Azərbaycan
hərbi potensialını daha da gücləndirir
Prezident
İlham ƏLİYEV: “Biz tam üstünlüyü əldə
etmişik, düşmənə sarsıdıcı zərbələr
vururuq, düşmənin bütün təxribatlarına
layiqli cavabımızı veririk”
Cənubi Qafqaz regionunda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda təcavüzkar dövlət hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Təəssüf doğuran haldır ki, danışıqlar prosesinə real təsir imkanlarına malik aparıcı dövlətlər və təşkilatlar da bu problemin həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmirlər. BMT qərarlarının heç də hamısının səmərəli təsir gücünə malik olmadığını təşkilatın Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasəti ilə bağlı qəbul etdiyi 4 qətnaməsinin kağız üzərində qalması faktı bir daha təsdiqləyir.
BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrdə erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb. Amma buna baxmayaraq, təşkilat Azərbaycanla bağlı qətnamələri icra etmir. Bunun səbəblərindən biri də odur ki, təşkilatın beş daimi üzvü hərbi gücün tətbiqi ilə bağlı qərar qəbul edərkən tamamilə öz geosiyasi maraqlarından çıxış edir. Azərbaycanın danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməsi həm təcavüzkar tərəfə, həm də dolayısı ilə onu təcavüzkarlığa şirnikləndirən ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə yaxşı məlumdur. Lakin aşkar görünür ki, “demokratiya çətiri” altında özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin ikili oyunları beynəlxalq hüququ iflic duruma gətirib. Dağlıq Qarabağ münaqişəsinə ədalətsiz yanaşma da kifayət qədər üzdədir. Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi təəssüf ki, etiraf olunmur.
Təəssüflər olsun ki, hazırda terrora qarşı beynəlxalq hərbi əməliyyatların aparılmasına baxmayaraq, terroru dövlət səviyyəsində həyata keçirən Ermənistana münasibətdə “ikili standart”ların şahidi oluruq. Ermənistan böyük dövlətlər tərəfindən açıq-aşkar himayə olunur. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına sadiqdir. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirməklə zaman-zaman təmas xəttində təxribatçı hərəkətlərə yol verib. Azərbaycanın işğal olunmuş ərazilərində erməni qüvvələri tərəfindən xüsusi hərbi təlimlərin keçirilməsi, hərbi vertolyotların havaya qaldırılması, bununla da təmas xətti yaxınlığında yaşayan əhalinin hədə-qorxu altında saxlanılmasına cəhd göstərilməsi Ermənistanın təcavüzkar niyyətindən əl çəkmədiyini sübuta yetirir. Azərbaycan ordusu düşmənin bütün təxribatçı hərəkətlərinin qarşısını alır. Dövlət başçısının tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi, komandir heyəti tez-tez cəbhə xəttində şəxsi heyətlə görüşlər keçirir. Əsas məqsəd əsgər və zabitlərin ümumi vəziyyəti, hərbi hissələrin döyüş hazırlığının səviyyəsi ilə maraqlanmaq, müvafiq tapşırıq və tövsiyələri çatdırmaqdır.
Azərbaycanın qüdrətli Silahlı Qüvvələrə malik olmasına işğalçı tərəf, eləcə də dünya ictimaiyyəti ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlarda bir daha əmin olub. Hələ 2008-ci ilin iyun ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən parad Azərbaycanın müzəffər silahlı birləşmələrə malik olduğunu bir daha nümayiş etdirdi. Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyətinin, modernləşdirilmiş hərbi texnikanın, döyüş vertolyotlarının, təyyarələrin, gəmilərin və qayıqların iştirak etdiyi hərbi parad hər bir azərbaycanlıda qürur hissi doğurdu. Çünki bu, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən, onun yenilməzliyindən, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən an zəfər yürüşünə hazır olmasından xəbər verən möhtəşəm tədbir idi.
Yüksək döyüş ruhuna malik Azərbaycan Ordusunun və Silahlı Qüvvələrin digər növlərinin peşəkarlığını nümayiş etdirən daha bir möhtəşəm təlim isə 2010-cu il iyunun 24-də baş tutdu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini yenə də Ali Baş Komandan, Prezident İlham Əliyev şəxsən izlədi. Eyni zamanda, Silahlı Qüvvələrin möhkəmləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi. 2011-ci il iyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən möhtəşəm paradda Bakı səmasında nümunəvi uçuşlar edən Azərbaycan “şahinləri” də hər bir azərbaycanlıda böyük qürur və sevinc hissi doğurmuşdu. Prezident İlham Əliyev 2012-ci ildə cəbhə bölgəsinə səfər etmiş və bir sıra hərbi hissələrdə yeni qərargah binalarının açılışında iştirak etmişdir.
2014-cü il 26 iyun taixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi ordumuzun möhtəşəmliyini bir daha göstərdi. Ümumilikdə təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi. İrimiqyaslı birgə əməliyyat-taktiki təlimlərində qarşıya qoyulan bütün məqsədlərə nail olundu, təlimə cəlb edilən bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirdi.
Dövlət başçısı cənab İlham Əliyev orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. Son 10 il ərzində hərbi xərclər 20 dəfədən çox artıb və Silahlı Qüvvələrə ayrılmış vəsait Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi 2016-cı il dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindəndir. Bu məqsədə 2016-cı il dövlət büdcəsi xərclərinin 18,3 faizi həcmində, yaxud 2 milyard 977 milyon manat vəsait nəzərdə tutulub.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib: “Daim diqqət mərkəzində olan sahə ordu quruculuğudur. Biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu da təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər. Ordu quruculuğu gələn il də prioritet sahə olaraq qalacaq. Bu sahəyə nə qədər lazımdırsa vəsait ayrılacaq. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda, hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir. Bu il Hərbi Dəniz Qüvvələrinin böyük bazası istifadəyə verilmişdir. Təmas xəttinə yaxın olan bölgələrdə yeni infrastruktur yaradılır və bizim döyüş qabiliyyətimiz artır. Təmas xəttindəki vəziyyət Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk”.
Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin artırılması Azərbaycan hakimiyyətinin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmişdir və bunu Azərbaycan ordusunun bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. İldən-ilə dövlət büdcəsində orduya ayrılan vəsaitin artımı hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının modernləşdirilməsi ölkənin müdafiə sisteminin gücləndirilməsi deməkdir.
Azərbaycan cəmiyyətində daim gündəmdə olan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllidir. Torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi perspektivi Azərbaycana hərbi qələbə vəd edir. Çünki ordu quruculuğu münaqişənin həlli prosesində dönüş yaratmaq imkanına malik ən vacib amillərdən biridir ki, Azərbaycan bu sahədə də kifayət qədər böyük uğurlar qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Əlbəttə ki, Ermənistan tərəfi dərhal həmişə olduğu kimi, hay-haray qaldırdı. Ancaq burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti Ermənistan vətəndaşlarıdır, heç Dağlıq Qarabağ sakinləri deyil. Yəni Ermənistan ordusu bizim torpaqlarımızda işğalçılıq siyasəti aparır. Bu, gün kimi aydın bir məsələdir. Əfsuslar olsun ki, bunu beynəlxalq ictimaiyyət, vasitəçilər görmək istəmirlər və işğalçıya ciddi siqnallar göndərilmir. Ona görə onlar azğınlaşıblar və bizə qarşı müxtəlif təxribatlara əl atırlar. Ancaq hər dəfə onların təxribatları iflasa uğrayır. Necə ki keçən ilin noyabrında bizim mövqelərimizə hücum edən helikopter məhv edildi. Bu ilin sentyabr ayında böyük itkilər verdilər və hər dəfə biz onların cəzasını verəcəyik.
Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən əhəmiyyətsiz deyil. Məsələ beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq. Biz isə iqtisadiyyatımızı gücləndiririk, ordumuzu gücləndiririk və istənilən vaxtda lazımi tədbirləri də görəcəyik”.
Ötən ay ermənilərin təxribatçı hərəkətlərinin qarşısını alan ordumuz düşmənə vurduğu zərbələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib, indi də qorxu və vahimə içindədir. Səbri tükənən xalqımız, öz doğma yurdlarından didərgin salınmış insanlarımız da hərəkətə keçib, ömürboyu Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıları torpaqlarımızdan çıxarmağı tələb edir. Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq və ədalətin tərəfimizdə olduğunu sübut edir. Ölkə rəhbərliyinin apardığı uğurlu siyasət deməyə əsas verir ki, Azərbaycan ən qısa vaxtda öz torpaqlarını işğaldan azad edəcək.
Elnur
HACALIYEV,
Azərbaycan.- 2015.- 16 oktyabr.- S. 1.