Azərbaycan və Türkiyə
arasında hərbi əməkdaşlıq ölkələrimizin
təhlükəsizliyinin təmin
olunması məqsədi
daşıyır
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarla görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi olub. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və “Şərəf kitabı” imzalanıb.
Azərbaycanın müdafiə naziri ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq ölkələrimiz arasında hərbi əlaqələrin ikitərəfli və NATO vasitəsilə həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparıldığını, strateji tərəfdaşlığın daim inkişaf etdiyini, dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.
Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu, qarşı tərəfin cəbhə xəttində gərginliyi artırmaq cəhdlərini, döyüşlərdə düşmənin xeyli sayda itki verməsini diqqətə çatdırıb.
Son illər həm Azərbaycanda, həm də Türkiyədə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edən nazir hər iki ölkənin prezidentlərinin dəstəyi ilə bu fəaliyyətlərin planlı surətdə davam etdirilməsinin və təlimlərin sayının artırılmasının vacibliyini xüsusi vurğulayıb.
“Hərbi təhsil sahəsində əldə edilən nailiyyətlər, təcrübə mübadiləsinin davamlı olması bizi çox sevindirir. Bu illər ərzində Türkiyənin hərbi məktəblərində 6 mindən çox Azərbaycan zabiti təhsil alıb və indi də qardaş ölkədə 200 nəfərədək hərbi qulluqçumuz müxtəlif ixtisaslar üzrə hazırlıq keçir. Bu, Silahlı Qüvvələrimizin möhkəmlənməsində böyük rol oynayır, onun inkişaf etməsinə təkan verən amillərdəndir”, - deyə general-polkovnik Z.Həsənov qeyd edib.
Prezident İlham Əliyevlə görüşündən məmnunluq hissi ilə danışan ordu generalı H.Akar dövlətlərimizin əlaqələrinin qədim tarixi kökə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu bildirib. “Hərbi əməkdaşlığımız inkişaf etməli, möhkəmlənməli və davamlı olmalıdır. Bu cür qarşılıqlı əməkdaşlıq və birliyimiz heç bir digər ölkəyə qarşı yönəlməyib, yalnız çətin və qaynar bölgələrdə yerləşən ölkələrimizin təhlükəsizliyinin təmin olunması məqsədini daşıyır”, - deyə H.Akar bildirib.
Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri, hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları, Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Ali Baş Komandanın adından müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölkələrimiz arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə ordu generalı H.Akar Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Azərbaycan.- 2015.- 7 oktyabr.- S. 9.