Azərbaycan nümayəndə heyəti Cenevrədə
BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığı
İcraiyyə Komitəsinin
sessiyasında iştirak
edir
Oktyabrın 5-də Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 66-cı sessiyası öz işinə başlayıb.
Azərbaycan Respublikası 2012-ci ildən etibarən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin tam hüquqlu üzvüdür. Doxsan səkkiz üzv dövlətin təmsil olunduğu Qaçqınlar üzrə Ali Komissarlığın İcraiyyə Komitəsinin sessiyasında qaçqın, məcburi köçkün və miqrasiya sahələri üzrə məsul nazirlər, yüksək vəzifəli dövlət rəsmiləri, BMT-nin Cenevrə Bölməsi yanında fəaliyyət göstərən daimi nümayəndələr, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və digər aidiyyəti şəxslər iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycanı Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Nazim Salmanov, BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli və daimi nümayəndəliyin əməkdaşları daxildir.
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş sessiyanın açılışında çıxış edərək tədbirin gündəliyindəki məsələlər, habelə Ali Komissarlıq tərəfindən 2015-ci il ərzində görülmüş işlər və növbəti il üçün qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verib. O, son 5 il ərzində 15 yeni münaqişə ocağının yarandığını, münaqişələr nəticəsində didərgin vəziyyətinə düşən şəxslərin sayının dörd dəfə artdığını bildirib. Ali komissar hazırda dünyada münaqişə və təqiblərdən əziyyət çəkən 60 milyondan çox qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxsin mövcud olduğunu diqqətə çatdırıb. Ötən il ərzində Ali Komissarlığın müxtəlif donorlardan əldə etdiyi ianələrin həcminin 3,3 milyard ABŞ dolları təşkil etdiyini, lakin bunun mövcud ehtiyacları qarşılamağa kifayət etmədiyini vurğulayıb. Eyni zamanda, Avropada qaçqınların hazırkı vəziyyəti, mövcud və yeni yaranan münaqişələr, eləcə də digər humanitar böhranlardan əziyyət çəkən qaçqın və məcburi köçkünlər məsələsinə, habelə onların öz doğma yurd-yuvalarına qayıtmalarının vacibliyinə diqqət yetirib.
Oktyabrın 9-dək davam edəcək sessiya çərçivəsində oktyabrın 6-da ümumi müzakirələr zamanı və oktyabrın 7-də əfqan qaçqınları məsələsinə həsr olunan yüksək səviyyəli seqmentdə Azərbaycan nümayəndə heyətinin çıxışları nəzərdə tutulub.
Xatırladaq ki, İcraiyyə Komitəsi BMT İqtisadi və Sosial Şurası tərəfindən 1958-ci ildə yaradılıb və BMT Baş Assambleyasının köməkçi orqanı qismində fəaliyyət göstərir. İcraiyyə Komitəsinin ildə bir dəfə keçirilən sessiyası zamanı ötən il ərzində Ali Komissarlıq tərəfindən görülmüş işlər və növbəti il üçün qarşıda duran vəzifələr barədə müzakirələr aparılır, habelə büdcə, idarəçilik, maliyyə və inzibati nəzarətlə bağlı müvafiq qərarlar qəbul edilir.
AZƏRTAC
Azərbaycan.- 2015.- 6 oktyabr.- S. 6.