Tarixi seçim

 

2 il əvvəl Azərbaycan xalqı onu uğurlu sabaha, təminatlı gələcəyə aparan siyasi kursa səs verdi

 

Azərbaycanın ən yeni tarixinə əlamətdar hadisələrdən biri kimi düşmüş 2013-cü ilin 9 oktyabr seçkiləri xalqın müdrik və dəyişməz seçiminə əsaslanmış, ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun təntənəsinə səs vermişlər. Cəmiyyətdəki mütləq çoxluğun siyasi iradəsinə əsaslanan bu seçim, eyni zamanda Azərbaycanda davamlı inkişaf və tərəqqiyə, mənəvi intellektual yüksəlişə zəmin yaratmış siyasi kursun alternativsizliyinin əyani təzahürünə çevrilmişdir.

Ölkə vətəndaşlarının 9 oktyabr tarixi seçimi obyektiv reallıqla şərtlənmiş, Azərbaycan xalqı onu uğurlu sabaha, təminatlı gələcəyə aparan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən çoxşaxəli siyasətə dəstək vermişdir. Tamamilə azad, demokratik və şəffaf şəraitdə yekunlaşan, seçicilərin yüksək mütəşəkilliyi ilə müşayiət olunan bu seçkilər, eyni zamanda ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açmış, siyasi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə imkan yaratmış, bir sözlə, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsində mühüm rol oynamışdır.

Prezident seçkilərinin nəticələri bir tərəfdən ölkəmizdə gedən ictimai-siyasi, iqtisadi proseslərin məntiqi, digər tərəfdən Heydər Əliyev siyasi kursunun varisliyinin təmini zərurətini birmənalı qəbul edən cəmiyyətin sosial sifarişini, istəyini əks etdirmişdir. Cənab İlham Əliyev bu seçkilərdə vətəndaşlarımız qarşısına Heydər Əliyevin idarəçilik sistemində formalaşan, ona rəhbərlik missiyasını məharətlə davam etdirməyə qadir olan alternativsiz lider, eyni zamanda dövlətin tərəqqisinə böyük töhfələr vermiş nüfuzlu siyasi xadim kimi çıxmışdı. Prezident İlham Əliyevin şəxsində Azərbaycan xalqı bir daha sülhə, sabitliyə, tərəqqiyə səs vermiş, ulu öndərin əsasını qoyduğu milli dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirmişdir.

Prezident İlham Əliyev ötən müddətdə respublikamızın iqtisadi inkişaf təmayüllərini dəqiq müəyyənləşdirməklə davamlı tərəqqini təmin etmiş, sosialyönümlü inkişaf strategiyası həyata keçirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Dövlət başçısı qısa zaman kəsiyində cəmiyyətin alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirəcəyinə xalqda qəti əminlik yaratmış, əsası ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə möhkəm zəmin formalaşdırmışdır.

Xalqın mütləq əksəriyyətinin 9 oktyabrda keçirilən prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməsinin mühüm səbəbləri var. Cənab İlham Əliyevin mövcud siyasi kursa dair baxışlar sisteminin institutlaşmış xarakter daşıması, bu baxışların taktiki, strateji və perspektiv rakursunda Heydər Əliyev siyasətinin ehtiva etdiyi prioritetlərin dayanması, ən əsası, ulu öndərin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi şəffaf keçmişə, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirən başlıca məqamlar sırasında xüsusi vurğulana bilər. Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada məşhur olan nüfuzlu ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnmiş, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə ümumiləşdirərək təcrübəli, peşəkar dövlət adamı kimi formalaşmış İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir.

Ümummilli liderin milli dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ötən 12 ildə özü də yeni bir idarəçilik məktəbinin banisinə çevrilmişdir. Ölkə başçısının fəaliyyəti onun Heydər Əliyev ideyalarının, sadəcə, davamçısı deyil, eyni zamanda bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti nəticəsində ilk növbədə Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə müəyyənləşdirilən balanslaşdırılmış xarici siyasət kursunun davamlığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə inkişaf etdirilmişdir.

Cənab İlham Əliyev 2013-cü il oktyabrın 19-da keçirilmiş andiçmə mərasimində prezident seçkilərinin Azərbaycanın demokratik inkişafına yeni təkan verəcəyini vurğulamışdır: “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir. On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi”.

Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi cənab İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edir. Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin edib. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir.

Dünyada maliyyə böhranının hələ də səngimədiyi və risklərin artdığı bir vaxtda Azərbaycanda bütün makroiqtisadi parametrlər üzrə inkişaf təmin edilib. Xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunub. Eyni zamanda, yüksək iqtisadi inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verib. Ötən müddətdə əldə olunmuş əhəmiyyətli sosial-iqtisadi göstəricilər əhalinin rifah halının yaxşılaşdırılmasına, o cümlədən gəlirlərin və orta aylıq əməkhaqqının artmasına real şərait yaratmışdır. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənib. Aparıcı reytinq agentlikləri də öz növbəsində (“Fitch Ratings” və “Standard and Poor`s”) bu qiymətləndirməni bölüşmüş və cari ilin birinci yarısında keçirdikləri reytinq dəyərləndirmələri əsasında Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edib.

Prezident İlham Əliyevin ulu öndərin təkmil siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi praqmatik, müasir lider imicinə malik olması, müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda bölgədə və bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına əsaslı zəmin yaratmışdır. Ölkə başçısı bu uğurlara görə 2015-ci il üzrə beynəlxalq Cənub-Cənub mükafatı ilə təltif olunmuşdur. Sentyabrın 26-da Nyu Yorkda mükafatın təqdim olunma mərasimi keçirilmişdir. Mərasimdə bildirilmişdir ki, Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Cənub-Cənub mükafatı ilə təltif olunub.

Xatırladaq ki, bir müddət əvvəl Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik “BizNewsAsia” jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “İlin adamı” elan etmişdi. Həmçinin Prezident İlham Əliyev Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçilmişdi. Dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı və 10 minə yaxın tələbə arasında onlayn keçirilən sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İƏT coğrafiyasında “İlin dövlət başçısı” seçilməsi bütün sahələrdə əldə edilən uğurlara verilən yüksək qiymətdir.

“Rəy” Monitorinq Mərkəzinin cari il iyulun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri də bu baxımdan diqqəti cəlb edir. Cavablardan görünürdü ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 89,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi. Bütün bunlar göstərir ki, ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.

Azərbaycan xalqı iki il öncə - 9 oktyabr prezident seçkilərində daxili inamına söykənərək cənab İlham Əliyevi növbəti beş il müddətinə ölkə başçısı seçməklə siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə etdi. Bu tarixi seçim həm də belə bir həqiqətin cəmiyyətdə dərkidir ki, Azərbaycanın dövlət müstəqilliyinin ən bariz təcəssümü Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 2.