Azərbaycan bu gün güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb

 

Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik.

İlham ƏLİYEV

 

Prezident İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. Ölkə rəhbəri Azərbaycanı qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Prezident İlham Əliyev respublikamızın iqtisadi müstəqilliyini də möhkəmləndirib.

Dünyada dərin maliyyə böhranı xüsusilə Avrasiya məkanında daha ciddi formalar alıb. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın “sabitlik adası” kimi qalmaqdadır. İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunmuşdur.

 

Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır

 

Prezident İlham Əliyev bəyan edib ki, qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Ölkəmizin iqtisadi inkişaf dinamikası əvvəllər resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru yüksək artım tempinə malikdir. Dünyanın iqtisadi cəhətdən qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə keçən Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Ölkə rəhbərinin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində də məhz milli ideyaların gerçəkləşdirilməsi dayanmışdır.

Dövlət başçısının ötən 12 ildə yürütdüyü siyasət deməyə əsas verir ki, respublikamız davamlı iqtisadi inkişafa və demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Odur ki, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir. Avropa ölkələrinin qaçqın böhranı ilə üzləşməsi və iqtisadi sahədə böyük çətinliklərlə üzləşməsi fonunda Azərbaycanda makroiqtisadi sabitliyin qorunması mühüm nailiyyət sayıla bilər. Ölkəmizin demokratik yolla tərəqqisi, inkişaf etmiş dövlətlər sırasına daxil olmağın strateji hədəf kimi qarşıya qoyulması antiazərbaycançı şəbəkəni əməlli-başlı qayğılandırır. Avropada bəzi təşkilatların Azərbaycana qarşı zaman-zaman qərəzli mövqeyinin səbəbləri də kifayət qədər üzdədir: son illər respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla çatan Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Bu gün dünyada müstəqil siyasət yürüdən ölkəmizə olan qısqanc münasibət açıq-aşkar görünməkdədir. Ölkə rəhbəri Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycanın müstəqil dövlət kimi inkişaf strategiyasını belə xarakterizə edib: “Əlbəttə, müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək.

Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikulturalizmlə bağlı bizim təcrübəmiz öyrənilir. Həm də hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər. Çünki biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik. Sosial-iqtisadi göstəricilərimiz də bir daha təsdiq və sübut edir ki, biz düzgün yoldayıq”.

Azərbaycan dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada “yaşıl iqtisadiyyat”ın tədqiqini aparan ilk ölkə olmuşdur. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının daha böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır.

Azərbaycan Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır.

 

Qlobal maliyyə böhranı şəraitində Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib

 

Qlobal maliyyə böhranının yeni mərhələyə keçdiyi bir şəraitdə Azərbaycanda görülən qabaqlayıcı tədbirlər sayəsində makroiqtisadi sabitlik təmin edilib. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaratmışdır. Bu baxımdan 2015-ci ilin ilk doqquz ayında da ölkə iqtisadiyyatında müsbət meyillər davam etmişdir.

2015-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları ölkə iqtisadiyyatında heç bir geriləmənin olmadığını göstərdi. Bütün bunlar ölkə rəhbərinin müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını təsdiq edir. Ötən müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərmişdir. Hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin bu destruktiv prosesə qarşı səfərbər edilməsi son nəticədə respublikanın qlobal böhrana potensial müqavimət əzmini gücləndirmişdir.

Ölkəmizdə dayanıqlı və sabit inkişaf üçün proqressiv proqram və konsepsiyalar həyata keçirilir. Cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, hökumətin fəaliyyəti ilə bağlı müntəzəm hesabat verməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir. 2015-ci ilin doqquz ayında iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunmuş, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilmişdir. Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin etmişdir. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü təsdiq edir.

Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında transmilli enerji və kommunikasiya layihələrinin əsas təminatçılarından birinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın iqtisadi sahədə də mühüm nəticələrə imza atdığı sübut olundu. Bir çox ölkələrdə qlobal maliyyə-iqtisadi böhranının mənfi təsirlərinin hələ tam aradan qalxmadığı şəraitdə Azərbaycanda xalqın rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət 2015-ci ilin doqquz ayında öz müsbət nəticələrini verib.

Prezident İlham Əliyev bununla bağlı deyib: “Bu il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu, özlüyündə böyük göstəricidir. Çünki dünyada və bölgədə gedən proseslər göz qabağındadır. Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.

Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək”.

 

Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə lider mövqeyini qoruyur

 

Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi mümkün olmuşdur. Bir neçə gün əvvəl dərc edilmiş Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumuş, “G-20”yə üzv olan 8 ölkəni qabaqlamış, “Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 10-cu yer tutmuş, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olmuşdur. Avqust ayında “Fitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlamışdır. Bu günlərdə həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəltmişdir.

Cari ilin 9 ayında ümumi daxili məhsul 3,7 faiz artmışdır. Aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, qeyri-neft sektorunun real artım tempi 6,4 faiz olmuşdur. Ümumilikdə qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68,8 faizə çatmışdır. Sənaye 2,1 faiz, o cümlədən qeyri-neft sənayesi 10,2 faiz, kənd təsərrüfatı 6,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 6,2 faiz artmış, inflyasiya 3,7 faiz təşkil etmişdir. Əhalinin gəlirlərində artım meyilləri davam etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz, hər nəfərə düşən gəlirlər 4,5 faiz artmışdır. Yanvar-avqust ayları ərzində orta aylıq əməkhaqqı 4,4 faiz artaraq 460 manata yüksəlmiş, 87 min yeni iş yeri açılmışdır. Bütün sosial proqramlar uğurla yerinə yetirilmişdir.

Azərbaycanda qlobal böhran şəraitində mühüm dövlət proqramlarının icrasının davam etdirilməsi ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətdən xəbər verir. Bütün bunlar isə deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin uğurla yürütdüyü iqtisadi siyasət qarşıdakı illərdə də müsbət nəticələrini verəcək, respublikamız ən qısa zamanda inkişaf etmiş ölkələrin səviyyəsinə yüksələcəkdir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 14 oktyabr.- S. 1.