Tehranda Habil Əliyevin
xatirəsi anılıb
Tehranda İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirliyinin və “Niyavaran” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın kamança ustadı, Xalq Artisti Habil Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzinin direktoru Seyidabbas Səccadi belə bir tədbirin keçirilmə təşəbbüsünün İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirinin müavini Əli Muradxanidən gəldiyini və rəhbərlik etdiyi mərkəz tərəfindən məmnunluqla dəstəkləndiyini söyləyib.
S.Səccadi Habil Əliyevin İranda da tanınan və sevilən sənətçi olduğunu, onun İranın müxtəlif konsert salonlarında, o cümlədən Tehranın “Vəhdət”, “Rudəki” zallarında proqramlarla çıxış etdiyini və tamaşaçılar tərəfindən böyük məhəbbətlə qarşılandığını xatırladıb.
Sonra Mədəniyyət və İslami İrşad Nazirinin incəsənət məsələləri üzrə müavini Əli Muradxani çıxış edərək Habil Əliyevin İrana səfərləri zamanı onunla bağlı xatirələrini bölüşüb.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov çıxışında tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Habil Əliyevin təkcə Azərbaycan deyil, həm də İran və ümumiyyətlə bütün dünya miqyaslı dahi sənətkar olduğunu vurğulayıb. H.Əliyevin sənətinin daim yüksək qiymətləndirildiyini diqqətə çatdıran səfir bundan sonra da onun ölməz sənətinin yaşayacağına ümidini ifadə edib.
Tədbirdə İranın çoxsaylı məşhur kamança ustaları – Əmir Yusifi, Əli Əkbər Şikarçi, habelə Azərbaycandan gəlmiş sənətkarlar Elşən Mansurov və İsmayıl Həmidov kamançada muğam və təsniflər ifa ediblər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zümrüd Dadaşzadə-Axundova çıxış edərək Habil Əliyev sənəti ilə bağlı fikirlərini bölüşüb. Z.Dadaşzadə-Axundova qeyd edib ki, H.Əliyev dahi sənətkar olmaqla yanaşı, sadəliyi ilə seçilən bir şəxs idi. Zümrüd xanımın sözlərinə görə, bir sıra tanınmış Avropa musiqiçiləri H.Əliyevi “kamançanin Paqaninisi” adlandırsalar da, o müasir dövrün “Paqanini”lərindən daha üstün olub, onun sənəti qarşısında ən dahi sənətçilər, ifaçılar baş əyiblər.
Tədbirdə iştirak edən Habil Əliyevin nəvəsi Əli Əmirəliyev çıxış edərək təşkilatçılara və iştirakçılara babasının sənətinə göstərdikləri ehtirama görə təşəkkürünü bildirib.
Daha sonra H.Əliyevin nəvəsinə və H.Əliyevlə İranda bir səhnəni paylaşmış sənətçi, muğam ifaçısı Şəcərianın nəvəsinə Mədəniyyət və İslami İrşad Nazirliyi və “Niyavaran” Mədəniyyət Mərkəzi adından xatirə hədiyyələri təqdim olunub.
Tədbirdə İranlı şairlər Xosrov Sərtipi, Əli Savalan Habil Əliyevə həsr etdikləri şerlərini oxuyublar.
Sonda İranın tanınmış sənətkarı Vədad Müəzzinzadə Ərdəbilinin azərbaycanlı kamança ifaçılarının müşayiəti ilə səsləndirdiyi “Rast” muğamı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Azərbaycan.- 2015.- 15 oktyabr.- S. 12.