Azərbaycan şirkətləri və sərmayəçiləri
Panama Kanalı Administrasiyasının
layihələrində iştirak
edə bilərlər
Xarici işlər naziri Elmar Məmmədyarov Panama Kanalı Administrasiyasının idarəetmə və maliyyə məsələləri üzrə vitse-prezidenti Fransisko Migez ilə görüşüb. Görüş çərçivəsində nazir panama kanalı infrastrukturu ilə də tanış olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə F.Migez kanalın fəaliyyəti, əməliyyat imkanları haqqında məlumat verib. O, Panama kanalının gələcək inkişafı, ötürücülük qabiliyyətinin artırılması, kanaldan keçid edən gəmilər və onların şəxsi heyəti üçün maddi-texniki təminat, xidmət imkanlarının yaradılması planları haqqında danışıb. Vitse-prezident Azərbaycan şirkətləri və sərmayəçilərinin də bu layihələrdə iştirak edə biləcəklərini diqqətə çatdırıb.
E.Məmmədyarov Azərbaycanın qeyri-neft sektorunun inkişafı strategiyasında nəqliyyat sektorunun prioritet sahələrdən biri olduğunu deyərək Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni inşa edilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, quru nəqliyyat yollarının çəkilişi, yük gəmiləri donanması və hava daşımaları imkanlarının artırılması, inteqrasiya edilmiş nəqliyyat modulu və nəticə etibarilə, ölkəmizin regionun nəqliyyat qovşağına çevrilməsi haqqında məlumat verib. Bu sahədə iki dövlət arasında əməkdaşlığın və təcrübə mübadiləsinin faydalı ola biləcəyini diqqətə çatdırıb.
Görüşdə Panama kanalının gələcək inkişafı, kanal vasitəsilə neft məhsullarının daşınması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Azərbaycan.- 2015.- 8 oktyabr.- S. 2.