Qafqaz
İslam Ordusu Dağıstanda
Rus imperiyası dağıldıqdan sonra Qafqazdakı türk və müsəlman xalqlar ingilis işğalçılarının, çar tərəfdarlarının, eləcə də bolşeviklərin təzyiqindən qorunmaq üçün birləşərək müstəqil bir dövlət qurmaq üçün hərəkətə keçdilər. Bölgədəki türk və müsəlman xalqları 5 may 1917-ci il tarixində Vladiqafqaz şəhərində bir konqres çağırdılar. Gərgin mübahisələrdən sonra bütün Qafqazı əhatə edə biləcək bir dövlət qurmaq qərara alındı. Temirxan-Şurada Şimali Qafqaz xalqlarını və Dağıstan türklərini əhatə edən “Dağıstan İcmalar Birliyi” adı ilə yaradılan bu milli komitəyə Tapa - Əbdülməcid Çermoyev, Heydər Bammat və Pşemaho Kotsev kimi tanınmış insanlar rəhbərlik edirdilər. Şeyx Şamilin ən ləyaqətli müridlərindən birinin oğlu Nəcməddin Gotsinskinin Şimali Qafqazın imamı, yəni dini rəhbəri seçilməsindən sonra onlar ölkənin idarəçiliyini tamamilə ələ aldılar. Bolşeviklərə düşmən olan və rus çarlarına sədaqətləri ilə tanınan rus kazakları da özlərinə bir başçı seçərək Şimali Qafqaz Birliyinə daxil oldular. Lakin kazaklarla müsəlmanlar arasındakı ərazi mübahisəsi üzündən bu əməkdaşlıq tez bir zamanda pozuldu. Çar tərəfdarları ilə bolşeviklər dil taparaq birləşib paytaxt Vladiqafqazı işğal etdilər.
Bu vəziyyətdə Əbdülməcid Çermiyev, Heydər Bammat və Məhmət Qari Dibrov kimi ziyalılardan ibarət olan bir heyət 1918-ci ilin aprel ayında İstanbula gedərək Ənvər paşa ilə görüşüb kömək istədi, Dağıstan türklərinin milli dövlət qurmaq cəhdləri, nəhayət, öz bəhrəsini verdi: 11 may 1918-ci ildə Şimali Qafqaz Respublikası öz müstəqilliyini elan etdi. Osmanlı dövləti dərhal onu tanısa da, müharibə müttəfiqi olan Almaniya Gürcüstandan fərqli olaraq Dağıstanı azad görmək istəmirdi.
Rus bolşevik hökumətinin hədələrinə, notalarına əhəmiyyət verməyən Osmanlı dövləti Şimali Qafqaz Respublikası ilə 8 iyun 1918-ci ildə Batumda bir dostluq və əməkdaşlıq müqaviləsi də imzaladı. Bununla Osmanlı dövləti Dağıstana hərbi yardım göstərmək imkanı qazandı. Tezliklə türk zabit və sıravilərin təşkil etdiyi milis qüvvələri Vladiqafqaz şəhərini ələ keçirərək 17 avqustda bolşevikləri bölgədən tamamilə uzaqlaşdırdılar.
Nuru paşa Gəncədə ikən bir hərbi təşkilat qurmaq məqsədi ilə yarbay İsmayıl Haqqı (Berkok) bəyi Dağıstana göndərdi. O, Zaqatala bölgəsində rus əsarətindən xilas olan türk zabit və əsgərlərindən ibarət dəstələrlə Əhdi tərəfdən Dağıstana adlayıb kiçik milis qruplarını bolşeviklərə qarşı mübarizə apara biləcək bir qüvvəyə çevirməyə çalışırdı. Həmin vaxt Bakı-Dərbənd-Mahaçqala dəmir yolu və bu şəhərlərə yaxın olan Quba və Temirxan-Şura bolşeviklərin işğalı altındaydı. Xalqı ayağa qaldırmaq üçün onun tarixi yaddaşını oyatmaq lazım idi. Buna görə İsmayıl Haqqı bəy 8 iyul 1918-ci ildə Gunip qalasına getdi. Çünki Şeyx Şamil də vaxtilə ruslara qarşı mübarizədə qərargahını bu qalada qurmuşdu. Ruslar Şeyx Şamil hərəkatından sonra Gunipdə çar üçün saray və hərbi kazarmalar tikmişdilər.
Elə bu vaxt Bakı yaxınlığında çoxlu qüvvə itirən Biçeraxov Dərbənd və Mahaçqalanı işğal etmək üçün fəaliyyətə başladı. Kifayət qədər hərbi gücü olmayan Şimali Qafqaz Respublikası bolşeviklərlə Biçeraxov qüvvələri arasında sıxılıb qalmışdı. Şimali Qafqaz Respublikasının fəaliyyət göstərməsi üçün Dağıstanın müxtəlif bölgələrini işğal etmiş bolşeviklərin və Biçeraxov qüvvələrinin ölkədən çıxarılması lazım idi. Azərbaycanda olan 15-ci piyada diviziyası və dağıstanlı milislərdən ibarət Cənubi Qafqaz Ordusu quruldu və ordu komandanlığına əvvəllər Çanaqqala Qrupuna komandanlıq etmiş Mirliva Yusif İzzət paşa, qərargah rəisliyinə isə podpolkovnik İsmayıl Haqqı bəy (Berkok) təyin olundu. Bunun ardınca Yusif İzzət paşa Şimali Qafqaz Respublikasının başçısı Əbdülməcid Çermiyev ilə birlikdə Batumdan qatarla yola çıxdı və 5 oktyabr 1918-ci ildə Bakıya çatdı.
Dəmirqapı
Dərbəndin azad edilməsi
Türk qoşunlarının Dərbənd istiqamətində hərəkəti zamanı əvvəlcə uzun müddət bolşeviklərin nəzarətində olan Quba və Xaçmaz işğalçılardan təmizləndi. Qusar qəsəbəsi azad edilərkən xeyli bolşevik əsgəri əsir alındı, dörd pulemyot və böyük miqdarda sursat ələ keçirildi. Xaçmazda yerləşən çar tərəfdarı Biçeraxov Bakıdan sonra burda da türk hərbi birliklərinin qarşısında dayana bilməyib 11 avqustda Dərbəndə tərəf çəkildi. Quba və Xaçmazın düşmən işğalından azad olması ilə Dağıstan və Bakı arasındakı dəmir yolu tamamilə nəzarətə götürüldü.
Nuru paşa Dağıstan əməliyyatını yaxından izləmək üçün 4 oktyabrda Ağdamdan çıxaraq qatarla Xaçmaza gəldi. Buradan maşınla Qubaya keçdi. Hər yerdə insanlar Nuru paşanı duz-çörəklə qarşılayırdılar. Eyni məhəbbətlə Xaçmazda qarşılanan Nuru paşa burada keçirdiyi görüşlərdə hər kəsi Vətənin müdafiəsinə çağırdı.
Dağıstanın işğaldan azad edilməsi üçün hərbi əməliyyat 5 oktyabrda başladı. Həmin gün 56-cı piyada alayı və 38-ci alayın ön hissələri Dərbənd dəmiryol stansiyası ətrafında pusqu quran Biçeraxov qüvvələri ilə toqquşdu. Qanlı döyüşlərdən sonra 6 oktyabr saat 10.45-də şəhər tamamilə Qafqaz İslam Ordusunun nəzarətinə keçdi. 15-ci piyada diviziyasının rəhbəri, podpolkovnik Süleyman İzzət bəy öz xatirələrində Dərbəndin azad olunmasını belə təsvir edir: “Günorta firqə qərargahı ilə şəhərə girdim. Əvvəlcə verdiyim əmrə əsasən şəhərdə asayişə cavabdeh zabit və sıravi heyətinin işinə başçılıq etdim və bələdiyyə rəisi Müslüm İsrafilovu hökumət rəisi təyin elədim”.
Dərbəndin ətrafında döyüşlər davam edərkən Şimali Qafqaz Qoşunlarının Komandanı Yusif İzzət paşa və Şimali Qafqaz Respublikasının rəhbəri Əbdülməcid Çermiyev 8 oktyabrda Dərbəndə gəldilər. 13 oktyabr 1918-ci ildə Dərbənddə Şimali Qafqaz Respublikası hökuməti quruldu. Türk Qafqaz İslam Ordusu Komandanı Nuru paşa da hökumətin elan edilməsi münasibətilə təşkil olunan mərasimdə iştirak edirdi. Həmin gün səhər saat 10.00-da Şimali Qafqaz Respublikasının bayrağı qaldırıldı və hökumətin qurulduğu rəsmən elan edildi
Şimali Qafqazda hərbi əməliyyatların davam etdiyi bir dövrdə Osmanlı dövlətinin müttəfiqləri məğlubiyyəti qəbul edərək Antanta qüvvələri ilə danışıqlara başlamışdılar. Qoşunları Qafqazdan geri çəkmək lazım idi. Amma Ənvər paşa 5-6 oktyabr tarixində Şərq Orduları Qrupu Komandanlığına göndərdiyi əmrdə bildirirdi: “Azərbaycan və Şimali Qafqazdakı əsgərlərimizi çəkmiş kimi bir görüntü yaratmaq məcburiyyətindəyik. Bu halda Azərbaycan və Şimali Qafqaz respublikalarının öz əsgəri qüvvələrinə güvənməsi lazım gələcəkdir. Bu səbəbdən Qafqazda qalacaq qüvvələrin Azərbaycan və Şimali Qafqaz qüvvələri olması üçün indidən bu qüvvələri əsas tutaraq bunların silahlandırılması və yenidən təşkil olunaraq qüvvətlənməsi vacibdir...Orada qalacaq zabitlərlə digərləri Azərbaycan vətəndaşı olaraq qalsın və hökumət geri çəkilmə əmri versə belə, onların orada qalması üçün tərtibat hazırlansın. Azərbaycana rus silah və cəbbəxanası olmaqla çoxlu silah və sairə göndərilsin”.
İnciqalanın
- Mahaçqalanın fəthi
Müəyyən fasilədən və hərbi birliklərdə struktur dəyişikliyindən sonra Mahaçqala əməliyyatına başlanıldı. Mahaçqala Xəzər dənizinin sahilindədir və şəhərin hər tərəfi yüksək dağlar və təpələrlə əhatəyə alınıb. Yusif İzzət paşa 20 oktyabr 1918-ci il saat 07.45-də verdiyi hücum əmrində Biçeraxov qüvvələrinin tamamilə məhv edilməsi və Mahaçqalanın işğaldan azad edilməsi qeyd olunurdu. Artıq 6 noyabr 1918-ci ildə axşam saatlarına doğru Biçeraxov qüvvələri böyük tələfat verərək Mahaçqaladan - İnciqaladan geri çəkilməli oldular.
Süleyman İzzət bəy özü də bu əməliyyatda yaralanmışdı. Az sonra Mahaçqaladan 10 nəfərlik mülki heyət 38-ci piyada alayı komandanının yanına gəldi. Heyətin tərkibində iki din alimi, dəmir yolu rəisi və Mahaçqala liman rəisi də var idi. Onlar Biçeraxovun qüvvələrinin Mahaçqalanı tamamilə tərk etdiyini, xalqın küçə və evlərdə qarətə başladığını bildirərək sabitlik yaranması üçün türk əsgərinin şəhərə girməsini rica etdilər. Şəhər tezliklə nəzarət altına alındı. Mahaçqalanın bütün meydan və küçələri türk və Şimali Qafqaz Respublikası bayraqları ilə bəzədildi.
Mahaçqalanın azad olunması zamanı 5 zabit şəhid olmuş, 10 zabit isə yaralanmışdı. Sıravi əsgərlər arasında tələfat isə belə idi - 11 şəhid və 318 yaralı. Ümumən, Dağıstan hərəkatının davam etdiyi bir ay müddətində 192 şəhid, 362 yaralı və 20 nəfər itkin olmaqla 574 tələfat verilmişdi.
Qafqaz
İslam Ordusunun geri çəkilməsi
General Denstirvildən sonra Ənzəlidəki ingilis qüvvələrinin komandanı Tomson 12 noyabr 1918-ci ildə Bakıya bir heyət göndərərək Mudros sülh sazişinə uyğun şəkildə Bakının 17 noyabra qədər boşaldılmasını tələb etdi. Nuru paşa ingilislərə cavabında bu məsələni Azərbaycan hökuməti ilə müzakirə etmək lazım olduğunu söylədi. Bundan sonra Bakıdan bir nümayəndə heyəti Ənzəliyə gedib general Tomsonla görüşdü. General Tomson “Türkiyənin imzaladığı sazişdən kənara çıxılmayacağını və eləcə də Şimali Qafqaz hökumətini tanımayacaqlarını, Dağıstandakı Osmanlı əsgər və zabitlərinin də bölgəni boşaltmasının tələb olunduğunu” söylədi.
Bundan sonra Azərbaycandakı türk hərbi birlikləri və qərargahları yavaş-yavaş Xırdalanda toplaşmağa başladı. Qafqaz İslam Ordusu Komandanı Nuru paşa vəzifəsindən istefa verərək Azərbaycan ordusunda xidmət etmək qərarına gəldi. Digər məsələləri 5-ci Qafqaz piyada diviziyası komandanı Mürsəl paşaya həvalə edildi. Beləliklə, Mürsəl paşa Azərbaycandakı Osmanlı hərbi qüvvələrinin komandanı oldu. Mürsəl paşa ingilis generalına göndərdiyi məktubda türk hərbi qüvvələrinin nəqlinə 19 noyabrdan etibarən başlanılacağını və 5-ci Qafqaz piyada diviziyası ilə 106-cı Qafqaz alayının 24 noyabr axşamüstü Biləcəri stansiyasından yola salınacağını bildirdi. Dağıstandakı birliklərin köçürülməsinə isə 21 noyabrda başlanılacağını və son eşelonun 26 noyabr 1918-ci ildə Biləcəridən keçəcəyini qeyd etdi.
Qan bahasına azad edilən torpaqları boşaltmaq lazım idi. 15-ci piyada diviziyası komandanı podpolkovnik Süleyman İzzət bəy Mahaçqaladan Dərbənd istiqamətinə gedərkən hansı hisslər keçirdiyini belə yazırdı:
“Qatarın çox yavaş hərəkət etməsinə rəğmən, Manas körpüsündən keçərkən çox yırğalanırdı. Qeyri-ixtiyari nəzərlərimi şərqə, Xəzər dənizinə doğru çevirdim. Tarki dağına baxa bilmirdim. Çünki Manas körpüsünün qərbinə düşən bu dağda, bir çox şəhid müharibə yoldaşım və bunların içində ən qəhrəman və fədakar bölük komandirlərimizdən Əziz, Səbri və Haqqı əfəndiləri qoyub gedirdim. Heç bir yaralının Temirxan Şura və Mahaçqala xəstəxanalarında qalmaması üçün lazımi əmrləri vermişdim. Bunlar üçün xüsusi bir qatar hazırlatmışdım. Buna baxmayaraq, mənə elə gəlirdi ki, kimsə qalıb. Buna görə də son dərəcə mütəəssir idim”.
Qarşıda Gəncə idi və orada şəhərin bələdiyyə sədri Həsən bəyin Nuru paşa, Mürsəl paşa və Süleyman İzzət bəy ilə şəhər rəhbərlərinin də iştirak etdiyi bir vida yeməyi də vardı. Nuru paşa qoltuq ağacı ilə yeriyən Süleyman İzzət bəyi təqdim edərək Bakının qurtuluşu üçün böyük fədakarlıqla döyüşdüyünü, sonra Dağıstan və Mahaçqalanı fəth etdiyini bildirdi. Süleyman İzzət bəy də öz qısa nitqində bunları söylədi:
“Yollarda gələrkən heç bir şəhid məzarı görmədim. Bu şəhidlərimizi toplayın və münasib bir yerdə dəfn edin. Bu şəhidlər içində, heç olmazsa zabitlərimizin adlarını və şəkillərini hərbi hissələrdən istəyin. Məmləkətinizin istiqlalı uğrunda bu qəhrəman silah yoldaşlarımızı gələcək tarixinizə yazın. Bunu, xüsusilə Bələdiyyə sədrindən rica edirəm, dedim. Möhtərəm sədr bunun mütləq ediləcəyini vəd etdi”.
Qara dənizdən
Xəzərə doğru uzanan əllər...
Azərbaycan torpaqlarında son türk hərbi birliyi olan 15-ci piyada diviziyası 30 noyabr 1918-ci ildə Gəncədən Tiflisə yola düşdü. Hər yerdə, xüsusilə Azərbaycanın son dayanacağı olan Ağstafa stansiyasında böyük bir izdiham var idi. Xalq öz xilaskarlarını yola salırdı. Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-ə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1130-a qədər şəhid vermişdi. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-ə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabitini itirmişdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri az olmadı. 23 aylıq mövcudiyyəti dönəmində Azərbaycan hərb tarixinə yazılmış Göyçay, Bakı, Muğan və Əsgəran uğurlu döyüş əməliyyatlarının, eləcə də 1920-ci ildə bolşeviklərə qarşı bölgələrdə baş verən üsyanların ayrılıqda hər birinin təşkilində, həyata keçirilməsində Qafqaz İslam Ordusunun təcrübəli zabitlərinin mühüm və danılmaz rolu oldu.
Azərbaycan ərazilərinin azad edilməsi uğrunda döyüşlərin idarə olunmasında və aparılmasında, qələbə ilə sonuclanmasında mühüm rol oynamış, eləcə də Azərbaycan Ordusunun təşkilində zəhməti olmuş Xəlil Kut paşa, Mürsəl paşa, Yaqub Şevki Subaşı, Cəmil Cahit Toydəmir, Süleyman İzzət Yeğin kimi zabitlər barədə, təəssüflər olsun ki, ictimaiyyətimiz o qədər məlumatlı deyil. Adları ingilislərin “qara siyahı”na düşən türk komandanlarının 4-ü - Nuri paşa, Xəlil paşa, Mürsəl Bakı, Yaqub Şevki Subaşı (Qafqaz 9-cu ordu komandanı) Azərbaycanın işğaldan azad edilməsində əməyi keçən şəxslər idi.
Nuru paşanınn komandanlığı altında yaradılan Qafqaz İslam Ordusunun ilk heyəti 149 zabit və 488 əsgərdən ibarət idi. Daha sonra Şərq Orduları Qrupundan 11-ci tümən və 5-ci Qafqaz piyada tüməni bu ordunun tərkibinə daxil edildi. Ənvər Paşa əmisi Xəlil paşanı da Qafqaz İslam Ordusunun rəhbərliyinə təyin etdi. Osmanlı son dönəm hərb tarixində Kut-əl-Ammare qəhrəmanı olaraq tanınan Xəlil Kut paşa Birinci Dünya müharibəsində İraq cəbhəsində uğurlu döyüşləri və Bakının azad edilməsində əməliyyatları ilə yadda qalıb. 1916-cı ilin aprel ayında İraqdakı 6-cı Ordunun komandanı təyin olunan Xəlil paşanın hazırladığı plan nəticəsində Kut-əl Ammare qəsəbəsində ingilislərin general Çarles Tounşendin komandanlığı altında 13 generalı, 481 zabiti və 13 100 əsgəri əsir götürülmüşdü. Kut döyüşlərində Osmanlı ordusu 350 zabit və 10 min əsgərini, ingilis birlikləri isə 30 min nəfər hərbçisini itirmişdi. İngilis tarixçisi Ceyms Morris Kut əl-Amare hadisəsini “Britaniya hərb tarixində ən aşağı şərtlə təslim” kimi qiymətləndirmişdi. Xəlil paşa 15 sentyabrda Bakıya daxil olan ilk türk generalı kimi də adını tarixə yazıb.
Azərbaycan paytaxtının adını özünə soyad seçərək 1918-ci ilin sentyabr ayında Qafqaz İslam Ordusunun Bakının azad edilməsi əməliyyatına bilavasitə rəhbərlik edən, əslən Ərzurumdan olan general Mürsəl paşa həm Birinci Dünya müharibəsi, həm Azərbaycan, həm də Qurtuluş savaşında mühüm xidmətləri olan bir generaldır. Müharibədən sonra ingilislər tərəfindən həbs edilərək Malta adasına sürgün edilən Mürsəl paşa az sonra Anadoluya dönərək Qurtuluş savaşına qatılıb. Komandanlıq etdiyi 1-ci süvari briqadası ilə İzmirə girən ilk türk generalı olub. Müharibədən sonra Türkiyə Silahlı Qüvvələrində ordu korpusuna rəhbərlik edib.
Süleyman İzzət Yeğin... Bəlkə də çoxlarının adını yaxşı bilmədiyi Süleyman İzzət Yeğin Bakının erməni-daşnak işğalından azad edilməsində önəmli yer tutan və bilavasitə bu savaşı içindən idarə edən türk zabitlərindəndir. Şimali Qafqaz Respublikasının qurulmasında önəmli rol oynayan Süleyman İzzət bəy Avropada Bolqarıstan-Rumıniya cəbhəsində döyüşüb. Onun komandanı olduğu 15-ci piyada briqadası 9-cu ordu komandanının 27 avqust 1918-ci ildə verdiyi əmrlə Gümrü-Qarakilsə bölgəsindən Azərbaycana yola düşüb və ayaq basdığı hər yerə sakitlik, azadlıq və qələbə gətirib. Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qalıblar. Hacı şəxsən öz evini vəd etdiyi kimi türk qoşunlarının komandanlığının istifadəsinə verib. Bu da böyük qardaşlıqdan və dostluqdan xəbər verirdi. Onlar olan yerdə isə həmişə qələbə olur. O vaxtkı qələbələrin ən böyüyü isə Bakının azad edilməsi idi. Onun əhəmiyyətini və böyüklüyünü isə Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski çox gözəl ifadə etmişdi: “Cəsur türk əsgərlərinin Azərbaycanın başkəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır”.
Bəxtiyar
QARACA,
Azərbaycan.- 2015.- 6 oktyabr.- S. 7.