Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Türkiyə Silahlı Qüvvələri
arasında əlaqələr
yüksək səviyyədədir
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
DSX-nın mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı, qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.
Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, birgə sərhəd təlimlərinin keçirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsi işinin təşkili və inkişafı məsələlərində Dövlət Sərhəd Xidməti ilə fəal əməkdaşlığa görə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarı “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı ilə təltif edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Azərbaycan.- 2015.- 8 oktyabr.- S. 2.