“İlham Əliyevin uğurlu ekoloji siyasəti”

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəşr etdiyi kitabda dövlət başçısının bu sahə ilə bağlı imzaladığı fərman və sərəncamların icrasından söz açılır

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İlham Əliyevin uğurlu ekoloji siyasəti” adlı kitabı nəşr edilmişdir. Kitabın elmi redaktoru ekologiya və təbii sərvətlər naziri, professor Hüseynqulu Bağırov ön sözdə dövlətin ekoloji siyasətinin mahiyyətini açıqlayır, Prezident İlham Əliyevin keçmişdən miras qalmış ekoloji problemlərin geniş spektrinin həllində islahatçı lider keyfiyyətlərindən söz açır, bütün istiqamətlərdə reallaşdırılan çoxsaylı ekoloji layihələrin ölkənin beynəlxalq nüfuzunun güclənməsinə təkan verdiyini vurğulayır.

H.Bağırov qeyd edir ki, Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi milli və dövlət proqramlarında ekoloji problemlərin həlli üçün zəruri olan bütün vəzifələr elmi əsaslarla, müasir dövlətçilik ənənələrinə söykənərək zərgər dəqiqliyi ilə müəyyənləşdirilmişdir. Həmin sənədlər sırasında “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsinə dair Milli Proqram”ını, “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”nı, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə Dövlət Proqramı”nı, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”nı, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nı, “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” Prezidentin 30 oktyabr 2007-ci il, eləcə də “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirlməsi tədbirləri haqqında” 13 iyun 2009-cu il tarixli sərəncamlarını və digərlərini göstərmək olar.

Ön sözdə o da vurğulanır ki, dövlət başçısının ali məqsədi ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafını, əhalinin sosial tələbatlarını, ölkənin iqtisadi təhlükəsizliyini, ətraf mühitin mühafizəsinə yönələn dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir. Nazir yazır ki, bilavasitə ölkə başçısının sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən xüsusi tələbkarlıq və diqqət ekologiyanın Prezident üçün həmişə prioritet sahə olduğunu göstərir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahələrdə müəyyən olunmuş düzgün və uğurlu siyasətin indiyə qədər ölkəmizə böyük uğurlar gətirdiyindən, onun beynəlxalq imicini dəfələrlə gücləndirdiyindən bəhs edən ön söz müəllifi ekoloji durumun daim sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu qeyd edir.

384 səhifəlik 24 bölmədən ibarət olan nəfis tərtibatla və yüksək zövqlə çap edilən kitabda son illərin ekoloji nailiyyətləri, yaşıllaşdırma sahəsində atılan vacib addımlar, təbii resursların, meşələrin və biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər əksini tapıb. Ekoloji vəziyyətin yaxşılaşdırılması, təbiətin, ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı fəlakətlərin qarşısının alınması və ətraf mühiti çirkləndirən amillərə qarşı ciddi mübarizənin təşkili mövzuları kitabın ana xəttini təşkil edir. Kitabda həmçinin yeni layihələrin tətbiqi, Xəzər dənizinin ekoloji vəziyyəti, əhalinin içməli su ilə təmin edilməsi istiqamətində görülən kompleks tədbirlər haqqında ətraflı məlumat verilir, çoxsaylı layihələrə qoyulan vəsaitlərin gələcək nəslin sağlamlığına xidmət edəcəyi bildirilir. Onu da qeyd edək ki, ən diqqət çəkən məqam da odur ki, görülmüş kompleks tədbirlər, həyata keçirilmiş bütün layihələr Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilmiş və heç bir xarici donorun vəsaitindən istifadə edilməmişdir.

Nəşrdə xüsusi vurğulanır ki, dövlət başçısının qayğısı və diqqəti sayəsində Azərbaycanda ekologiya sahəsində bütün məsələlər Avropa standartlarına uyğunlaşdırılır, yüksək standartlara keçid sürətlənir, ekoloji standartlara cavab verməyən avadanlıqların idxalının dayandırılması, layihələrin icrasında ekoloji tələblərə cavab verən yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlər öz töhfəsini verir. Kitabdan öyrənirik ki, yaşıllaşdırma sahəsində 2008-2013-cü illərdə 9 layihə başa çatdırılmış, 2014-cü ildə daha 6 layihənin icrasına başlanılmışdır. 2008-2014-cü illərdə “Azəryaşlandşaft” ASC-nin xidməti ərazilərində salınmış zeytun əkinlərinin sahəsi Azərbaycanda son 100 ildə salınmış zeytun bağlarının sahəsinə bərabərdir. Eyni zamanda, ölkənin magistral yollarının mühafizə zolaqlarında mütəmadi olaraq yaşıllaşdırma tədbirləri həyata keçirilir, damcılı suvarma sistemləri tətbiq edilir. Bunlardan əlavə, yerinə yetirilmiş və icra edilən digər layihələr əsasında 2008-2014-cü illər ərzində qeyri-meşə fondu torpaqlarında 3577 hektar ərazidə torpaq-qazma işləri görülmüş, 3042 hektar sahəyə 9000 kilometr uzunluğunda damcılı suvarma sistemi çəkilmiş, milyonlarla ədəd zeytun, Eldar şamı, ağcaqayın, iydə, sərv, limonlu sərv, göyrüş, qarağac, meliya, oleandr və s. ağaclar əkilmişdir.

Kitabı vərəqlədikcə ölkədə son illər görülən ekoloji tədbirlərin kütləvi hal almasının şahidi olmaq mümkündür. Dünyada baş verən qlobal və ekoloji dəyişikliklərin zəminində bioloji müxtəlifliyin qorunması istiqamətində Azərbaycanda görülən işlərin miqyası rəğbət doğurur. Əgər 2002-ci ildə ümumi sahəsi 478 000 hektar olan 14 dövlət təbiət qoruğu və 20 təbii dövlət yasaqlığı mövcud idisə, hazırda 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumiyyətlə, həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən 2 dəfədən çox artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılmışdır.

Nəşrdə diqqətlə işlənilən mövzulardan biri də meşələrin qorunması ilə bağlıdır. Göstərilir ki, Azərbaycan Respublikasının ərazisi 8,66 milyon hektardır. Bundan meşə fondu 1213,7 min ha (14 faiz), meşə ilə örtülü sahələr isə 1021 min hektar (11,8 faiz) təşkil edir ki, bu da dünya üzrə qəbul edilmiş normadan 2-3 dəfə azdır. Halbuki XIX əsrin əvvəllərində bu rəqəm 30-35 faiz idi. Nazirlik yaranandan bu günədək 124,3 min hektar sahədə meşəbərpa işləri aparılmış və yeni meşələr salınmış, 93 milyon ədəd ağac əkilmiş, 307 milyon ədəd əkin materialı yetişdirilmiş və 1,8 min ton toxum tədarük edilmişdir. Yəni, meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artmışdır. Kitabda o da qeyd olunur ki, hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmişdir.

Nəşrdə yazılır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan ölkə ərazisində meşələrin bərpa olunması, onun sahəsinin artırılması, qorunması və mühafizəsi istiqamətində davamlı olaraq böyük həcmli işlərə başlanılmış və bir sıra nailiyyətlər əldə edilmişdir. Belə ki, 2001-ci ildə respublika ərazisində Dövlət Meşə Fondu torpaqlarında meşəbərpa tədbirləri 4700 hektar sahədə aparılırdısa və 6 milyon ədəd əkin materialları yetişdirilirdisə, 2014-cü ildə meşəbərpa tədbirləri 10125 hektar və əkin materiallarının yetişdirilməsi 28,3 milyon ədəd olmuşdur.

Ümumiyyətlə, kitab Ekologiya və Təbii Sərvətlər Nazirliyinin intellektual məhsulu kimi xüsusi dəyər kəsb edir və nazirliyin bütün fəaliyyət istiqamətlərini analitik düşüncə tərzində süzgəcdən keçirir. Bu baxımdan ətraf mühitin qorunması istiqamətində görülən işlər ciddi maraq doğurur. Həm faktların təqdimatı, həm də problemlərin pərdələnmədən açıq müzakirəyə çıxarılması, çıxış yollarının oxucularla birgə araşdırılması bu əsərin elmi monoqrafiya kimi uzun ömürlü olacağına dəlalət edir. Müəlliflər etiraf edirlər ki, sənayenin və kənd təsərrüfatının intensiv inkişafı təbii mühitin vəziyyətinin pozulmasına səbəb olur, iqtisadiyyatın inkişaf etdirilməsi ətraf mühitdə yaşayış üçün optimal şəraitin qorunub saxlanması kimi aktual ekoloji problemin həlli ilə ziddiyyət təşkil edir. Odur ki, nazirlik tərəfindən problemlərin qarşısının vaxtında alınması üçün 34 çay, 11 göl, 4 sututarı və 1 limanda səth sularının monitorinqləri aparılır, onların fon tərkibi və çirkləndirici maddələrin miqdarı öyrənilir. Eyni zamanda, atmosfer havasının, atmosfer yağıntılarının, torpaqların çirklənməsi səviyyəsi mütəmadi monitorinqdən keçirilir.

Kitabda ölkənin təbii sərvətlərinə də geniş yer ayrılıb. Qeyd olunur ki, 2004-2008-ci illərdə respublikanın 29 rayonunda və Naxçıvan Muxtar Respublikası ərazisində regionların sosial-iqtisadi inkişafı məqsədi ilə tikinti materiallarına və yeraltı suların aşkarlanmasına geoloji axtarış və kəşfiyyat işləri aparılmış, 39 yataq kəşf edilmişdir. Bundan başqa, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsi məqsədilə ölkənin 36 rayonunda iqtisadi resursları, xammal ehtiyatlarını istehsal prosesinə cəlb etmək məqsədi ilə geoloji axtarış və kəşfiyyat işləri aparılmışdır və nəticədə 73 faydalı qazıntı yatağı balansa daxil edilmişdir. Həmçinin geoloqların səyi nəticəsində kifayət qədər filiz, qeyri-filiz, tikinti materialları və yeraltı su yataqları aşkar olunmuş, nəticədə ölkəmizin mineral-xammal bazası genişlənmiş və möhkəmlənmişdir.

Kitabı maraqlı edən faktlardan biri də işğal altında olan ərazilərimizdəki yeraltı sərvətlərimiz barəsində ətraflı məlumatların verilməsidir. Bu məsələdən bəhs edən bölmədə işğala məruz qalmış ərazilərdəki mineral-xammal bazası işğal olunmuş ərazilərin bərpası çərçivəsində bazis kimi nəzərdən keçirilir.

Xəzər dənizinin Azərbaycana aid sularında, çaylarda və daxili su hövzələrində məskunlaşmış vətəgə əhəmiyyətli balıq növlərinin ehtiyatının bərpası və artırılması, onların genefondunun və biomüxtəlifliyinin qorunub saxlanılması, habelə bioresurslardan istifadənin tənzimlənməsi də kitabda ətraflı araşdırılmışdır. Bu bölmədə yazılır ki, müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələrinin artırılmasını təmin edən 12 balıqartırma müəssisəsi, Bioloji Resursların Mühafizəsi Xidməti, Su Nəqliyyatı Xidməti və Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu fəaliyyət göstərir.

“İlham Əliyevin uğurlu ekoloji siyasəti” kitabının bütün bölmələri Azərbaycan Prezidentindən gətirilmiş sitatlarla başlayır. Bu da dövlət başçısının ekologiyaya ayırdığı xüsusi diqqətdən irəli gələn bir məqam kimi oxucunu özünə cəlb edir və bu sahədə qazanılan bütün uğurlarda dövlət başçısının gərgin əməyi olduğunu göstərir.

“Dünyada iqlim dəyişikliyi ilə bağlı hadisələr baş verir. Biz buna hazır olmalıyıq. Elə tədbirlər görülməlidir ki, baş verəcək fəlakətlərin qarşısını ala bilək”. Prezident İlham Əliyevdən gətirilən bu sitatla başlayan bölmədə qlobal iqlim dəyişmələri ilə əlaqədar təhlükəli hidrometeoroloji hadisələrin təkrarlanması və onların intensivliyinin bütün dünyada artması qeyd olunur. Bu səbəbdən təbii fəlakətlər zamanı dəyən ziyanı bir neçə dəfə azaltmağa imkan verən Erkən Xəbərdarlıq Sisteminin olmasının vacibliyi vurğulanır. Artıq bu istiqamətdə intensiv iş aparılır və şəbəkədə 28 avtomat meteoroloji stansiya və 8 yağıntıölçən alınıb quraşdırılmışdır. Avtomat stansiyalardan 3-ü Prezidentin 2008-ci il 28 dekabr tarixli sərəncamı ilə yaradılmış Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin Tufandağ zirvəsində (4172 m), Şahdağda (3700 m) və Şahdüzü stasionar məntəqəsində (2712 m) quraşdırılmışdır.

Azərbaycan Prezidentinin ekoloqların qarşısında qoyduğu tələblərdən biri də ətraf mühiti çirkləndirən amillərə qarşı ciddi mübarizənin aparılmasıdır. Təxmini hesablamalara görə, ümumi çirklənmənin 70-80 faizi iri şəhərlərin payına düşür. Sənaye sahələri arasında ən çox çirklənmə metallurgiya, energetika, neft sənayesi, kimya və neft-kimya, qaz sənayesinin payına düşür. Xəzər dənizinin çirklənməsi isə xüsusi yer tutur. Bakı buxtası, Sumqayıt sahili zolağı özünün çirklənmə vəziyyətinə görə seçilir. Sənaye tullantılarının idarə olunması vəziyyəti də qənaətbəxş deyil. Bu sahədə daha ağır vəziyyət metal məmulatlarının qalvanika üsulu ilə istehsalındadır.

Ətraf Mühitin Mühafizəsi Departamenti və onun ətraf mühitin mühafizəsini həyata keçirən tabeli qurumları 2003-2014-cü illər və cari ilin 6 ayı ərzində hüquqi və fiziki şəxslərin yol verdikləri qanun pozuntularına görə ümumilikdə 28990 akt və 12682 protokol tərtib etmiş və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 10729 müddətli məcburi göstəriş vermişlər.

Dövlət başçısı belə hesab edir ki, Xəzərin dünyanın ən böyük gölü kimi qorunmasına xüsusi fikir verilməlidir. Bunun üçün görülən bir çox işlərdən başqa, mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmayan sahil zolağı ərazilərində modul tipli təmizləyici qurğuların quraşdırılması, Xəzər dənizində bioloji müxtəlifliyin (plankton və bentik orqanizmlərin) öyrənilməsi üçün idarənin strukturunda əlavə olaraq yeni hidrobiologiya sektorunun açılması, yeni su nəqliyyatının (sürətli gəmi və katerlərin) alınması və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Kitabı nəzərdən keçirən, onun bölmələri ilə tanış olan istənilən oxucu bu nəşrin ölkənin ekoloji mühitinin müfəssəl işıqlandırılmasında nazirliyin aparıcı mütəxəssislərinin ortaya sanballı bir əsər çıxarmasının şahidi olacaq. Diqqət çəkəni odur ki, müəlliflər reallıqlara söykənir, görülən işlərin təqdimatında konstruktiv analizə, perspektivlərin araşdırılmasına üstünlük verirlər. “İlham Əliyevin uğurlu ekoloji siyasəti” kitabı geniş oxucu kütləsi üçün də xüsusi maraq kəsb edir. Burada Azərbaycan ekologiyası ilə maraqlanan hər bir kəs - məktəbli də, tələbə də, iş adamı da, hətta təqaüdçü də özü üçün maraqlı olan dərin bilik və ciddi analizlərlə tanış olacaq, ekologiyanın dünəninə, bu gününə və gələcəyinə səyahət edə biləcək.

Başqa daha vacib bir məqam isə ondan ibarətdir ki, bütün görülən işlərdə, qazanılan uğurlarda Azərbaycan Prezidenti İlham Əliyevin maddi və mənəvi dayağı, dəstəyi hiss olunur. Yaradılan milli parklar, qoruqlar, yasaqlıqlar, salınan meşələr, yaşıl zolaqlarla bəzənən yollar, fauna və floranın qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər, nazirliyin müasir avadanlıqlarla, laboratoriyalarla, yeni cihazlarla təchiz edilməsi mahiyyət etibarı ilə sırf ekologiyaya aid olsa da, reallıqda Azərbaycanın müasir dünya düzənində qısa müddət ərzində sivil dövlətə çevrildiyini sübut edir, müəlliflərin qeyd etdiyi kimi, onun beynəlxalq imicini artırır.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2015.- 8 oktyabr.- S. 6.