BMT-nin Ümumdünya Turizm Təşkilatının
T20 Nazirlərinin 6-cı görüşü
öz işini yekunlaşdırıb
Türkiyənin Antalya şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) T20 Nazirlərinin 6-cı görüşü keçirilib. Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Türkiyənin sədrliyi ilə G20 qrupunun üzvü olan, eləcə də dəvət edilən ölkələrin turizm nazirlərinin toplantısı işə başlayıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın xüsusi dəvətli qonaq statusunda təmsil olunduğu tədbiri Türkiyənin mədəniyyət və turizm naziri Yalçın Topçu açıq elan edib.
Tədbirdə çıxış edən Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai dünyada turizmin iqtisadiyyatın əhəmiyyətli bir sahəsi kimi artan rolundan danışaraq, G20 qrupunun səmərəli fəaliyyətinin yaxın gələcəkdə üzv və dəvətli ölkələrin sosial həyatına böyük töhfələr verəcəyinə inamını ifadə edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə çıxış edərək ilk növbədə, dünyanın aparıcı dövlətlərinin beynəlxalq iqtisadi əməkdaşlıq məsələləri üzrə qərar qəbul edici forumu olan G20 platformasına ölkəmizin dəvət olunmasına görə Türkiyə hökumətinə minnətdarlığını bildirib. V.Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində ildən-ilə artan paya sahib olan turizm sənayesinin əsas göstəriciləri haqqında məlumat verib. Azərbaycanın son illərdə turizm sahəsində əldə etdiyi uğurlardan danışan nazirin birinci müavini ölkəmizin BMÜTT ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Konfransın sonunda T20 ölkələri arasında turizm, kiçik və orta sahibkarlıq və məşğulluq məsələlərinə dəstək siyasətinin hazırlanmasına dair deklarasiya imzalanıb.
AZƏRTAC
Azərbaycan.- 2015.- 3 oktyabr.- S. 7.