Şuşa tarixi mənbələrdə
Son illər Qarabağa, onun tarixinə dair xeyli araşdırmalar aparılıb, əsərlər qələmə alınıb. Ancaq bütün bunlara baxmayaraq, Qarabağın, eləcə də onun ayrı-ayrı şəhərlərinin, kəndlərinin - Şuşanın, Ağdamın, Xocalının, Cəbrayılın, Kəlbəcərin, Laçının, Zəngilanın, Füzulinin, Qubadlının hələ nə qədər yazılası, öyrəniləsi tarixi qalıb! Bu baxımdan hər məqalə, hər kitab bu boşluğu doldurmaq üçün yeni bir addım sayıla bilər.
Bu sırada tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynovun son illər yazdığı məqalələr, kitablar da yeni faktların ortaya qoyulması, araşdırılması nöqteyi-nəzərindən diqqəti cəlb etməkdədir. Müəllifin “Qarabağnamələr” Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi” (2007), “Qarabağ tarixi mənbələrdə” (2012) və “Şuşa şəhərinin tarixi” (2013) adlı kitabları, tarix elmləri doktoru Zabil Bayramlının yazdığı kimi: “Bir-birini təkrar etmədən doğma Qarabağımızın və onun zümrüd tacı olan Şuşanın qədim dövrlərdən bu günümüzə qədərki tarixini öyrənməyə geniş imkan yaradır. Bu əsərlər respublikamızın ali, orta ixtisas və ümumtəhsil məktəblərinin tələbə və şagirdlərinin də masa üstü kitablarıdır”.
1747-ci ildə Qarabağ xanlığı yaradılarkən Şuşa-Pənahabad şəhəri yox idi. “Qarabağnamə” müəlliflərindən Mirzə Adıgözəl bəy Cavanşir Qarabaği o dövrü belə təsvir edirdi: “Yeni qala tikdirmək üçün Pənah xan məmurlarla, din xadimləri ilə və Qarabağa yaxşı bələd olan dünya görmüş yerli sakinlərlə xeyli məsləhətləşdikdən sonra qərara gəldi və dedi: “Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz (bir an belə) kəsilməməlidir. Xanın göndərdiyi bələdçilər ətrafı hərtərəfli öyrəndikdən sonra şad xəbərlə qayıdıb ona bildirdilər ki, yeni tikiləcək qalanın içində iki-üç bulaqdan başqa axar su yoxdur. Güman olunan yerlərdə quyu qazdılar və bu quyulardan bol su çıxdı. Bu xəbər Pənah xana çatdırıldı. Xan yaxın adamları ilə buraya gəldi, yerlə tanış oldu, əzmlə qalanın binasını qoydu”.
Yunis Hüseynovun yeni nəşr olunan “Şuşa salnaməsi” kitabı oxuculara gözəl bir töhfədir. Kitaba daxil edilən məqalələr bütöv şəkildə Qarabağı, onun mərkəzi şəhəri Şuşanı, ordakı ab-havanı hiss etmək, duymaq baxımından olduqca maraqlı və əhəmiyyətlidir. Bu şəhərdən dünyaya adlayan Üzeyir bəy Hacıbəylidən bəhs edən “Üzeyir bəy Hacıbəyli ümumbəşəri dahidir”, Qarabağdakı Novruz ənənələrindən söhbət açan “Xalqımızın Novruz bayramı”, faciələrlə dolu bir dövrə güzgü tutan “1905-1906-cı illərdə erməni-müsəlman davası” kimi məqalələri ilə yanaşı, müəllif ayrı-ayrı klassiklərin yaradıcılığında erməni xislətini, erməni məkrini əks etdirən maraqlı araşdırmalarını da təqdim edir. Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanında erməni məsələsinin qoyuluşu”, eləcə də Cəlil Məmmədquluzadənin məşhur hekayəsinin qəhrəmanı Usta Zeynalın dilindən səslənən “Bəs cəhənnəmə kim getməlidir” yazısı klassikaya yenidən nəzər salmaq, onu yenidən dəyərləndirmək baxımından olduqca əhəmiyyətlidir.
“Şuşa salnaməsi”ni vərəqlədikcə qədim dünya müəlliflərindən M.T.Siseronun tarix elminə və əsl tarixçinin vəzifələrinə aid söylədikləri yada düşür. Tariximizi saxtalaşdırmağa, abidələrimizi min bir hiylə ilə mənimsəməyə çalışan bədxah qonşularımızın əməllərini gördükcə bu fikirlərin aktuallığı sanki bir az da artır: “Tarixçilər üçün ilk qanun-həqiqət olmayanı dilə gətirməməkdir. İkincisi, doğru olan bir şeyi ört-basdır etməməkdir. Bunlardan başqa yazdığı bir şeydə tərəf görməmək və kin bəsləməməkdir”.
Bəxtiyar QARACA,
Azərbaycan.- 2015.- 11 oktyabr.- S. 5.