Natali Qule: Demokratik
inkişaf yolunda olan Azərbaycanı dəstəkləmək lazımdır
“Eurovision-2012”, “Bakı-2015” birinci Avropa Oyunları kimi mühüm tədbirlərə ev sahibliyi edən Azərbaycan bu gün beynəlxalq səviyyədə tanınır.
Bu fikri Fransa Senatının üzvü Natali Qule “L'Orne Combattante” portalına müsahibədə deyib.
Fransanın Orn departamentinin Montiyi-sür Nuaro qəsəbəsində təşkil olunacaq yarmarkada iştirak üçün Azərbaycanın da dəvət olunmasından bəhs edən senator artıq 15 ildir ölkəmizi tanıdığını bildirib. O, bu yarmarkanın beynəlxalq səviyyədə tanınmış, dinamik iqtisadi inkişafa malik ölkəmizlə Orn departamenti arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı fürsət olduğunu bildirib. N.Qule hər iki ölkənin prezidentlərinin qarşılıqlı rəsmi səfərlərinin ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfələrdən də danışıb.
Bəzən Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirildiyini deyən fransalı senator bunların qərəzli və qeyri-obyektiv olduğunu vurğulayıb. O, Azərbaycanın gənc ölkə olduğunu və ikili standartlara məruz qaldığını diqqətə çatdırıb. Azərbaycanda dini tolerantlığın hökm sürdüyünü vurğulayan N.Qule bildirib ki, demokratik inkişaf yolunda olan bu ölkəni dəstəkləmək lazımdır.
Azərbaycanın Ermənistan ilə müharibə şəraitində olmasından söhbət açan senator Fransada fəaliyyət göstərən mətbuat orqanlarının bu məsələdə susqunluq nümayiş etdirdiyini təəssüflə bildirib.
N.Qule xalqları, mədəniyyətləri birləşdirən müxtəlif festivallar vasitəsilə mədəniyyət sahəsində əlaqələri möhkəmləndirməyə və ümumi dəyərləri təşviq etməyə çağırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2015.- 11 oktyabr.- S. 5.