Mədəniyyət milli-mənəvi sərvətimizdir

 

Müsahibimiz Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs QARAYEVDİR

 

- Əbülfəs müəllim, tarixi qədim, mədəniyyəti zəngin olan Azərbaycan hazırda səmərəli təşəbbüslərlə regionda və dünyada gedən proseslərə müsbət təsirini göstərməkdədir. Bu təşəbbüslər hər sahədə, xüsusilə mədəniyyət sahəsində yeni imkanlara yol açır. Eyni zamanda beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələr, mədəni inteqrasiyalar bəzi hallarda narahatedici məqamlar doğurur ki, bu da humanitar sahəyə daha böyük diqqət göstərilməsini zəruri edir. Bu baxımdan ölkəmizin bugünkü mədəni həyatını necə xarakterizə edərdiniz?

- Müasir dünyamızda yaşanan gerçəkliklər mədəniyyəti insan həyatının ən ali həqiqətinə çevirir. Yaxın-uzaq ölkələrdə baş verən müharibələri, humanitar fəlakətləri, insan faciələrini, qlobal böhranları, iflasa uğrayan siyasi ideologiyaları izlədikcə görürük ki, yalnız mədəniyyət, mədəni dəyərlərə tapınma bütün bunlardan çıxış yolu ola bilər. Şərqlə Qərbin təmasında qərar tutan böyük mədəniyyətə, tolerantlıq ənənələrinə sahib olan müstəqil Azərbaycan dövləti bu gün reallaşdırdığı siyasətlə dünya ölkələri içərisində ön cərgədədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət bu sahədə müəyyən edilmiş milli hədəflərə doğru aydın istiqamət rolunu oynayır.

Respublikanın paytaxtı Bakı son illər bir sıra beynəlxalq konfrans və festivallara evsahibliyi etməkdədir. Müxtəlif sənət sahələrini əhatə edən, mövzuları aktuallığı ilə dünya ictimaiyyətinin maraq dairəsində olan belə tədbirlər, təbii ki, keçirildiyi məkan barədə də iştirakçılarda zəngin təəssürat yaradır. Bu mənada Azərbaycanda silsilə xarakterli beynəlxalq tədbirlər ölkəmizin nəinki yerləşdiyi Cənubi Qafqazda, yaxud da Avropada, hətta dünya arenasında belə geniş təbliğində mühüm amillərdən sayılır.

Təbii ki, ölkəmizin mədəniyyət sahəsində bu inkişaf özünü müxtəlif formalarda göstərir. Bunu ilk növbədə sürətli iqtisadi inkişafla əlaqələndirməliyik. Məhz maddi-texniki bazanın müasir tələblər səviyyəsində yenidən qurulması fonunda ölkədə fəaliyyət göstərən 25 dövlət teatrının və digər teatr kollektivlərinin, 219 muzeyin, 35 rəsm qalereyasının, 3161 kitabxana-informasiya sahəsinin, 100-dən çox yüksək təmirli mədəniyyət sarayının, bölgələrdə yaradılan, hər biri geniş istirahət parkına malik olan Heydər Əliyev adına mərkəzlərin qaynar həyatı müşahidə olunur.

Regionların mədəniyyət mühitini yeni ideyalarla canlandırmaq üçün xalq yaradıcılığı festivalları keçirilmiş, bir çox şəhərlər müxtəlif xarakterik meyarlara görə mədəniyyət paytaxtları seçilmişlər. 2010-cu ildən etibarən Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ “Əfsanələr Paytaxtı”, Qazax, Lənkəran, Masallı, Zaqatala, Balakən “Folklor Paytaxtı”, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron “Sənətkarlıq Paytaxtı” olmuşdur. 2015-ci ildə Şamaxı “Ədəbiyyat Paytaxtı”, Qax isə “Milli Mətbəx Paytaxtı” elan edilmişdir. Bu da təbii olaraq regionlarda yalnız konkret məkana məxsus mədəniyyət dəyərlərinin qorunması və inkişafına yeni şərait yaradır. Önəmli cəhətlərdən biri də budur ki, Bakı şəhərində “Bölgələrdən paytaxta” adlı layihəyə start verilmişdir. İndiyə qədər Masallı, Qəbələ, Quba, İsmayıllı, Gədəbəy, Şəki və Şəmkirin mədəniyyət kollektivlərinin proqramları Bakının ən nüfuzlu tamaşa salonlarında göstərilmiş, böyük marağa səbəb olmuşdur.

Azərbaycanda mədəniyyət şəbəkəsinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması yüksək ixtisaslı kadrlar olmadan mümkün deyildir. Ölkə Prezidentinin sərəncamları ilə bütün təhsil pillələrini özündə ehtiva edən Bakı Xoreoqrafiya Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması mühüm önəm kəsb edir.

Xalqımızın milli mədəni dəyərlərinin qorunması, təbliği, gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Bu sahədə Dövlət Proqramının icrasına uyğun olaraq 18 dekabr 2014-cü ildə imzalanan fərmanla nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması əhəmiyyətli addımlardan biridir.

- Regionların, ümumən Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı imzalanan elə bir rəhbər sənəd yoxdur ki, orada ölkə turizminin yüksəlişinə yol açan müddəalar yer almasın. Bu gün dünya arenasında daha çox diqqət çəkən turizm Azərbaycan üçün də vacib sahələrdən biri kimi dəyərləndirilir. Bu sahənin inkişafında uğur və perspektivlər barədə nə deyə bilərsiniz?

- Ölkə Prezidenti turizm mərkəzlərinin, mehmanxanaların, digər infrastruktur obyektlərinin açılışlarında, turizm sərgilərində şəxsən iştirak edir, müvafiq tapşırıqlar verir, nazirliyin hər bir işinə dəstək olur. 2014-cü ildə ölkəmizə 2 milyon 300 minə yaxın turist gəlmişdir. Sadə hesablamaya görə, ötən il ərzində turizm xidmətlərindən ölkəmizin maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsait daxil olmuşdur. Hazırda turistlər üçün viza rejiminin sadələşdirilməsi, yeni turist qarşılama yerlərinin yaradılması, ilboyu turizmin təşkili, Azərbaycanın turizm potensialının dünyanın ən məşhur televiziya kanallarında tanıdılması istiqamətində fəaliyyətimiz davam etdirilir. Ölkədə daxili turizmin inkişafı da yeni mərhələyə qədəm qoymaqdadır.

Ölkə Prezidentinin tapşırığı ilə IX-XI siniflərdə təhsil alan şagirdlərin daxili turizm marşrutları üzrə səfərlərini təşkil etdik. “Ölkəmizi tanıyaq” adlı bu layihəyə 4 mindən çox yeniyetmə qatıldı.

Son illərdə respublikamızın regionlarına səfər edən həm yerli, həm də xarici turistlərin sayının artmasının əsas səbəblərindən biri infrastrukturun təkmilləşdirilməsidir. Turizm infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, mövcud turizm məhsullarının təkmilləşdirilməsi, yeni məhsulun yaradılması turizmin perspektiv inkişafına imkan verir. Azərbaycanda ən mükəmməl turizm layihələrindən olan Şahdağ Turizm Mərkəzi respublikamızda dağ-xizək idmanının və digər qış idman növlərinin inkişafına layiqli nümunədir. Bu örnək özəl sektor tərəfindən Qəbələdə analoji Tufandağ Turizm Mərkəzinin yaradılmasına təkan vermişdir. Layihələrin həyata keçirilməsi müvafiq bölgələrdə iş yerlərinin artırılmasına səbəb olmuşdur.

- Çağdaş dünyamızda mədəniyyətlərarası dialoq, tolerantlıq, sivilizasiyaların inteqrasiyası prioritetlərdən biri kimi daim diqqət mərkəzindədir. Ölkəmiz multikulturalizmi özünün dövlət siyasəti kimi müəyyənləşdirmişdir. Respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər beynəlxalq miqyasda birmənalı şəkildə təqdir olunur. Bunların bir dəyər kimi qorunub özünü doğrultması üçün hansı işlər görülür?

- Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan vətənimiz Azərbaycan əsrlərdir ki, məhz bu dəyərlərin qorunduğu və inkişaf etdirildiyi mərkəz funksiyasını yerinə yetirir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu proses daha sürətlə və sistemli şəkildə getməyə başlayıb.

Təsadüfi deyil ki, respublika Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.

Azərbaycan dövləti və şəxsən ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil. Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehribanlıq şəraitində tarix boyu yaşamış və bu gün də yaşayırlar.

Bu layihə çərçivəsində ilk dəfə 2008-ci ilin 2-3 dekabrında Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda Bakıda keçirilmiş konfransında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsinin iştirakı ilə yeni bir formatın əsası qoyuldu.

Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda yenə də ölkəmizin təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmiş, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur.

“Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ilin oktyabrında Bakıda keçirilmiş islam ölkələri mədəniyyət nazirlərinin VI konfransına 10-dan artıq Avropa dövləti də dəvət edildi. Azərbaycan tərəfindən atılan bu addımlar beynəlxalq tədbirlərin iştirakçılarının tərkibinin müəyyənləşdirilməsinə yeni ənənələr gətirmiş oldu.

Ümumilikdə bu tədbir sanki bir çox yeni layihələrin sistemini yaratdı. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başladı. 2010-cu il sentyabrın 23-də BMT Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi elan edildi. Nəticədə cənab Prezidentin himayəsi ilə 7-9 aprel 2011-ci ildə Bakıda 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil edildi.

UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO kimi beynəlxalq təşkilatlar forumun təşkilində əsas tərəfdaş kimi çıxış etdilər. Forum belə formatda ilk daimi tədbirdir ki, onun tərəfdaşları eyni zamanda dövlət və beynəlxalq təşkilatlardır.

Forumda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə yaxın ölkədən nazir, dünyanın nüfuzlu beyin mərkəzlərinin və media qurumlarının nümayəndələri, ümumilikdə beş qitədən 500-ə yaxın xarici ölkə nümayəndəsi iştirak etmişdir.

Forum çərçivəsində Azərbaycan tərəfindən “5 A - Mədəniyyətlərarası Əməkdaşlıq Platforması”nın təsis edilməsi təşəbbüsü irəli sürüldü.

Xarici tərəfdaşların və tədbir iştirakçılarının müraciətləri nəzərə alınaraq, ölkəmizin bu sahədə davamlı fəaliyyətinin təmin edilməsi və Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il 27 may tarixində imzalanan müvafiq fərmanla Dünya forumunun iki ildə bir dəfə Bakıda keçirilməsi qərara alındı. Fərmanda forumun təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilmişdir.

Həmin fərmana uyğun olaraq ölkə başçısının himayəsi və iştirakı ilə 2013-cü ilin 29 may - 1 iyun tarixlərində Bakıda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi.

Heydər Əliyev Mərkəzində forumun rəsmi açılış mərasimində çıxış edərkən Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər və tövsiyələr bu tədbirin ümumi müzakirəsinin istiqamətlərini bir daha aktuallaşdırdı. Mərasimdə 115-dən çox ölkənin nümayəndəsi, 13 beynəlxalq qurumun rəhbər şəxsləri, 70-dən çox nüfuzlu QHT, beyin mərkəzlərinin nümayəndələri, 100-dən artıq məşhur alim və professor, ekspertlər - ümumilikdə 600 nəfərə yaxın xarici nümayəndə iştirak etmişdir.

Bakı forumu digər ölkələrdə olan tədbirlərdən fərqli olaraq, həm bəşəriyyəti narahat edən mövzuların müzakirəsi üçün qlobal platforma rolunu oynayır, həm də çeşidli mədəni aksiyalarla mədəniyyətlərin yaxınlaşması üçün praktik fəaliyyət və layihələri özündə birləşdirir.

Tədbirin digər əsas fərqləndirici cəhətlərindən biri də odur ki, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası kimi beynəlxalq qurumların forumun tərəfdaşları olması ölkəmizin multikulturalizm və mədəniyyətlərarası dialoqa dəstək siyasətini beynəlxalq gündəlikdə saxlamaqla foruma unikal platforma mahiyyəti verir və adıçəkilən beynəlxalq qurumları öz ətrafında birləşdirən yeganə tədbir kimi beynəlxalq səhnədə əhəmiyyətli rol oynamasını təmin edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə 2015-ci ilin 18-19 may tarixində Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altında III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi.

Forumun kifayət qədər maraqlı proqramı vardı və mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olundu.

III Forumun “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi üç mühüm komponenti - birgəlik, təhlükəsizlik və mədəniyyəti əsas götürür. Diqqət etsək, görərik ki, bu üç məfhum olmadan istənilən dialoqun reallaşması mümkün deyil.

Prezident İlham Əliyev III Forumdakı nitqində bu məqamı xüsusi qeyd edərək Azərbaycanın mədəniyyətlərarası dialoqda oynadığı rolu bir daha diqqətə çatdırmış, bütün bu təşəbbüslərin dünyada sülhün, əmin-amanlığın bərqərar olması, sivilizasiyalar arasında dialoqun daha da möhkəmləndirilməsi məqsədi daşıdığını vurğulamışdır. Xüsusi qeyd edilmişdir ki, Azərbaycan xalqları, sivilizasiyaları bir araya gətirməyə çalışır. “Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Bu, bizim böyük sərvətimizdir. Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq”.

Son zamanlar Avropada baş qaldıran şovinizm, islam düşmənçiliyi, ölümdən qaçan insanlara qarşı divar hörülməsi halları ilə qarşılaşırıq.

Belə bir mənzərənin əksinə olaraq bu gün Azərbaycana dünyanın hər hansı məkanından gələn şəxs istər dünyagörüşü, dini baxışları, istərsə də digər fərqli cəhətləri ilə burada özünü yad hiss etmir. Azərbaycanın tolerant cəmiyyəti istənilən əcnəbiyə burada tamamilə komplekssiz, rahat olmağa imkan verir.

Amma təəssüflə qeyd etməliyik ki, ölkəmizin tolerant cəmiyyəti, müasir inkişafı ilə dünyada nüfuzunun artmasından rahatsız olan bir para qüvvələr də var. Halbuki milli-mənəvi dəyərlərinə, tolerantlıq ənənələrinə sadiq, müasir, güclü bir dövlət kimi Azərbaycan bu gün özünün hərtərəfli inkişafı ilə bütün müsəlman aləmi üçün xoş bir nümunəyə, parlaq tərəqqi modelinə çevrilmişdir. Bu inkişafı dəstəkləmək, əsl Avropa dəyərlərini tutduğu yolda, öz həyatında doğruldan Azərbaycan kimi ölkələrin tərəqqisinə töhfə vermək əvəzinə əfsuslar olsun ki, Avropa Parlamenti adından qərəzli qətnamələr təqdim olunur. Bununla da bəzi qüvvələr Azərbaycan haqqında yanlış rəy yaratmağa, bizi tutduğumuz inkişaf yolundan sapındırmağa çalışırlar. Onlar Avropa Parlamentində, digər siyasi salonlarda əyləşən, siyasi maraqlarına uyğun gələn hər şeyə etiraz çəpiyi çalanlardır. Belə qüvvələr Avropanın enerji təchizatında önəmli rol oynayan, Avropa ölkələrinə sərmayələr qoyan, beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edən, BMT Təhlükəsizlik Şurasında yer alan, öz imkanları ilə irəli gedən bir müsəlman dövlətini yanlarında görməyə tab gətirə bilmirlər.

Ölkəmiz gücləndikcə onlar Azərbaycan əleyhinə kampaniyalarını da genişləndirirlər. 2012-ci ildə Azərbaycan Avropanın ən böyük musiqi yarışmasına evsahibliyi edəndə, 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi həyata keçirəndə, 2015-ci ildə ilk Avropa Oyunlarını qəbul edəndə də bu kampaniyanın, qısqanclığın şahidi olduq və bu gün də buna şahidik.

Azərbaycan Prezidentinin bu məsələlərə prinsipial münasibəti ölkəmizə qarşı qərəzli kampaniya aparanlara ən təsirli və adekvat cavabdır. Cənab Prezident bildirmişdir ki, biz heç bir ölkə və təşkilatla qarşıdurma siyasəti aparmaq istəmirik. Bu bizim marağımızda deyil. Amma bu o demək deyil ki, ölkəmiz özünün milli maraqlarının müdafiəsindən geri duracaqdır. Biz lazım gəldikdə sözümüzü deyirik, maraqlarımızı müdafiə edirik. Bizim hədəfimiz inkişaf etmiş ölkəyə çevrilməyimizdir.

- Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkə həyatının bütün sahələrinin ahəngdar inkişafı ilə müşayiət olunur. Bu siyasətin layiqincə icrası məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də mühüm tədbirlər həyata keçirilir, milli mədəniyyətin, incəsənətin, ölkəmizin turizm potensialının dünyada tanıdılması istiqamətində əhəmiyyətli nəticələr əldə edilir. 2015-ci ilin əvvəlindən bu istiqamətdə görülən işlər, gerçəkləşən tədbirlər, layihələr barədə nə deyə bilərsiniz?

- İlin birinci yarısı Avropa tarixində ilk olan və təkcə idman sahəsində deyil, həm də mədəniyyət və turizm sahələrini əhatə edən, xalqlar və ölkələr arasında münasibətlər baxımından beynəlxalq önəm kəsb edən tarixi hadisə - “Bakı-2015” I Avropa Oyunları ilə yaddaşlarımıza həkk olunmuşdur.

Ölkə Prezidentinin yürütdüyü dövlət siyasəti, Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə bu mötəbər tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın mədəniyyətini, tarixini, turizm potensialını dünyaya geniş şəkildə tanıtmağa, təqdim etməyə imkan yaratdı. Nazirlik bütün fəaliyyət istiqamətlərində, beynəlxalq kitab, turizm sərgiləri, musiqi, teatr, kino festivalları çərçivəsində İlk Avropa Oyunlarının geniş təbliği və təşviqinə xüsusi önəm vermiş, oyunların ərəfəsində və gedişi zamanı müxtəlif mədəni kütləvi tədbirlər təşkil etmişdir. Bu tədbirlərdə Azərbaycan incəsənəti də yüksək səviyyədə nümayiş etdirilmiş, musiqi və rəqs kollektivlərinin, solistlərin iştirakı ilə rəngarəng konsert proqramları keçirilmişdir.

Hər il olduğu kimi, 2015-ci il də ölkəmizin evsahibliyi etdiyi beynəlxalq incəsənət layihələri, festivallar ilə tarixə yazılacaqdır. Mart ayında keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı, may ayında Bakıda təşkil olunan VIII Beynəlxalq Rostropoviç Festivalı, iyul ayında keçirilən VII Qəbələ Beynəlxalq Musiqi Festivalı, 18-28 sentyabr tarixində gerçəkləşən VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı müxtəlif ölkələrdən musiqi kollektivlərini, ifaçıları, solist və dirijorları, musiqişünasları bir araya gətirdi. Bakıda keçirilən ənənəvi beynəlxalq musiqi festivallarından biri də Bakı Beynəlxalq Caz Festivalıdır və bu tədbir oktyabr ayında növbəti dəfə gerçəkləşəcəkdir.

Musiqimizin dünya miqyasında, möhtəşəm salonlarda səslənməsi qürur duyulacaq faktlardandır. İl ərzində sənətçilərimizin xarici ölkələrdəki beynəlxalq festivallarda iştirakı, qastrol səfərləri və solo konsertləri də musiqimizin yüksək səviyyədə təbliğinə töhfələr vermişdir.

Müxtəlif xarici ölkələrdə təşkil olunan Azərbaycan mədəniyyəti günləri zəngin mədəni irsimizin, incəsənətimizin təqdimatı, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi baxımından əhəmiyyətli tədbirlərdir. Bu ilin aprelində ilk dəfə olaraq Cənubi Amerikada, Braziliyanın Rio-de-Janeyro şəhərində “Azərbaycan mədəniyyəti həftəsi” keçirilmişdir.

Ölkəmiz dünyanın ən mötəbər incəsənət sərgisi olan Venesiya Biennalesində ənənəvi olaraq fəal təmsil olunur. Builki 56-cı Venesiya Biennalesində də Azərbaycan pavilyonu böyük maraqla qarşılanmışdır.

İl ərzində milli kinomuzun təbliği də diqqət mərkəzində olmuş, yeni ekran əsərləri müxtəlif ölkələrdə keçirilən beynəlxalq kinofestivallarda uğurla nümayiş etdirilmişdir. Bu ilin əvvəlindən “Nabat”, “Axınla aşağı”, “Çölçü” bədii filmləri, “Lahıc” sənədli filmi ayrı-ayrı festivallarda mükafatlar qazanmışdır.

Bu gün Azərbaycan teatrının sorağı dünyanın müxtəlif səhnələrindən gəlir, ölkəmiz bu sahədə diqqətəlayiq beynəlxalq təşəbbüslərin müəllifi, mötəbər tədbirlərin ev sahibidir. Son iki ildə teatrlarımız dünyanın 20-dən artıq ölkəsində keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycanı uğurla təmsil etmişdir. Azərbaycan teatrlarının inkişafı ilbəil genişlənən beynəlxalq təcrübə mübadiləsində də özünü göstərir və müsbət nəticələr verir. Teatrların yeni tamaşaları, qastrol səfərləri, sözsüz ki, qaynar teatr həyatına rəng qatır.

Son illər respublikamızda kitab nəşri, kitabxana işi, milli ədəbiyyatın təbliği sahəsində bir sıra uğurlar əldə edilib. Ölkə Prezidentinin sərəncamları ilə hər il görkəmli mütəfəkkir və ədiblərin yubileyləri qeyd edilir. Beynəlxalq kitab sərgilərində nazirliyin iştirakı ilə Azərbaycan kitabı uğurla təmsil olunur. MDB-nin “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə” Dövlətlərarası Şurasının təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Kitab sənəti” müsabiqəsində 2015-ci ildə də Azərbaycan kitabı böyük uğur qazanmış, müxtəlif nominasiyalarda mükafatlara layiq görülmüşdür.

2015-ci il sentyabrın 16-18-də Bakıda IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilmişdir. İki ildən bir təşkil olunan sərgi-yarmarka müxtəlif ölkələrdən nəşriyyatları, poliqrafiya şirkətlərini, kitabxanaları və kitabla bağlı olan digər qurumları bir araya gətirir. Budəfəki sərgidə Türkiyə, Rusiya, İran, Misir, Bosniya və Herseqovina, Belarus, Yunanıstan və sair ölkələrdən nümayəndələr - 30-dək müvafiq təşkilat iştirak etdi. Eyni zamanda 100-ə yaxın yerli nəşriyyat, poliqrafiya müəssisəsi və başqa strukturlar geniş oxucu kütləsi üçün öz çap məhsullarını təqdim etdilər.

Beynəlxalq sərgilərdən danışarkən turizm sahəsində həm ölkəmizin evsahibliyi etdiyi ənənəvi AİTF sərgisini, həm də dünyanın nüfuzlu sərgilərində Azərbaycanın uğurla təmsil olunmasını qeyd edə bilərik.

Aprel ayında keçirilən XIV Beynəlxalq Azərbaycan Turizm və Səyahətlər Sərgisinə (AİTF-2015) 42 ölkədən 371 şirkət qatılmışdır. Sərgidə ölkəmizin turizm potensialının təbliği məqsədilə turizm potensiallı bölgələrimizin pavilyonları quraşdırılmış, həmçinin nazirlik tərəfindən Qarabağ bölgəsinin pavilyonu hazırlanaraq ziyarətçilərin diqqətinə təqdim edilmişdir. Nazirlik Heydər Əliyev Fondu tərəfindən xarici ölkələrdə keçirilən sərgilərdə də fəal iştirak edir. Fond tərəfindən bu ilin sentyabrında Paris şəhərində, məşhur Luvr muzeyinin qarşısındakı meydanda ikinci dəfə “Azərbaycan şəhərciyi”nin keçirilməsi ilin mühüm mədəniyyət hadisələrindəndir.

Dövlət başçısının 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın icrasına uyğun mədəni irsimizin qorunub saxlanılması, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafı və bu sahələrdə zəruri islahatların həyata keçirilməsi məqsədilə bir sıra proqram sənədlər hazırlanır. “Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafı üzrə Dövlət Proqramı (2018-ci ilədək)”, “Dövlət rəsm qalereyalarının perspektiv inkişafı üzrə Dövlət Proqramı (2015-2025)”, “2020-ci ilədək Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”, “Nəşriyyat-poliqrafiya işinin və kitab sənətinin 2015-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı”, “Kitabxana-informasiya sahəsinin 2015-2020-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” layihələri hazırlanmış, razılaşdırılmaq üçün müvafiq qurumlara göndərilmişdir.

Bu gün tarixin elə bir məqamına yetişmişik ki, dünyanın sürətlə dəyişən hadisələrini çox zaman əvvəlcədən proqnozlaşdırmaq və qiymətləndirmək o qədər də asan olmur. Bunun səbəbi isə milli, mədəni, ideoloji və dini ziddiyyətlərin gündən-günə artmasıdır. Nəticədə yaranmış münaqişələr dəhşətli nəticələrə gətirib çıxarır. Bütün bunların qarşısının alınması üçün dünyanın hər yerində tolerantlıq, mehriban birgəyaşayış, qarşılıqlı anlaşmanın təbliği çox önəmlidir. İndiyə qədər bəşəriyyət tarixində yaşanan saysız-hesabsız müharibələr dünyaya zərrə qədər də fayda verməyib. Dünya nə qazanıbsa, mədəniyyətdən qazanıb. Müasir günümüzün ən güclü dövləti o dövlətdir ki, mədəniyyətə xitab edir. Deməli, keçmiş də mədəniyyətindir, bu gün də, gələcək də...

 

Müsahibəni apardı:

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2015.- 14 oktyabr.- S. 7.