Son illərdə bir sıra məşhur memarların Bakıda öz layihələrini həyata keçirmələri
Azərbaycana böyük
maraqdan irəli gəlir
Oktyabrın 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev II Bakı Beynəlxalq memarlıq müsabiqəsi münsiflər heyətinin üzvləri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Vonier, tanınmış memarlar Vasili Sqoutas, Mişel Barmak və Haydar Ali ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Elçin Əfəndiyev qonaqlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda və bütövlükdə ölkəmizin bölgələrində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə məlumat verib. Baş nazirin müavini bu sahədə görülən işlərin xüsusilə Bakı şəhərində daha qabarıq, bütün gözəlliyi və əzəməti ilə nəzərə çarpdığını bildirib. Elçin Əfəndiyev son illərdə bir sıra məşhur memarların paytaxtımızda öz layihələrini həyata keçirmələrinin ölkəmizə olan böyük maraqdan irəli gəldiyini vurğulayıb.
Bildirilib ki, artıq şəhərimizin müasir rəmzlərinə çevrilmiş Heydər Əliyev Mərkəzinin binası, məşhur Alov Qüllələri, “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi “Baku Crystal Hall” konsert kompleksi və bu kimi digər tikililər Bakının müasir dünya memarlığının inkişafında öz yerinin olduğuna bariz nümunələrdir.
II Bakı Beynəlxalq memarlıq müsabiqəsi münsiflər heyətinin üzvləri olan tanınmış memarlar Bakının hazırda dünyada memarlıq sahəsində cərəyan edən müsbət meyillərin cəsarətlə həyata keçirildiyi şəhərlər sırasında öncül yerdə qərarlaşdığını bildiriblər. Qeyd olunub ki, Bakıdakı yeni binalar tarixi memarlıqla çox gözəl şəkildə uzlaşmaqla bərabər, həm də “isti” dizaynı və digər çoxsaylı müsbət keyfiyyətləri ilə buraya gələn qonaqları, xüsusən də memarları heyran etməkdədir.
Görüş iştirakçıları yekdilliklə deyiblər ki, Bakının yeni dövr memarlığındakı tarixi keçmişə göstərilən qayğı ilə yanaşı, cəsarətli inteqrativ meyillər və ümumilikdə müşahidə olunan bütün müsbət məqamlar bir çox dünya şəhərlərinin müasir memarlıq təcrübəsində öz tətbiqini tapmalıdır.
AZƏRTAC
Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 3.