyasi arxivinin sənədləri” (Bakı, 2013); Azərbaycan tarixi Arxiv sənədlərində (1918-1919). Almaniya Xarici İşlər Nazirliyinin Siyasi Arxivinin Sənədləri. II cild.( Bakı, 2014).

Bu layihənin həyata keçirilməsi Azərbaycan tarixinin araşdırılmayan, öyrənilməsinə qadağalar qoyulan gerçək tarixinin hərtərəfli tədqiqinə geniş imkanlar yaratdı. “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinin həyata keçirilməsi sahəsində qısa vaxt içərisində institutda mühüm uğurlar əldə olunmuşdur.

İnstitutun elmi fəaliyyətində diqqəti cəlb edən digər bir cəhət də odur ki, son on il ərzində tədqiqat planlarına daxil edilmiş mövzular üzrə ölkənin müxtəlif bölgələrində beynəlxalq simpozium və respublika səviyyəli elmi-praktiki konfransların keçirilməsidir. Belə elmi konfranslar 2005-2015-ci illər ərzində Azərbaycan Respublikasının cənub-şərq, şimal-qərb rayonlarında və o cümlədən Naxçıvan Muxtar Respublikasında, Quba, Şəki-Zaqatala, Şamaxı, Balakən, Şəmkir, Lənkəran, Lerik, Gədəbəy, Gəncə və s. yerlərdə keçirilmişdir. Əslində ölkənin bütün regionlarında keçirilən bu elmi konfransların böyük mədəni, ictimai-siyasi, praktiki əhəmiyyəti region əhalisinin öz tarixinə dair həqiqətləri bilməsi, doğma tarixə sahib çıxması və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə yönəldilməsidir.

Tarix İnstitutu Azərbaycan həqiqətlərini beynəlxalq elmi ictimaiyyətə daha dolğun şəkildə çatdırmaq məqsədilə dünya ölkələri alimlərinin iştirakı ilə beynəlxalq konfranslar təşkil etmişdir. İnstitutun son illərdə təşkil etdiyi “Azərbaycan Respublikası: uğurlar və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans, “Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans”, “Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri” adlı Beynəlxalq elmi konfrans, “Ortaq Türk tarixinin araşdırılması problemlərinə həsr edilmiş” I Beynəlxalq elmi konfrans, “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda Beynəlxalq elmi konfrans, “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda keçirilən I və II Beynəlxalq elmi konfranslar, “Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala - 100” və digər beynəlxalq konfrans və simpoziumlar mühüm əhəmiyyət daşıyır.

AMEA Tarix İnstitutu ermənilərin Azərbaycan xalqına qarşı informasiya müharibəsinin getdikcə daha kəskin xarakter aldığını və ölkə Prezidenti cənab İlham Əliyevin milli maraqlara söykənən qətiyyətli xarici siyasətinə tələb olunan səviyyədə informasiya təminatı yaratmaq məqsədilə “Azərbaycan tarixinin tədqiqi və təbliği üzrə Dövlət Proqramı (2008-2015-ci illər)” hazırlamışdır.

Prezident İlham Əliyev tarix elmimizin nailiyyətlərinin dünyada yayılmasına da xüsusi qayğı göstərir. Məhz onun tapşırığı ilə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri” “Azərbaycan xalçaları: İrəvan qrupu” və digər fundamental nəşrlər müxtəlif dillərə tərcümə olunaraq dünya ölkələrində yayılmışdır.

İnstitutun direktoru Y.M.Mahmudovun “Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr (Ağqoyunlu və Səfəvi dövlətləri dövrü)” kitabı ABŞ-ın Nyu York şəhərində ingilis dilində (2010), Rusiya Federasiyasının Moskva şəhərində rus dilində, İtaliyanın paytaxtı Romada italyan dilində (2015), “Azərbaycan və Avropa: Ağqoyunlu dövründə qarşılıqlı əlaqələr (XV əsrin ikinci yarısında)”, “Azərbaycan: qısa dövlətçilik tarixi” (İslamabad, 2005), “Azərbaycan tarixi: Erkən intibah dövrü (IX əsrin ikinci yarısı - XIII əsrin əvvəli)” monoqrafiyaları isə ABŞ-ın Los-Anceles şəhərində ingilis dilində nəşr edilmişdir.

Bütün bunlarla yanaşı, son illərdə institut əməkdaşlarının fundamental əsərləri Təbrizdə, İstanbulda, Moskvada, Kiyevdə, Londonda, Romada, Budapeştdə nəşr olunmuşdur.

Tarix İnstitutunun əldə etdiyi elmi uğurlar beynəlxalq elmi təşkilatların diqqətini cəlb etmişdir. Belə ki, 2012-ci ildə Beynəlxalq Sokrat Komitəsi Oksford sammitində AMEA Tarix İnstitutunu elmi-tədqiqat fəaliyyətinə görə “Ən yaxşı müəssisə - Best Enterprises” diplomuna layiq görmüşdür. Tarix İnstitutunun direktoru Yaqub Mahmudova 2012-ci il iyulun 12-də Dublin Sammitində (Dublin, İrlandiya) böyük elmi nailiyyətlərinə görə Beynəlxalq Sokrat Komitəsinin “The Name in Science” (“Elmdə ad”) fəxri titulu verilmişdir. Bununla da Azərbaycanın əməkdar elm xadimi Yaqub Mahmudov dünya elminin inkişafına verdiyi töhfəyə görə medalla təltif edilərək XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilmişdir. 2013-cü il dekabrın 16-19-da Böyük Britaniyanın Oksford şəhərində keçirilən “Elm və təhsil. Yeni imkanlar və istiqamətlər” mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransda Y.M.Mahmudov milli dəyərlərin qorunması, yüksək rəşadət və dürüstlüyə görə “Kraliça Viktoriya” diplomuna və medalına layiq görülmüşdür. Tarix İnstitutunun direktoru, eyni zamanda Türk Tarix Qurumunun fəxri üzvü və Rusiya Federasiyası Dağıstan Respublikasının əməkdar elm xadimidir.

Cəsarətlə deyə bilərik ki, bu gün Tarix İnstitutunda aparılan bütün elmi axtarışlar, həyata keçirilən əsaslı islahatlar - milli tariximizin saxtalaşdırmalardan, təhriflərdən təmizlənməsi, Vətənimizin tarixinin yenidən, həqiqətdə olduğu kimi yazılması, dünyanın müxtəlif ölkələrindən qiymətli ilk mənbələrin, çoxsaylı arxiv sənədlərinin institutumuza gətirilib nəşr edilməsi ulu öndər Heydər Əliyevin vəsiyyətlərinin dönmədən həyata keçirilməsinin və dövlət başçısı cənab İlham Əliyevin tarix elminin inkişafına göstərdiyi gündəlik qayğının nəticəsidir.

 

Tofiq NƏCƏFLİ,

AMEA A.A.Bakıxanov adına

Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini

 

Azərbaycan.- 2015.- 3 oktyabr.- S. 6.