Alban Apostol kilsəsi - Azərbaycan tarixinin səhifələrindəndir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Alban Apostol kilsəsi: tarixi baxış” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, müzakirəyə çıxarılan bu məsələ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə qaldırılıb və bu istiqamətdə bir sıra əməli işlər görülüb.
Tədbirdə tarix elmləri doktoru Həcər Verdiyeva Azərbaycan tarixinin Orta əsrlər mədəniyyətinin nümunələrindən olan Alban Apostol Avtokefal kilsəsi haqqında məlumat verib. O qeyd edib ki, bu, Qafqazın ən qədim kilsəsidir. Qədim Şərq kilsələrinin qəbul olunmuş kanonları əsasında fəaliyyət göstərən kilsə Sasani-Bizans, Sasani-Ərəb qarşıdurmasının nəticəsində ağrılı günlər yaşamış, VIII əsrin əvvəllərində erməni-qriqorian kilsəsinin məkri və Qafqazı öz coğrafi çərçivəsinə salmış Ərəb xilafətinin bölgədə apardığı konfessional siyasət nəticəsində iyerarxik baxımdan erməni-qriqorian kilsəsinə tabe edilmişdir. Alban Apostol kilsəsinin fəaliyyəti ilə barışa bilməyən erməni-qriqorian kilsəsi Rusiyanın Qafqaz siyasətinin istiqamətlərindən yararlanmaq niyyəti ilə XVIII əsrin sonlarından etibarən Romanovlar Rusiyasının sarayına daxil ola bilmiş, XIX əsrin birinci otuzilliyində Azərbaycanın şimal torpaqlarını işğal edən Rusiya imperiyası, “erməni kartına” önəm verərək Alban kilsəsini erməni-qriqorian kilsəsinin idarəçiliyinə verməyi qərara almış, beləliklə Azərbaycanın tarixi yaddaşına zərbə endirilmişdir.
“Dəyirmi masa”da tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü F.Məmmədova, Norveç alimi - albanşünas B.Veyge, tarix elmləri doktoru M.Paşayeva, tarix üzrə fəlsəfə doktorları M.Xəlilov, T.Əliyev, Ü.Hacıyeva, N.Mustafa, Alban-Udin xristian icmasının sədri R.Mobili kilsə ilə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, XIX əsrin ilk onilliklərində Alban Apostol kilsəsi özünün faciəvi günlərini yaşayıb. Rusiya imperatoru I Nikolayın 1836-cı il 11 mart tarixli fərmanı erməni-qriqorian kilsəsinin Alban Apostol kilsəsinə olan iddialarının reallaşması üçün münbit şərait yaradıb və bu vəziyyətdən istifadə edərək, Alban Apostol kilsəsinin mülkünü ələ keçirən erməni-qriqorian kilsəsi onun arxivlərini məhv edib, Azərbaycan torpaqlarına qarşı irəli sürülən əsassız iddialarının reallaşması üçün məqam axtararaq XX əsrin əvvəllərindən etibarən bu istiqamətdə müntəzəm fəaliyyət göstərib.
Məruzələr ətrafında aparılan fikir mübadiləsi zamanı tarixçilər bildiriblər ki, XIX əsrin birinci yarısında yaranmış vəziyyətdə udinlərin bir qismi assimilyasiyaya məruz qalsalar da erməni-qriqorian kilsəsinə tabe olmaq istəməyib, etnik identikliyini qoruyub saxlayıb, Azərbaycan tarixinə bağlı olub.
Azərbaycan.- 2015.- 13 oktyabr.- S. 11.