TANAP Azərbaycanın və Türkiyənin birgə səyləri ilə reallaşır
Xəzər dənizinin enerji qaynaqlarını dünya bazarına daşıyacaq “Cənub” qaz dəhlizi hələ tikilməkdə olsa da, indidən qabaqcıl və əhəmiyyətli bir layihə statusu qazanıb. Məlum olduğu kimi, dəhliz üç əsas seqmentdən ibarətdir və bunların ən böyüyü orta hissəni təşkil edən TANAP - Trans-Anadolu Qaz Boru Kəməridir.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin qazını Türkiyədəki istehlakçılara və bu ölkədən keçərək Avropaya ötürəcək kəmərin uzunluğu təxminən 1850 kilometr olacaq. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Posof mahalından başlayaraq Türkiyənin ərazisində 21 vilayətdən keçəcək və Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.
TANAP üzrə hökumətlərarası sazişi 2012-ci ilin iyununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt Baş naziri, indi isə Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışlar. Bu, Azərbaycanın və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkləşən layihədir.
Cari il martın 17-də Türkiyənin Qars vilayətinin Səlim rayonunda TANAP-ın təməli qoyuldu. Həmin vaxtdan başlanan tikinti işlərində irəliləyiş davam edir.
TANAP-ın 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyəyə nəql ediləcək. Lakin sonrakı illərdə TANAP daha çox qaz ötürəcək. Onun 2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə 31 milyard kubmetr qaz nəql etmək imkanı olacaq.
2020-ci ilin əvvəlindən etibarən TANAP “Cənub” qaz dəhlizinin birinci seqmenti olan CQBK-dan (Cənubi Qafqaz Boru Kəməri) aldığı mavi yanacağı TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qoşacaq. Xatırladaq ki, TAP dəhlizin üçüncü - sonuncu seqmentidir. Bu kəmər qazı Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP layihəsinin səhmdarları iştirak paylarını belə bölüşürlər: “Cənub” qaz dəhlizi Qapalı Səhmdar Cəmiyyəti - 58 faiz, BOTAŞ - 30 faiz və BP şirkəti-12 faiz. Keçən ay mətbuatda açıqlanan məlumata görə, SOCAR TANAP-da sahib olduğu payın 7 faizini özünün Türkiyədəki törəmə şirkətinə - “SOCAR Türkiye Enerji”yə satacaq. SOCAR-ın prezidenti R.Abdullayev bunların spesifik keçidlər olduğunu və maliyyələşmənin həyata keçirilməsi üçün edildiyini deyib. O həmçinin bildirib ki, SOCAR-ın TANAP-dakı səhmlərinin 13 faizinin 1,3 milyard dollara satışı təmin olunub. Bu vəsaitlər əsasən SOCAR-ın banklardan götürdüyü kreditlərin qaytarılmasına və yeni layihələrin maliyyələşməsinə yönəldiləcək.
Qeyd edək ki, 2012-ci il mayın 30-dan başlayaraq SOCAR özünün Türkiyədəki fəaliyyətini “SOCAR Türkiye Enerji A.Ş.” vasitəsilə həyata keçirir. SOCAR-ın sözügedən törəmə şirkətinə rəhbərlik edən Kənan Yavuz TANAP kimi layihələrin Türkiyənin geosiyasi mövqeyini gücləndirdiyini vurğulayaraq deyib ki, biz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olaraq Türkiyə Respublikası ilə birlikdə çalışır, “Cənub” qaz dəhlizinin ən əhəmiyyətli hissəsi olan TANAP layihəsini reallaşdırırıq. O, TANAP-ı eləcə də bölgədəki digər enerji qaynaqlarının Avropa bazarına çıxışını təmin edəcək lider layihə kimi dəyərləndirib.
TANAP-ı dəstəkləyənlərdən biri də Azərbaycanda ən iri neft-qaz və ixrac layihələrinin, o cümlədən “Şahdəniz”in operatoru olan BP şirkətidir. Şirkətin yaydığı açıqlamaların birində deyilir: “TANAP dünyada ən mühüm strateji kəmərlərdən biridir. Onun Şərq ucunda dünyanın ən iri qaz yataqları var - Azərbaycan və Yaxın Şərq, onun Qərb ucunda isə dünyanın ən iri bazarlarından biri var - Avropa. TANAP bu ikisini birləşdirən mühüm bir layihədir və ona görə də BP və digər şirkətlər bu layihəni və onun operatoru olan ARDNŞ-nin planlarını dəstəkləyirlər”.
TANAP-ın çəkilişi problemsiz irəliləyir və tikintinin uğurla başa çatacağı şəksizdir. Bu inamı Azərbaycanın regionda indiyədək reallaşdırdığı Bakı-Supsa, Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və bir sıra digər nəhəng layihələrin uğuru yaradır.
Flora
SADIQLI,
Azərbaycan.- 2015.- 8 oktyabr.- S. 6.