Şəhid Tural Əhmədovun
ailəsinə “Hərbi
xidmətdə fərqlənməyə
görə” 3-cü dərəcəli
medalı təqdim edilib
Ötən il oktyabrın 9-da qoşunların təmas xəttinin Ağdam rayon istiqamətində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlunun “Dördyol-1” məcburi köçkün qəsəbəsində yaşayan ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuların, Ağdam rayonunun icra strukturlarının nümayəndələrinin və məcburi köçkünlərin iştirak etdikləri mərasimdə şəhidlərin şücaətindən bəhs edilib, ruhlarına dualar oxunub.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani şəhidin ailəsinə başsağlığı verib. Tural Əhmədovun qisasının yerdə qalmadığını deyən A.Qurbani bildirib ki, ötən gün qoşunların təmas xəttində düşmənlə döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin qarşı tərəfə zərbələri nəticəsində düşmənin 6 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Mərasimdə Abdulla Qurbani müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin 7 aylıq oğlu Tural Əhmədovun yaxasına sancıb.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova bildirib ki, Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Şəhidin xidmət etdiyi hərbi hissənin zabitləri çıxış edərək, onun şücaətindən danışıblar. Bildirilib ki, Tural Əhmədov hələ sağlığında düşməndən öz qisasını alıb.
Şəhidin anası Kifayət Əhmədova deyib ki, oğlu ailə həyatı qurandan 9 ay sonra şəhid olub. Onun ölümündən 5 ay sonra dünyaya gələn nəvəsinə Turalın adını qoyub. İşğal altında olan torpaqlarımızın ordu və xalqın birliyi sayəsində, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcəyinə inandığını deyən K.Əhmədova bildirib ki, nəvəsi Turalla birgə doğma Qiyaslı kəndinə qayıdacağı gün sinəsinə vurulan oğul dağı silinəcək.
Azərbaycan.- 2015.- 11 oktyabr.- S. 5.