İndoneziyada keçirilən beynəlxalq konfransda Azərbaycandakı multikultural
mühitdən bəhs
edilib
İndoneziyanın Bali adasının Denpasar şəhərində Xaricilərə İndoneziya dilini Tədris edən Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, IX beynəlxalq konfrans “Dünya keçid mərhələsində: qloballaşma, multikulturalizm və xaricilərə dilin tədrisinin inkişaf strategiyası” mövzusuna həsr edilib.
Konfransda multikulturalizm və qloballaşma şəraitində xaricilərə qeyri-ana dilinin tədrisinin mövcud durumu ilə bağlı İndoneziya, Almaniya, Avstraliya, Azərbaycan, Cin, Tailand və digər ölkələrin nümayəndələri məruzə ilə çıxış ediblər.
Azərbaycanı konfransda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi, Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev təmsil edib. “Multikultural şəraitdə dilin fənlərin inteqrasiyasında tədrisi” mövzusunda məruzə edən Həbib Zərbəliyev çoxlu sayda etnik qrupların və milli azlıqların məskunlaşdığı Azərbaycanda və İndoneziyada dövlət dili ilə yanaşı, etnik və milli azlıqların dilləri və mədəniyyətlərinin öyrənilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Məruzədə ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindən biri olan multikulturalizmin mövcud durumu barədə də ətraflı məlumat verilib. Azərbaycanda dövlət dili ilə yanaşı, etnik dillərin tədrisində ortaya çıxan problemlərin araşdırılması və bu sahədə tipoloji oxşarlıq və fərqliliklərin müəyyənləşdirilməsi barədə məlumatlar da məruzənin mühüm hissəsini təşkil edib.
Məruzə ətrafında geniş müzakirə aparılıb. Konfrans iştirakçılarının Azərbaycanda mövcud olan multikultural və multilinqual durum haqda çoxsaylı sualları məruzəçi tərəfindən cavablandırılıb.
Azərbaycan.- 2015.- 6 oktyabr.- S. 6.