“Azercell” nüfuzlu “ITU
Telecom 2015” sərgisində iştirak edir
“Azercell Telekom” Budapeştdə keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “ITU Telecom World 2015” sərgi-konfransında təmsil olunur. Sərgidə mobil operatorun M2M həlləri və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin layihələri nümayiş olunur.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, yeni texnologiyalardan biri M2M əsasında yaradılan xidmətlərdir. Bu texnologiya müxtəlif məişət və sənaye sahələrində məlumatların toplanmasını və mobil rabitə vasitəsilə istifadəçiyə dərhal göndərilməsini mümkün edir. M2M texnologiyaları bank, nəqliyyat, təhlükəsizlik, neft-qaz sənayesi, kommunal xidmətlər və digər sahələrdə tətbiq olunur.
Sərgidə eyni zamanda Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin həyata keçirdiyi layihələr iştirakçılara təqdim olunub. Bildirilib ki, 2009-cu ildən fəaliyyətə başlayan Barama mərkəzi ölkəmizdə yerli “startap”ların üzə çıxmasına yardımçı olaraq, gənclər arasında həm texnoloji savadın, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır. Mərkəz fəaliyyətdə olduğu 5 il ərzində bir çox uğura imza atıb və bazarda innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və qeyri hökumət təşkilatları ilə da əməkdaşlıq edir.
Sərgidə Barama mərkəzi tərəfindən təqdim edilən “Sumaks” layihəsi böyük maraq doğurub. Qeyd edək ki, bu layihə evdə gündəlik məişət proseslərini mobil telefon vasitəsilə idarə etməyə imkan verir.
Azərbaycan.- 2015.- 15 oktyabr.- S. 12.