Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 320                         Bakı şəhəri, 7 oktyabr 2015-ci il

 

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

 

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin

 

N İ Z A M N A M Ə S İ

 

1. Ümumi müddəalar

1.1. Bu Nizamnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin (bundan sonra - Xidmət) nəzdində dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş (bundan sonra - valideyn himayəsindən məhrum olmuş) məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin (bundan sonra - Müəssisə) fəaliyyətini tənzimləyir.

1.2. Müəssisə - milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir.

1.3. Müəssisə Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki yaşayış evi olmaqla, Xidmətin vahid sisteminə daxildir.

1.4. Müəssisə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsini və qərarlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Xidmətin əmrlərini, həmçinin bu Nizamnaməni rəhbər tutur.

1.5. Müəssisə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə yaradılmışdır, qeyri-kommersiya hüquqi şəxsdir, müvafiq xəzinə hesabına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştampa və digər rekvizitlərə malikdir.

1.6. Müəssisənin tam rəsmi adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi.

1.7. Müəssisənin ünvanı: Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1.

2.  Müəssisənin məqsəd və vəzifələri

2.1. Müəssisə dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlarının yaşaması üçün yaradılmışdır.

2.2. Müəssisənin əsas vəzifələri aşağıdakılardır:

2.2.1. Nizamnaməyə uyğun olaraq məzunları qəbul etmək;

2.2.2. valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları yaşayış sahəsi ilə təmin etmək;

2.2.3. yaşayış sahələrini məişət avadanlıqları və inventarlarla təmin etmək;

2.2.4. yaşayış sahələrinin su, qaz, istilik və elektrik təchizatı sistemlərinin  normal işləməsini təmin etmək;

2.2.5. daxili intizam qaydalarına riayət olunmasını təmin etmək;

2.2.6. məzunların şəxsi və ailə həyatına dair məlumatların konfidensiallığını təmin etmək;

2.2.7. sanitariya-gigiyena və əks-epidemik norma və qaydalarına riayət olunmasını təmin etmək;

2.2.8. Müəssisədə yanğından mühafizə, əməyin mühafizəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işləri həyata keçirmək.

2.3. Müəssisədə ödənişli məişət və ictimai iaşə xidmətləri göstərilə bilər.

3. Müəssisənin hüquqları

3.1.  Müəssisənin hüquqları aşağıdakılardır:

3.1.1. öz fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

3.1.2. Müəssisədə yaşayan məzunların işlə və daimi yaşayış yeri ilə təmin olunması istiqamətlərində tədbirlər görmək, bu məqsədlə hüquqi və fiziki şəxslərə müraciət etmək;

3.1.3. Müəssisənin daxili intizam qaydalarını müəyyən etmək.

4. Müəssisəyə qəbul edilmə və müəssisədən çıxarılma

4.1. Müəssisəyə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları, onların öz istəkləri nəzərə alınmaqla,  qəbul edilirlər.

4.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə siyahını hər tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

4.3.  Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim olunan siyahıdakı məzunlardan  Müəssisəyə qəbul üçün aşağıdakı sənədlər tələb olunur:

4.3.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;

4.3.2. dövlət uşaq müəssisəsi tərəfindən verilmiş arayış (dövlət uşaq müəssisəsini tərk etməsi və valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması, yaşayış sahəsinin olmaması barədə məlumat);

4.3.3. sağlamlıq haqqında tibbi arayış (yoluxucu xəstəliklərin daşıyıcısı olub-olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə).

4.4. Sənədlərə Xidmət tərəfindən 10 (on) iş günü müddətində baxılaraq, məzunlara Müəssisədə yaşayış sahəsinin verilməsi  ya  yaşayış sahəsinin verilməsindən imtina edilməsi barədə qərar qəbul edilir.

4.5. Aşağıdakı hallarda məzuna yaşayış sahəsi verilməsindən imtina edilməsi barədə qərar qəbul edilir:

4.5.1. bu Nizamnamənin 4.3-cü bəndində göstərilən sənədlər tam təqdim edilmədikdə;

4.5.2. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdud və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

4.5.3. sənədlərə baxılanadək müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;

4.5.4. ətrafdakılara təhlükə yaradan yoluxucu xəstəliklərin daşıyıcısı olduqda.

4.6. Yaşayış sahəsinin verilməsi haqqında qərar qəbul edildikdə, Xidmətlə məzun arasında yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi (bundan sonra - müqavilə) bağlanılır.   

4.7. Müqavilə müddət göstərilmədən bağlanılır.

4.8. Məzunun əvəzsiz istifadəyə götürdüyü yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüququ yoxdur.

4.9. Müəssisədə hər bir mənzil bir məzun üçün nəzərdə tutulmuşdur.

4.10. Müqaviləyə vaxtından əvvəl aşağıdakı hallarda xitam verilir:

4.10.1. mənzil müqavilənin şərtlərini pozmaqla istifadə edildikdə;

4.10.2. mənzil üçüncü şəxslərin istifadəsinə verildikdə;

4.10.3. məzunun səhlənkarlığı və ya məsuliyyətsizliyi səbəbindən mənzil mühüm təhlükəyə məruz qaldıqda;

4.10.4. mənzili əvəzsiz istifadəyə götürmüş subay məzun vəfat etdikdə;

4.10.5. məzun daimi yaşayış sahəsi əldə etdikdə;

4.10.6. Müəssisənin direktoru tərəfindən edilən xəbərdarlığa baxmayaraq, Müəssisənin daxili intizam qaydalarını ay ərzində təkrar pozduqda.

5. Müəssisədə yaşayan məzunların  hüquqları və vəzifələri

5.1. Müəssisədə yaşayan məzunlar aşağıdakı hüquqlara  malikdirlər:

5.1.1. sanitariya-gigiyena tələblərinə cavab verən yaşayış sahəsi ilə-təmin-olunmaq;

5.1.2. hüquq və vəzifələri barədə Müəssisə rəhbərliyindən məlumat almaq;

5.1.3. hüquqlarının təmin edilməsi ilə bağlı məsələlərə dair Müəssisə rəhbərliyinə müraciət etmək;

5.1.4. Müəssisədə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaşayış yeri üzrə qeydiyyata düşmək;

5.1.5. ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək.

5.2. Məzunların vəzifələri aşağıdakılardır:

5.2.1. daxili intizam qaydalarına riayət etmək;

5.2.2. yaşayış sahəsinin yararlı vəziyyətdə saxlanılmasını təmin etmək;

5.2.3. əvəzsiz istifadəyə götürülmüş yaşayış sahəsi üzrə kommunal xərcləri vaxtında ödəmək;

5.2.4. yanğın təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına əməl etmək.

6. Müəssisənin idarə olunması

6.1. Müəssisənin strukturu və ştat cədvəli Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilir.

6.2. Müəssisənin direktoru və mühasibi vəzifəyə Xidmət rəisinin təqdimatı əsasında əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən, digər işçiləri isə Müəssisənin direktoru tərəfindən təyin və vəzifədən azad edilir.

6.3. Müəssisənin fəaliyyətinə rəhbərlik və onun idarə olunması direktor tərəfindən bu Nizamnaməyə əsasən həyata keçirilir.

6.4. Direktor:

6.4.1. Müəssisənin işini təşkil edir, onun fəaliyyəti üçün məsuliyyət daşıyır;

6.4.2. öz səlahiyyətləri daxilində Müəssisə üzrə əmrlər verir;

6.4.3. məzunların  yaşayış sahəsi ilə təminatını təşkil edir;

6.4.4. Müəssisənin işçilərinin vəzifə təlimatlarını hazırlayır və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir; 

6.4.5. işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb edir;

6.4.6. Müəssisənin işçi heyətinin peşəkarlıq səviyyəsinin  ixtisaslarının artırılması sahəsində tədbirlər həyata keçirir;

6.4.7. qanunvericiliyə uyğun olaraq işçilərin mükafatlandırılması və ya intizam məsuliyyətinə cəlb olunması ilə əlaqədar tədbirlər görür;

6.4.8. Müəssisədə yaşayan şəxsləri qəbul edir, onların müraciətlərini araşdırmaqla, müvafiq tədbirlər görülməsini təmin edir;     

6.4.9. qeyd və hesabat işini, onların düzgün tərtib edilməsini və müvafiq orqanlara verilməsini təmin edir;

6.4.10.  bu Nizamnamənin 7.1-ci bəndində göstərilən maliyyə vəsaitləri üzrə sərəncam verir, onların düzgün xərclənilməsini və saxlanılmasını təmin edir;

6.4.11. Müəssisənin binasının əsaslı və cari təmiri, habelə abadlıq işləri üçün tədbirlər görür;

6.4.12. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məlumatların konfidensiallığını təmin edir;

6.4.13.  Müəssisədə yanğından mühafizə, əməyin mühafizəsi, sanitariya-gigiyena norma və qaydalarına riayət olunmasını təmin edir.

6.5. Müəssisəyə qəbul edilən hər bir məzun üçün şəxsi iş açılır. Buraya şəxsin yaşayış sahəsi ilə təmin olunması haqqında Xidmətin qərarının surəti, müqavilənin surəti, şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış əlavə edilir. Sənədlər Müəssisənin dəftərxanasında, dolablarda saxlanılır.

6.6. Müəssisəyə qəbul edilən məzunların kommunal xərcləri ilk 6 (altı) ay müddətində Müəssisə tərəfindən ödənilir.

6.7. Müəssisədə məskunlaşmış dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərcləri onların təhsil aldığı müddətdə Müəssisə tərəfindən ödənilir .

6.8. Müəssisəyə qəbul edilən şəxslər barədə Xidmət tərəfindən təsdiq olunan “Müəssisədə yaşayan şəxslərin qeydiyyat jurnalı”nda müvafiq qeydlər aparılır.

6.9. Müəssisədə daxili nizam-intizam Müəssisənin direktoru tərəfindən təsdiq edilmiş daxili intizam qaydalarına əsasən tənzimlənir.

7. Müəssisənin  maliyyə-təsərrüfat fəaliyyəti

7.1. Müəssisənin maliyyələşdirilməsi dövlət büdcəsindən ayırmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxilolmalar hesabına həyata keçirilir.

7.2. Müəssisənin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Xidmət üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

7.3. Büdcədənkənar vəsaitlər üzrə fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

7.4. Müəssisənin direktoru:

7.4.1. hər rüb üzrə rübdən sonra gələn ayın 10-na kimi Xidmətə maliyyə hesabatı    müəssisəyə qəbul edilən məzunların statistikası barədə məlumat verir;

7.4.2. sənədlərin təhlükəsiz saxlanılmasını və qeydiyyatını təmin edir.

8. Müəssisədə əmək münasibətləri

8.1. Müəssisədə işçilərlə işəgötürən arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

8.2. Müəssisənin işçilərinin əməyi vaxtamuzd əməkhaqqı sistemi üzrə ödənilir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan.- 2015.- 10 oktyabr.- S. 1.