Azərbaycanın kənd təsərrüfatı naziri
Avropa İnvestisiya Bankının vitse-prezidenti
ilə görüşüb
Oktyabrın 12-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İnvestisiya Bankının vitse-prezidenti Laszlo Baranyayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşün məqsədi Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün investisiya imkanlarının müzakirəsi olub.
Nazir qonağı səmimi salamlayaraq beynəlxalq təşkilatlarla ölkəmiz arasında bir sıra layihələrin həyata keçirilməsi sayəsində sıx əlaqələrin olduğunu bildirib.
Görüşdə nazir Heydər Əsədov 2015-ci ilin “Kənd təsərrüfi ili” elan olunması, kənd təsərrüfatının inkişafında yeni bir mərhələnin başlanılması, institusional islahatlar və aqrar sahəyə dövlət dəstəyi haqqında ətraflı məlumat verib. Həmçinin əməkdaşlığın iki istiqamətdə inkişafının mümkünlüyü nəzərə çatdırılıb. Bu istiqamətlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan layihələrə və nazirliyin vasitəsilə özəl sektorun inkişafına dəstək vermək aiddir.
Nazir kənd təsərrüfatının gəlirli bir sahə olduğunu nəzərə çatdıraraq bu sahəyə investisiya qoyuluşunu məqsədəmüvafiq hesab edib və prioritet hesab olunan sahələr, xüsusilə hibrid qarğıdalı toxumunun istehsalı və əhaliyə çatdırılması, özəl sektorda emal müəssisələrinin yaradılması, yeni suvarma sistemləri avadanlıqlarının quraşdırılması, böyük heyvandarlıq komplekslərində süd emalı müəssisələrinin yaradılması və digər təklifləri irəli sürüb.
Heydər Əsədov Avropa İnvestisiya Bankı ilə əməkdaşlığa önəm verildiyini, aqrar sahədə yeni layihələrin həyata keçirilməsində nazirliyin maraqlı olduğunu bildirib və ölkəmizdə bu sahədə əlverişli investisiya mühitinin olduğunu qonağın diqqətinə çatdırıb.
Avropa İnvestisiya Bankının vitse-prezidenti Laszlo Baranyay Azərbaycanın bölgədə önəmli bir ölkə olduğunu və kənd təsərrüfatının inkişafı üçün böyük potensialın mövcudluğunu vurğulayıb. O, eyni zamanda, Avropa İnvestisiya Bankının fəaliyyət istiqamətləri və qonşu ölkələrdə həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.
Laszlo Baranyay ayrılan kreditlərin uzunmüddətli olduğunu, dövlət zəmanətinin tələb olunmadığını bildirərək, yeni layihələrin həyata keçirilməsində öz səylərini əsirgəməyəcəyini söyləyib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 13 oktyabr.- S. 5.