Ölkəmiz bütün risklərdən özünü
qoruyur
Prezident İlham ƏLİYEV: “Azərbaycan iqtisadi sahədə, beynəlxalq
aləmdə müstəqil,
düşünülmüş siyasət aparır”
Dünyada daha da kəskinləşən geosiyasi proseslərin, siyasi-iqtisadi böhranların nəticələrinin hələ tam aradan qaldırılmadığı Avropa qitəsində mədəniyyətlərarası qarşıdurma, radikalizm, islamafobiya meyilləri artıb. Bu, beynəlxalq hüquq sisteminin böhranından da xəbər verir. Yaxın və Orta Şərq ölkələrində “demokratikləşmə” adı altında gedən dağıdıcı proseslər, vətəndaş müharibəsi, insanların kütləvi ölümü, iqtisadiyyatın dağılması, ekstremizmin və terrorizmin genişlənməsi ciddi narahatçılıq doğurur. Miqrant problemi isə Qərb dünyasını çalxalandırır. Bu problemlərdən çıxış yolu axtarmaq əvəzinə isə dövlətlər bir-birlərini ittiham etməyə başlayıblar.
Bu gün həm də dünyada sivilizasiyalar və konfessiyalararası təhdidlər, beynəlxalq miqyasda irqçilik, insanlar arasında milli, dini mənsubiyyətinə görə fərq qoymaq meyilləri artıb. Lakin bütün bunların fonunda Cənubi Qafqazın lider ölkəsi olan respublikamızdakı tolerantlıq dünyaya nümunə ola bilər. Azərbaycan dünyanın elə nadir məkanlarındandır ki, burada sivilizasiyalararası dialoqa gərəkli töhfələr verilir, multikulturalizm, dini və milli müxtəliflik ölkənin ən üstün dəyərlərindən biri kimi təbliğ olunur. Eyni zamanda, respublikamızın daxilində gedən prosesləri, davamlı inkişafı, sosial-siyasi sabitliyi qonşu ölkələrdəki və dünyanın regionlarındakı vəziyyətlə müqayisə etdikdə, həqiqətən də, Azərbaycan dinamik inkişafa malik olan sabitlik adası təsəvvürü bağışlayır. Daxili sabitliyin olması ölkənin bütün sahələrdə gücünü daha da artırır.
O da sirr deyil ki, hazırda dünyada sabitlik və təhlükəsizlik məsələləri ciddi önəm kəsb edir. Bir sıra hallarda regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişafa və vətəndaşlarının rifahına yönəltmələrinin qarşısını alır. Dünyanın bu və ya digər regionunda yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi kataklizmlərdən insanlar əziyyət çəkirlər. Azərbaycanda isə vəziyyət göz önündədir. Müharibə şəraitində olan dövlətimiz dünya ölkələrinə nümunə göstərilə bilər. Çünki dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə söyləmişdir.
Oktyabrın 6-da Ucar şəhərinə səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşdə bir daha bu məsələyə toxunan Prezident İlham Əliyev demişdir: “Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır. Biz Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq, sığortalayaq və buna nail oluruq. Nəyə görə? Çünki xalqla iqtidar arasındakı birlik bunu şərtləndirir. Ona görə ki, Azərbaycan iqtisadi sahədə, beynəlxalq aləmdə müstəqil, düşünülmüş siyasət aparır”.
Dövlət başçısı vurğulamışdır ki, bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur. Yəni, Azərbaycan nümunədir. Çünki bu gün dünyada gedən ümumi proseslərə baxdıqda Azərbaycanda həm ictimai proseslərin, həm də iqtisadi inkişafın düzgün məcrada getdiyi açıq-aydın görünür.
Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə də toxunan Prezident İlham Əliyev demişdir: “Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb, Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə heç kimdən asılı deyilik. Ona görə özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq”.
Göyçay Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olan dövlət başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə isə dünyada baş verən xoşagəlməz proseslərdən, iqtisadi böhranın təsirindən bəzi Avropa ölkələrinin üzləşdiyi acınacaqlı vəziyyətdən və bölgədəki durumdan söz açıb. Prezident İlham Əliyev vurğulayıb ki, baş verən prosesləri hər kəs izləyir və bölgədə hansı faciələrin, dəhşətli hadisələrin baş verdiyinin şahidi oluruq: “Bu gün dünyada gedən prosesləri biz hamımız izləyirik. Görürük ki, bizim bölgədə hansı faciəli, dəhşətli hadisələr baş verir. Azərbaycanda sabitlik, inkişaf, rifah, təhlükəsizlik təmin edilir. Hər şey müqayisədə müəyyən olunur. Yaxşı vaxtlarda adama elə gələ bilərdi ki, elə hər yerdə yaxşıdır. Ancaq bu gün baxın, bizim region, Orta Şərq, Avropa böhran içindədir. İndi bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. O ölkələr bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Ancaq bizim bəyan etdiyimiz dəyərlər göz qabağındadır. Milli-mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq, sosial-iqtisadi inkişaf və öz gücümüzə güvənməyimiz bizim inkişafımızı şərtləndirən əsas amillərdir”.
Həqiqətən, dünyada baş verən proseslərə nəzər saldıqda aydın şəkildə görünür ki, bu gün Azərbaycan Prezidentinin yürütdüyü uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatların və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 10 oktyabr.- S. 1.